Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yenə dünyanı güldürməyi bacardı: Türkmənistanda daha bir qadağa
Yenə dünyanı güldürməyi bacardı: Türkmənistanda daha bir qadağa

Türkmənistan bizi həmişə təəccübləndirməyi bacarır. Burada zamanla əhaliyə müxtəlif qadağalar tətbiq edilir. Bu dəfə maska yasağına heyrətlənməli olacağıq.

Bizimyol.info xəbər verir ki, Türkmənistanın paytaxtı Aşqabadda yeni qadağa ilə bağlı əhaliyə xəbərdarlıq olunub. Daha qara maska taxmağa icazə verilmir. Polis belə maskadan istifadə edənləri küçədə saxlayır. Həmin şəxslər yerində cərimə olunur.

Ölkədə gizli fəaliyyət göstərən müstəqil media yazır ki, qara maskada görünən şəxslər 50 türkmən manatı (təxminən 15 dollar) cərimə ödəməyə məcbur edilir. Yetərincə böyük məbləğdən söhbət gedir. Çünki Türkmənistanda məvaciblər yüksək deyil. Maraqlıdır ki, ictimai yerlərdə maskasız görünməyə görə cəmi 21 türkmən manatı cərimə ödəmək lazım gəlir.

Küçədə polislə mübahisə etməyin mənası yoxdur. Etiraz edənləri birbaşa bölməyə aparırlar. Buna görə də paytaxt sakinləri cəriməni ödəmək məcburiyyətində qalır.

Qara maska “ov”u məktəblərdə də həyata keçirilir. Tələyə düşən şagirdlərin valideynləri təhsil ocaqlarına çağırılır. Onlardan 50 türkmən manatı tələb olunur.

2021-ci ilin dekabrından Aşqabad yol polisi əməkdaşları sürücülərdən yalnız ağ maska taxmağı tələb etməyə başlamışdı. Türkmənistanda tünd rənglərə qarşı onsuz da soyuq münasibət var. Prezident Qurbanqulu Berdımuhəmmədovun ağ rəngə sevgisi ölkədə daha əvvəl də qəribə bir qadağaya yol açıb. Avtomobillərin az qala hamısı açıq rənglərdədir. Əksəriyyət ağ rəngdə maşın sürməyə vadar olunur.

Yoluxmalar yayılmağa başlayanda Türkmənistanda bununla bağlı danışmaq qadağası müşahidə edilirdi. Maska taxanlar cəmiyyətdə panika yaratmaq cəhdində ittiham olunurdu. Buna görə hətta inzibati cəza ilə üzləşmək mümkün idi. 2020-ci ilin iyulunda Dünya Səhiyyə Təşkilatının nümayəndələrinin Türkmənistana səfəri vəziyyəti bir az dəyişdi. Bundan sonra sanitar qaydalara əməl olunmaq çağırışları eşidilməyə başlandı. İnsanlara maska taxmaq tövsiyə olundu.

Türkmənistanda hələ də hökumət səviyyəsində xəstəliyin ölkədə yayılması təsdiq olunmayıb. Ekspertlər Orta Asiya dövlətində yoluxma səviyyəsinin yüksək olduğunu bildirir.

Qurbanqulu Berdımuhəmmədov vaxtaşırı gülüş və heyrət doğuran qərarları ilə gündəmə gəlir.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »