Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Navalnı: “Məni öldürsələr, təslim olmayın”
Navalnı: “Məni öldürsələr, təslim olmayın”

Rusiya müxalifətinin lideri Aleksey Navalnı bir ildən çoxdur həbs həyatı yaşayır. “Sundance” festivalında “CNN Films” və “HBO Max”ın onun haqda birlikdə çəkdiyi sənədli filmin premyerası baş tutub. Filmin Rusiyada göstərilib-göstərilməyəcəyinə hələ aydınlıq gəlməyib. Burada Navalnının 2020-ci ildə sui-qəsdə məruz qalmasından, zəhərlənəndən sonrakı müalicə dövründən, əqidə yoldaşlarının, jurnalistlərin cinayətkarları tapmaq cəhdindən bəhs olunur.

Bizimyol.info xəbər verir ki, Navalnı həbsdən əvvəl “Putinin sarayı” adlı film hazırlamışdı. Ekran nümunəsində Rusiya prezidentinin necə böyük sərvət toplamasından, çevrəsindən, krallara layiq sarayından danışılırdı. “Navalnı” filmi də müxalifət liderinin Putin haqda danışdığı otaqda, elə həmin yerdə əyləşməsi kadrı ilə başlayır. Rejissor Daniel Roer soruşur ki, “birdən sizi öldürərlər, rusiyalılara hansı mesajı çatdırmaq istərdiniz?” Navalnı “yox, belə davam etməyəcək” cavabını verir. Müxalifət lideri deyir ki, ölsə, çox darıxdırıcı film alınar: “Məşhurlaşdıqca başa düşdüm ki, məni öldürmək onlar üçün çətinləşir”.

Filmdə Tomskda Navalnının çəkdiyi kadrlar da yer alıb. Bunu tamaşaçılar ilk dəfə görür. Navalnı ora korrupsiya barədə çəkməyə getmişdi. 2020-ci ilin avqustun 20-də Moskvaya uçan təyyarəyə minmişdi. Yolda halı xarab olmuşdu. Təyyarəni Omskda yerə endirməyə məcbur qalmışdılar.

Həyat yoldaşı Yuliya danışır ki, Alekseyi palataya aparanda orada onun həyatına son qoyulacağını düşünürmüş. Sonra ərinin yanına keçə bilib: “Palataya girəndə başa düşdüm ki, vaxtı uzadırlar, Alekseyin ölməyini gözləyirlər. Onu götürüb buradan uzaqlaşmalıydım”.

Navalnının Almaniyaya getməsi, orada “Şarite” klinikasında müalicə prosesi filmi çox maraqlı edib. Sonradan Aleksey mübarizə aparıb həyata qayıdacaqdı. Hətta sui-qəsdi həyata keçirənlərə zəng vuracaqdı.

Filmin sonunda Navalnının rejissorla söhbəti davam edir. “Putinin məhbusu” deyir: “Məni öldürsələr, təslim olmayın. Öldürmək qərarına gəliblərsə, deməli, çox güclüyük. Nəcib insanların hərəkətsizliyi şərin təntənəsi deməkdir. Ona görə də hərəkətsiz qalmaq olmaz”.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »