Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Hər işi son ana saxlamaq sonumuza çıxa bilər
Hər işi son ana saxlamaq sonumuza çıxa bilər

Pandemiya ölkəmizdə yayılan gündən hamımıza bir daha aşkar oldu ki, biz xalq olaraq, hər işimizi son ana saxlamağı sevirik.

Çünki koronavirusun ilk yayıldığı gündən bəri media qurumları, televiziya kanalları, həkimlər, elm insanları dəfələrlə peyvəndlənmənin vacibliyini, bu vəziyyətdən çıxışın yalnız vaksinasiya prosesi olduğunu qeyd etsələr də, çox adam ilk addım atmaq istəmədi. Vaksinasiya prosesi ilə bağlı müxtəlif şayiələr, əsassız iddialar səsləndirilməyə başlandı. Lakin xeyli müddət keçdikdən sonra bir çox müəssisələr, iş yerlərində Covid pasportu tələb olunan zaman hər kəs anladı ki, yalnız bir çıxış yolu var. O da ki, peyvəndlənmə prosesidir. Bu zaman isə xəstəxana, poliklinika qapılarında ucsuz-bucaqsız növbələr yarandı. Xəstəliyin pik həddə çatdığı bir vaxtda hər kəsin peyvəndlənməni son günə saxladığı üçün olmazın problemlər yaşandı.

İndi də bilirsiniz ki, yeni qayda tətbiq olunub və xeyli müddət əvvəldən  dövlət qurumları tərəfindən məlumat verilib ki, ikinci dozadan 6 ay sonra qoruyucu immunitetin səviyyəsinin azalmasını nəzərə alaraq, bədənin anticisimlərini yenidən yüksək səviyyəyə çatdırmaq üçün gücləndirici doza qəbul olunmalıdır. Bu səbəbdən də ikinci dozasından 6 ay keçmiş şəxslərin “Peyvənd sertifikat”ları fevral ayının 15-dən etibarsız hesab ediləcək.

Bu səbəbdən də ötən proseslərdə yaşadığımız çətinlikləri yaşamamaq, virusa yoluxma riskimizi artırmamaq üçün “fevralın 15-nə hələ ki, vaxt var” deyib, oturmağın zamanı deyil. Hər kəs öz üzərinə düşən məsuliyyəti yerinə yetirməlidir ki, bu bəladan tez bir zamanda canımızı qurtaraq və 2 il əvvəlki dünyamızı geri qaytaraq.

Leyla Mirzə, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »