Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Nikah pozulan zaman azyaşlı uşaqlar kiminlə qalmalıdır?
Nikah pozulan zaman azyaşlı uşaqlar kiminlə qalmalıdır?

Bir neçə gün öncə Apellyasiya Məhkəməsinin qərarı ilə müğənni Mətanət İsgəndərlinin keçmiş gəlini Aynur Həmidovanın (Canana) uşaqları ona qaytarıldı. Xatırladaq ki, müğənninin oğlu Kərimlə gəlini Canana 2020-ci ildə ayrımışdı. Cütlüyün bu nikahdan 3 övladı vardı. Ötən ilin sonu isə, Binəqədi Rayon Məhkəmənin qərarı ilə 3 uşaq Cananadan (Aynur Həmidova) alınaraq ataları Kərimə verilmişdi. Uşaqları aldıqdan bir müddət sonra isə, Kərim yenidən ailə həyatı qurmuşdu. Bu müddətdə isə, Canana uşaqların ona verilməsi üçün Apelyasiya məhkəməsinə müraciət etmişdi.

Ara-sıra nikahın pozulması zamanı azyaşlı uşaqların anadan alınaraq ataya verilməsi halı qarşılaşırıq. Bu nikahın pozulmasını istəməyən kişilərin manipulyasiya üsulu olsa da, təəssüf ki, bəzi məhkəmələr və hakimlər bu manipulyasiyanın həyata keçirilməsinə imkan yaradır. Uşaqlar anadan alınaraq ataya verilir. Sonradan ata evlənir və ya uşaqlar “ögey” ana himayəsində olur, ya da ən yaxşı halda nənələri ilə yaşamağa məcbur qalır.

Azərbaycan qanunvericiliyinə görə, nikah pozulan zaman azyaşlı uşaqlar kiminlə qalmalıdır?

Hüquqşünas Məmməd Səlimov Bizimyol.info saytına açıqlamasında bildirib ki, nikah məhkəmə üsulu ilə pozulursa, ər-arvad uşağın kimdə qalması ilə bağlı razılığa gələrək məhkəməyə qərarlarını bildirə bilərlər. Əgər belə bir razılıq yoxdursa, o zaman məhkəmə uşaqların kimin yanında qalması ilə bağlı qərarı özü verir. Bu zaman uşağın mənafeyi əsas götürülür. Uşaqların qardaş-bacısına, və yaxud valideynlərdən birinə olan bağlılığı, valideynlərin şəxsi keyfiyyətləri, əxlaqi davranışları, həyat tərzi, uşağın inkişafı üçün şəraitin yaradılması və ən əsas uşağın yaşı əsas götürülür.

“Təcrübələr sübut edir ki, uşaqlar əksər hallarda anaları ilə qalır. Bu zaman uşağın yaşı əsasdır. Azyaşlı uşaq müəyyən hallar istisna olmaqla anadan alına bilməz. Müəyyən hallar yəni ananın uşağı böyüdüb tərbiyə edəcək imkanlarının məhdud olması deməkdir.

Yəni ananın psixi xəstəliyi yoxdursa, narkomaniyadan əziyyət çəkmirsə, alkoqolizm və digər ağır xəstəlikləri yoxdursa, uşaqla qəddar rəftar etmirsə, uşağa qarşı psixi və ya fiziki zorakılığa yol vermirsə, uşaq anadan alına bilməz. Əgər bu halların heç biri yoxdursa və uşaq anadan alınırsa, burada verilən qərarın tərəfsiz olduğuna şübhə ilə yanaşmaq və yüksək instansiyaya müraciət etmək lazımdır” - deyə hüquqşünas bildirib. Onun sözlərinə görə, nikah pozulması zamanı 10 yaşından böyük uşaqların fikri alınmalıdır. Uşaq, özü hansı valideyni ilə qalacağına qərarı özü verməlidir.

Atalarmızın bir məsəli var. Deyirlər “uşaq anadan yetim qalır”. Yəni ana nəvazişi, ana qayğısı olmayan uşaq yetim kimidir. Bu, həqiqətən də belədir. Ata dayaq olsa da, ananın övladına verdiyi qayğı və sevginin yerini heç nə verə bilməz.

Ümid edirik məhkəmələrimiz də nikah pozulması zamanı uşağı valideynlərə verərkən qərarlarını bundan sonra da ədalətli şəkildə verəcək.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »