Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Qəbir sadə daşdan olmalı, üzərində mərhumun ad-soyadı yazılmalıdır"
"Qəbir sadə daşdan olmalı, üzərində mərhumun ad-soyadı yazılmalıdır"

İnsan dünyasını dəyişdikdən sonra, onun məzarının daş, mərmər və s. hərhansı materialdan olması ölən üçün heç bir əhəmiyyət daşımır. Bəzən məzarlıqlarda ev kimi bəzədilmiş, hündür, 5-6 məzar yerini əhatə edən məzarlara rast gəlirik. Bəzən isə, məzarların üzərində dünyasını dəyişmiş insanın heykəlini elə bir formada düzəldirlər ki, sanki dilə gəlib səninlə danışacaq. Məzarların üzərinə vurulan fərqli fotolar isə, insanı dəhşətə gətirir. Bəzisi sənə kədrli baxır, bəzisi gülümsünür, bəzisi ayaqüstə istehzalı baxışlarla süzür, digəri yemək süfrəsi arxasında yemək yeyə-yeyə sənə baxır.

Bəzən insanlar, sağlığında dəyər vermədikləri şəxslərə öldükdən sonra dəbdəbəli məzar daşları düzəltdirirlər. Bu çox zaman vicdan əzabından irəli gəlir. Ölüm elə bir prosesdir ki, yaxınını itirən şəxs ən az 3 il özünü toplaya bilmir. Elə düşünür ki, hər gün məzar başına gəlməklə, ikimərtəbəli məzar tikdirməklə öz vicdanını rahatlada biləcək. Bəziləri isə, göstəriş naminə təmtəraqlı məzar daşlarına üstünlük verir. Ki, ətrafdan keçənlər desin ki, “halal olsun, belə oğula”… Yəni, başqasının fikri bizim üçün məzardaşı seçərkən də önəmlidir.

Hardasa 5-6 il əvvəl məzar daşı standartlarının müəyyən edilməsi ilə bağlı qanun layihəsi müzakirə edilirdi. Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin rəhbəri Mübariz Qurbanlı dəfələrlə müsahibələrində təmtəraqlı qəbir daşlarının standartlara uyğun qəbirdaşları ilə əvəzlənməsi və qanun layihəsi ilə bağlı açıqlamalar da vermişdi. Sonradan bu qanun layihəsi qəbul edilmədi. Görünür, o dövrdə Milli Məclisdə oturan deputatlar yaşlarının çox olmasını düşünüb və təmtəraqlı məzar daşı arzu etdikləri üçün bu qanunu dəstəkləməmişdi. Həmin qanun layihəsinə görə, qəbirlər adi daşdan olmalı, baş daşının hündürlüyü 50, sinəüstü daşın hündürlüyü isə 60 sm-i keçməməli idi. Qanun qəbul edilmədi və məsələ birdəfəlik bağlandı.

İlahiyyatçı Ramin Əliyev Bizimyol.info saytına müsahibəsində bildirib ki, məzar daşının dəbdəbəli olması ölən şəxsin varlı və ya kasıb olmasına işarə edir. Yəni insanlar öldükdən sonra belə varlı olduqlarını ətrafa hiss etdirmək istəyirlər. Bu isə, dinimizə görə qadağandır. Bütün məzar daşları eyni ölçüdə, eyni rəngdə olmalıdır. Çünki torpaq eyni torpaqdır. Üzəri nə olursa olsun, altı eynidir.

“Qəbir sadə daşdan olmalı, üzərində mərhumun ad-soyadı yazılmalıdır. Bu, dini baxımdan da belə tövsiyyə edilir. Bahalı başdaşı kimə lazımdır ki? Amma bəzən insanlar başqalarına görə, bahalı başdaşı seçirlər. İslam dinində isə, insan öldükdən sonra, yuyulmalı, kəfənlənməli, cənazə namazı qılınmalı və dəfn edilməlidir. Qeyd edilmir ki, həmin şəxs üçün abidə ucaldılsın. Bu, israfçılıq hesab edilir” - deyə R.Əliyev qeyd edib.

İlahiyyatçı tövsiyyə edir ki, bahalı mzəar daşları üçün ayrılan vəsait ehtiyacı olan insanlara ehsan kimi verilsə, daha yerinə düşər.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »