Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Arxasınca iki qadın “Sən getdin, elə bil dünya boşaldı” deyirdi... - İslam Rzayevi anırıq
Arxasınca iki qadın “Sən getdin, elə bil dünya boşaldı” deyirdi... - İslam Rzayevi anırıq

O, evin tək oğlu idi. Atası 1941-ci ildə müharibəyə gedib, geri qayıtmamışdı. Bibiləri onu çox istəyirdi. Həyatını da elə bibisi yönləndirməyi bacarır. Onu Seyid Şuşinskinin yanına aparır. Xanəndə, balaca İslamın səsini dinləyir və onun Bakıya gətirilməsini istəyir. Bakıya gələn İslam, elə Bakıda da qalır.

İslam Rzayev 11 noyabr 1934-cü ildə Füzuli rayonunun Sərdarlı kəndində dünyaya gəlmişdi. Onu Qarabağ xanəndəlik məktəbinin layiqli davamçılarından hesab etmək olar. O, Asəf Zeynallı adına Azərbaycan Dövlət Musiqi Texnikumunda almış Seyid Şuşinskinin sinfində muğam dəstgahlarını öyrənmişdi. 1976-cı ildə isə, Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirib. Və beləcə İslam Rzayevin həyatında başqa bir səhnə açılır.

Xanəndənin bacısı qızı Arzu Şəmiyeva müsahibələrinin birində danışır ki, İslam Rzayev bir dəfə rəsmi nikahla ailə həyatı qurmuş olsa da, həyatında Tamara adlı qadın hər zaman olub. Xanəndə rəsmi şəkildə Leyla ilə evli olsa da, bütün ömrünü Tamara ilə keçirir. Leyladan bir qızı olsa da, uşaq ürək qüsurlu olduğu üçün çox yaşamır. Sonradan isə, onun övladı olmur. Tamara rəsmi nikahda olmadığı üçün övlad dünyaya gətirmir, Leylanın da övladı olmur.

İslam Rzayev dövrünün musiqiçiləri ilə hər zaman yaxşı ünsiyyətdə olub. Yaqub Məmmədov, Şövkət Ələkbərova, Sara Qədimova və s. ilə yaxşı münasibətləri olub.

1989-cu ildə onun təşəbbüsü ilə, Bakıda ilk Dövlət Muğam Teatrı yaradılır və İ.Rzayev ömrünün sonuna qədər Muğam Teatrının bədii rəhbəri vəzifəsində çalışır. İfa etdiyi muğamlar təkcə onun dövründə deyil, bu gün də sevə-sevə dinlənilir. “Əziz dostum”, “Şirin yuxun olaydım”, “Axtarma məni” ifaları bu gün də hər kəsin zövqünü oxşayır.

İslam Rzayev dürüst, eyni zamanda etibarlı biri idi. Bunun onun dostluqları, ailə və sevgi münasibətlərinə nəzər salanda da görmək olur. Dünyanın 7-dən çox ölkəsində Azərbaycan musiqisini təbliğ edən xanəndə, təzyiq və şəkərdən əziyyət çəkirdi. İnsult da keçirmişdi.

Bu gün dahi sənətkarın Xatirə islam, Rövşən Əziz, Gülüstan Əliyeva kimi tələbələri onun yolunu davam etdirirlər. Deyirlər əvəz edilməz insan yoxdur. Amma etiraf edək ki, biz musiqimizin ahəngini, bu insanları itirdikcə itiririk. Düşünün, nə qədər qəribə olsa da, onların ifalarından on illər keçməsinə baxmayaraq bu gün də, hamı sevə-sevə “Əziz dostum”u dinləyə bilir. “Azərbaycan elləri”, “Bakı bağları. Türkan”, “"Hacı Mail" nağılı”, “Havalansın Xanın səsi”, “Sevil”, “Şur” , “Yenilməz batalyon” , “Yorulmamışam. Rövşən Behcət” filmlərində ifaları yer alıb.

Ömrünün son ilini xəstəliklərlə mübarizə aparan xalq artisti, dahi sənətkar 2008-ci ilin bu günündə, yəni yanvarın 26-da dünyasını dəyişir.

İslam Rzayev dünyasını dəyişdikdən sonra iki qadın, “Sən getdin, elə bil dünya boşaldı” deyib göz yaşı tökürdü. Biri İslamı sevən Leyla, digəri İslamın sevdiyi Tamara...

Allahdan dahi sənətkara rəhmət diləyirik... Ruhu şad olsun!

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »