Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Şəhəri ələ keçirməyə imkan verməyəcəyik” - Ukraynada son durum...
“Şəhəri ələ keçirməyə imkan verməyəcəyik” - Ukraynada son durum...

Postsovet məkanında yenə müharibə rüzgarı əsir. Rusiya Ukrayna ilə sərhəd zolağına qoşun yığıb. NATO-nun şərqə doğru genişlənmək planı Kremli özündən çıxarıb. Rusiya hadisələrin belə gedişi ilə heç cür barışmaq istəmir. Qərb Moskvanın hücumunu gözləyir. ABŞ və Avropa ölkələri diplomatlarına, vətəndaşlarına Ukraynanı tərk etməyi məsləhət görür.

Bizimyol.info xəbər verir ki, Xarkov təhlükə ilə üz-üzə qalan şəhərlərdəndir. Buranı təmas xəttindən cəmi 40 kilometr ayırır. Ukrayna prezidenti Vladimir Zelenski Rusiyanın Xarkovu ələ keçirməyə çalışacağını düşünür. Dövlət başçısının fikrincə, Kremlin rəhbəri Vladimir Putin şəhərin rus əhalisinin təhlükədə olduğunu bəhanə göstərəcək. Moskva belə üsullardan az istifadə etməyib.

Xarkov özünün həmişəki həyatını yaşayır. Küçədə avropalı jurnalistin sualını cavablandıran yeniyetmə oğlan Ukrayna ordusuna güvəndiyini deyir: “2014-cü ildən ordu formalaşdırırıq. Ona çox güvənirəm”.

Aleksey adlı şəhər sakini müharibə təhlükəsinin son 8 ildə onları tərk etmədiyini bildirir: “Haradasa belə həyata alışmışıq. Bir növ həyəcan çemodanını toplamışıq. Bütün sənədlər, kartlar, pullar bir yerdədir. Elə etmişik ki, dərhal götürüb maşına əyləşə bilək”.

Şəhərin müxtəlif yerlərində Vladimir Putinin şəkillərini görmək mümkündür. Onun fotosunda üzünü eybəcər hala salıblar. Şəkillərdən birində Putini Almaniyanın İkinci Dünya Müharibəsindəki lideri Adolf Hitlerə bənzədiblər.

Xarkovun meri İqor Terexov cəsarətli danışır. O, “şəhəri ələ keçirməyə imkan verməyəcəyik” deyir. Mer təslim olmaq barədə heç düşünmədiyini ortaya qoyur. Zelenski də təxminən bu ruhda çıxış edir. Ukrayna prezidenti təhlükəni yaxşı anlayır, amma döyüşməkdən, vətəni qorumaqdan başqa yol olmadığını hamıya çatdırmağa çalışır.

Xarkovda insanlar bədbinliyə qapılmaq istəmir. Əksəriyyət bilir ki, 40 kilometr o tərəfdə 100 minlik Rusiya ordusu dayanıb. Hər an hücum ola bilər. Amma yaxşı günlərə ümidi də itirmək olmaz. Məğlubiyyət ümid öləndə başlayır.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »