Bu il sentyabrın 30-da polis əri tərəfindən Nizami rayon Polis İdarəsinin 24-cü polis şöbəsində qətlə yetirilən Xanım Məmmədovanın yaxınları istintaqdan narazı qalıb. Onlar işin təkrar araşdırma üçün prokurorluğa qaytarılmasını tələb edir.
Bizimyol.info xəbər verir ki, Xanım Məmmədovanı qətlə yetirməkdə ittiham olunan həyat yoldaşı - Nizami rayon Polis İdarəsinin Post Patrul Xidmətinin əməkdaşı, polis serjantı İsmayıl Məmmədovun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. O, Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsilə ittiham olunur.
Yanvarın 25-də hakim Səbuhi Hüseynovun sədrliyilə məhkəmənin hazırlıq iclası keçirilib. Hakim bildirib ki, zərərçəkmiş tərəf işin istintaqa qaytarılmasını istəyir. Bu barədə məhkəməyə vəsatət verib. Zərərçəkmişin hüquqi varisi təqsirləndirilən İsmayıl Məmmədova əlavə Cinayət Məcəlləsinin 120.2.2 (xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsilə də ittiham verilməsini tələb edir.
Prokuror buna etiraz edib. Dövlət ittihamçısı bildirib ki, məhkəmə araşdırmalarının gedişində zərurət yaranarsa, belə bir hal üzə çıxarsa, o zaman həll olunası məsələdir. İndiki halda isə işin istintaqa qaytarılmasına ehtiyac yoxdur.
Təqsirləndirilən İsmayıl Məmmədovun vəkili Qanqa İbrahimov da işin istintaqa qaytarılmasına etiraz edib.
“Ali Məhkəmənin Plenum qərarı var. Orada göstərilib ki, qisas almaq məqsədilə, şəxsi münasibətlər zəminində və s. törədilən qəsdən adam öldürmə cinayətləri xuliqanlıq niyyətilə qiymətləndirilə bilməz”,- vəkil bildirib.
Hakimlər zərərçəkmiş tərəfin vəsatətini baxılmamış saxlayıb.
Xanım Məmmədovanın yaxınlarının etirazına baxmayaraq, onun polis şöbəsində qətlə yetirilməsilə bağlı cinayət işinin məhkəmədə araşdırılmasına qərar verilib. Məhkəmə araşdırmaları fevralın 8-dən başlayacaq.
Hadisə 2021-ci il sentyabrın 30-da baş verib. 26 yaşlı Xanım Məmmədova səhər saatlarında bibisi və iki övladı ilə birlikdə polis bölməsinə gedərək, həyat yoldaşı tərəfindən şiddətə məruz qalması haqda ərizə yazıb. Təhqiqatçı qarşı tərəfin izahatını almaq üçün İsmayıl Məmmədovu da bölməyə çağırıb. İsmayıl Məmmədov bölmədə xidməti silahından atəş açaraq, həyat yoldaşını qətlə yetirib.
Aytən, Bizimyol.info