Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya Ukraynaya girməyə cəsarət edəcəkmi?
Rusiya Ukraynaya girməyə cəsarət edəcəkmi?

Ukrayna ətrafında çox gərgin hadisələrin şahidi olmaqdayıq. Görünən odur ki, Rusiyanın Ukraynaya hər an hərbi müdaxiləsi baş verə bilər.

Bəs bu hücumun hansı formada baş verməsi gözlənilir? Rusiya Ukraynaya girdiyi halda hansı hadisələrin şahidi olacağıq?

Bizimyol.info-nun suallarını cavablandıran siyasi şərhçi Mübariz Göyüşlü açıqlaması zamanı bildirib ki, bu, bir neçə formada baş tuta bilər. Ya Rusiya birbaşa özü müdaxilə etməyib oradakı separatçıların əli ilə hərbi hərəkat başlada bilər, ya da KTMT bayrağı altında Ukraynaya hücum edə bilər.

“Biz Qazaxıstan hadisələrində bunu gördük. Düşünürəm ki, Qazaxıstan hadisələri də Rusiya üçün KTMT-nin hərəkətlənməsi ilə bağlı bir məşq rolunu oynamış oldu. İlk dəfə idi ki, KTMT belə bir addım atırdı.

Ukraynanın durumu hazırda çox gərgindir. Düzdür, ABŞ, Avropa ölkələrinin Ukraynaya dəstək bəyənatları, bu və ya digər formada addımlarını müşahidə edirik. Açıq deyək ki, biz, İkinci Qarabağ müharibəsi zamanı bu qədər dəstək görmədik. Avropa dövlətlərindən bəziləri hətta bizə qarşı çıxış etdilər. Ukraynada isə biz bunun tam tərsini görürük. Çox ciddi dəstək var. Amma bu dəstək verən ölkələrin qoşunlarının Ukrayna ilə birgə Rusiyaya qarşı döyüşəcəyi inandırıcı deyil. Heç bir zaman nə Amerika, nə Avropa, nə də hər hansısa bir ölkə Ukraynaya görə Rusiya ilə açıq şəkildə qarşıdurmaya getməyə cəsarət etməz. Ancaq ən yaxşı halda sanksiyalar tətbiq edilə bilər.

Biz Gürcüstan hadisələrində də bunu gördük. Rusiyanın hücumu zamanı qoşunlar Tiflisin 60-70 km-liyinə qədər gəlib çıxmışdı. Bəyanat verən dövlətlərin heç biri isə Gürcüstana kömək etmədi və ya edə bilmədi”.

Siyasi şərhçi bildirib ki, “Rusiya dağılır”, “iqtisadi vəziyyəti çətindir” və s. kimi fikirlər tamailə əsassızdır. “Rusiya dağılmır, ətraf ölkələrdə öz təzyiq və təsir gücünü saxlayır. Baltikyanı ölkələri çıxmaq şərti ilı bütün sovet respublikalarında, MDB ölkələrində Rusiyanın orduları, münaqişə ocaqları var. Rusiya ağır iqtisadi vəziyyətinə baxmayaraq, bu siyasətini davam etdirir. Eyni ilə də Ukraynanı ərazisi olan Kırımı işğal edib. Bəzi bölgələrdə isə separatçı qruplar yaradıb və onları dəstəkləyir.

Ukraynaya hücum edərsə, işğal siyasətini genişləndirərsə, nəticə əlbəttə ki, Rusiya üçün o qədər də yaxşı olmayacaq, sanksiyalar olacaq, iqtisadi vəziyyət daha da çətinləşəcək. Lakin Rusiya imperiya dövlətidir. Belə məsələlər onu çox da işğal, aqressiya siyasətindən çəkindirə bilməz”.

Siyasi şərhçi sonda onu da qeyd edib ki, Ukrayna şərq və qərbə parçalana bilər. Hətta şərq hissəsi Rusiyanın, qərb hissəsi isə NATO, Avropanın təsir dairəsinə düşə bilər.

Leyla Mirzə, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »