Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Mən bu şeiri sənin harana yazım" - Bakı Nəqliyyat Agentliyi milli fəlakətə çevrilib
"Mən bu şeiri sənin harana yazım" - Bakı Nəqliyyat Agentliyi milli fəlakətə çevrilib

Dövlət Yol Polisi qanunsuz park yerlərinə və “parkovşiklərə” qarşı reydlərə başlayıb. Bakı Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli bildirib ki, reydlərdə 1000-ə yaxın sürücü barəsində protokol tərtib olunub. Özünü “parkovşik” kimi təqdim edən 35-ə yaxın şəxs saxlanılıb və onlar müvafiq rayon polis idarələri tərəfindən İnzibati Xətalar Məcəlləsinin 454-cü maddəsi (müəyyən edilməmiş yerlərdə xidmət göstərilməsinə görə) ilə 80 manat məbləğində cərimə ediliblər.

Bilirsiniz ki, Nazirlər Kabinetinin qərarı ilə artıq Bakı şəhərində park etmə ilə bağlı qaydalar və cərimələr dəyişib. Bu işə də birbaşa nəzarəti DYP həyata keçirir. Düzdür, dayanma-durma qaydasının pozulmasına görə, Bakı Nəqliyyat Agentliyi də protokol tərtib edərək cərimə yaza bilir. Amma təəssüf olsun ki, polisin səlahiyyətlərinə şərik çıxan bu qurumun son zamanlar elə fəaliyyəti bundan ibarətdir: Cərimə yazmaq, vəssalam! Bu qurumun əməkdaşları özlərini bu istiqamətə kökləyib ki, əsas fəaliyyət növünün nə olduğunu unudublar.

Mətbuat xidməti sorğuya, telefona cavab verə bilməyən, rəhbəri hər dəfəsində park yerləri ilə tariflərin olmamasının məsuliyyətini Nazirlər Kabinetinə yükləyən BNA adlı quruma ehtiyac varmı?

Dövlət büdcəsindən maliyyələşən bir qurumun Bakını piyadalar şəhərinə çevirməyə istiqamətlənmiş fəaliyyəti uzun zamandır ki, vətəndaşların narazılığına səbəb olur. Həqiqəti açıb deyəndə, şantaj üsuluna əl atan mətbuat rəhbəri suallara doğru-dürüst cavab verməkdənsə, qurumun yarıtmaz fəaliyyətini pərdələməyə çalışır.

Ölkədə yol hərəkəti qaydalarına polis nəzarət etməlidir.

Yadıma gəlir ki, bir müddət əvvəl bu qanunsuz parkovşiklərlə bağlı yazı hazırlayanda bütün qurumlar məsuliyyəti öz boynundan atmağa çalışırdı. Biri deyir ki, mənim səlahiyyətimdə deyil, biri deyirdi park yerləri BNA-nın səlahiyyətindədir. BNA deyirdi ki, hələ park yerləri və tarifləri müəyyən edilməyib. Yəni top kimi ortalıqda fırlanan qanunsuz park yerləri və parkovşiklər məsələsi həllini tapmayan bir məsələyə çevrilmişdi.

Deyirdilər ki, guya Hacıbala Abutalıbov dövründə müəyyən iş adamları həm park yerlərini müəyyən müddətə icarəyə götürüb və bu gün də həmin iş adamlarının işçiləri haqlı olaraq öz icarəyə götürdükləri yerlərdən icarə haqqını toplayırlar. Bu da vətəndaşların narazılığına səbəb olurdu. BNA, DYP və gözəgörünməz qüvvələr arasında qalmış bir məsələ birbaşa vətəndaşın cibinə girirdi. Bu məsələdə vətəndaşdan başqa hər kəs qazanırdı.

İndi vəziyyət dəyişəcəkmi? Dəyişə bilər, amma dayanma-durmaya görə cərimə yazmaq səlahiyyəti BNA-dan alınsa. Çünki bu gün ölkədə vətəndaş BNA-nın fəaliyyətini qəbul etmir, dayanma-durmaya görə tətbiq edilmiş məbləği ödəmək istəmir. Bunun səbəbi isə, BNA-nın haqsız olaraq tətbiq etdiyi protokollardır. Yəqin hamınız sosial şəbəkələrdə görmüsünüz, polis yol hərəkəti qaydalarını pozduğuna görə hərhansı bir avtomobili saxlayır. Bu zaman BNA-da fürsətdən istifadə edib dayanma-durmaya görə cərimə tətbiq edir.

Vətəndaş nə etməlidir?

BNA o zaman cərimə tətbiq etməyə haqlı olar ki, şəhərin küçələrində park etməyə xüsusi park yerləri olsun. Heç bir vətəndaş ağlını itirməyib ki, park yeri olduğu halda avtomobilini yolun kənarında saxlayıb getsin. Deyirlər, indi yol kənarında saxlayanlar da 40 manat cərimə ediləcək. Bilirsiniz ki, əvvəl bu məbləğ 20 manat idi. Biz əvvəldən qayda pozuntusuna görə, polisə açıqlama verib cəriməmizi də DYP-ə ödəmişik, bizə BNA lazım deyil. Təkcə park məsələsində deyil, ümumiyyətlə heç bir sahədə BNA-ya ehtiyacımız yoxdur. Yollara avtobus zolaqları çəkdirdilər, nəzarət yox, velosiped yollarını avtomobil yollarını darlaşdıraraq çəkdilər, təsiri yox. Sanki hər kəs velosiped sürürmüş kimi...

"Deyirsən səm mənə indi şeir yaz,

Mən bu şeiri sənin harana yazım,

Nə qara qaşın var, nə qara gözün,

Elə bir yer göstər, orana yazım"... - Bu şeir BNA-nın fəaliyyətinə nəzərən yazılıb sanki... Yazılmalı bir yerləri qalmayıb daha...

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »