Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Fala baxdıranın, falçıya inanmasa belə, qırx gün namazı qəbul olunmaz"
"Fala baxdıranın, falçıya inanmasa belə, qırx gün namazı qəbul olunmaz"

Tarix boyu insan başına gələnləri, gələcəkdə onu nə gözlədiyini, nə yaşayacağını bilməyə can atıb. Buna görə də, müxtəlif zamanlarda kahinlərə, falçılara, mollalara, cadugərlərə inanıb, öz istəklərini həyata keçirmək və daha xoşbəxt yaşamaq adına bu insanlara pul xərcləyiblər. Falçılara inananlar arasında Azərbaycanlı məmurlar və digər tanınmışlar, eləcə də iki milyona yaxın pul xərcləyənlər də var.

Bu yaxınlarda Kürdəmir rayonunda bir qadın fala baxmaq adı ilə insanları aldadaraq pullarını və qızıllarını mənimsəyib. Ancaq mənimsədiyi pulları yemək qadına qismət olmayıb, polis tərəfindən saxlanılıb. Sonradan məlum olub ki, bu qadın dilənçiliklə məşğul olub və dəfələrlə həbsdə də olub.

Bəs dinimiz fala və falçıya inanmağı necə dəyərləndirir?

İlahiyyatçı Ramin Əliyev Bizimyol.info saytına açıqlamasında bildirib ki, qəhvə falı və əl falı batil inanclardır. Bu barədə hədislərdə də qeyd edilib: “Falçının, cadugərin sözlərinə inananlar Qurani-Kərimə inanmamış hesab edilir. Fala baxdıran, falçıya inanmasa belə, qırx gün namazları qəbul olunmaz. Cadugərlərin sözlərinə inanmaq, düzgün çıxsa belə Allahdan başqa birinin hər şeyi bildiyinə inanmaq hesab edilir və günahdır. Cadu öyrənmək, öyrətmək, hətta müsəlmanlara faydalı olsa belə günah hesab edilir. Xeyirli bir iş üçün cadu batil etmək, cadu etmək günahdır. Hədislərdə qeyd edilir ki, cadu edən, etdirən və buna inanlar bizdən deyildir”.

İlahiyyatçı bildirir ki, bürclərə görə fala baxmaq da günah hesab edilir. Belə ki, əgər insan xarakterləri bürclərə görə müəyyənləşmiş olsaydı, yer üzündə 12 fərqli xarakterli insan olardı.

Bəzən bir bürc altında doğulan insanlar alim, müəllim və ya oğru, dələduz ola bilər. Yəni bürclər də insanların həyatında rol oynamır.

İlahiyyatçı qeyd edir ki, fala baxan da, baxdıran da tövbə etməlidir.

Qanunvericiliyə gəldikdə isə, bu Cinayət Məcəlləsinin 178 (dələduzluq) maddəsi ilə tənzimlənir. Dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə, yüz manatdan yeddi yüz manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Təbii ki, dələduzluq zamanı külli miqdarda zərər vurulduqda cəzalar da dəyişir.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »