Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ekologiya Nazirliyi: "Tovuzda ov edən xarici turistlər barədə tədbir görüləcək"
Ekologiya Nazirliyi: "Tovuzda ov edən xarici turistlər barədə tədbir görüləcək"

Sosial şəbəkələrdə səhifələrin birində xarici turistlərin Tovuz rayonunda ov etmələri ilə bağlı məlumatlar paylaşılıb, video görüntülər, fotolar yer alıb.

“Tovuzda xarici turistlərin qanunsuz ov etdiyini iddia edirdik. ETSN elə reaksiya verdi ki, sübut elə. Elə bil bunlar cinayətkardır, biz ittihamçı və mütləq biz sübut etməliyik. Əgər iddia ediriksə, indiyə qədər az qala hər dəfə haqlı olduğumuzu nəzərə alıb əziyyət çəkin, ofisdən tərpənin, gedin baxın. Ya da kimə və ya nəyə icazə vermisinizsə, yaxşı bilirsiniz. Bu da sübutları. Həmin ov düşərgəsinin iştirakçısı bəzgək ovlayıb. Qırmızı kitaba düşən canlıların ovu cinayət məcəlləsi ilə tənzimlənir. Buyurun, cinayət işi açın”,- deyə səhifədə qeyd edilib. Bildirilib ki, turistlərə “şəkilləri paylaşmayın” deyildiyi üçün onlar da ölkəni tərk edən günü paylaşıblar.

Səhifədə qeyd edilir ki, Qırmızı kitaba düşən heyvanların ovu ancaq Cinayət Məcəlləsi ilə tənzimlənir, İnzibati Xətalar Məcəlləsi ilə deyil.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova jurnalistlərin sorğusuna cavab olaraq bildirib ki, yayılan görüntülərdən xəbərdardırlar: “Sosial şəbəkədə yayılan foto və video görüntülərdən xəbərdarıq. Məsələ ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidməti tərəfindən araşdırma aparılır. Araşdırmanın nəticəsinə uyğun olaraq qanuna uyğun tədbirlər görüləcək, qanun pozucularının cərimələnməsi həyata keçiriləcək”.

İradə İbrahimova İradə İbrahimova

Qeyd edək ki, Azərbaycan Respublikasının “Qırmızı kitab”ına və Beynəlxalq Qırmızı Siyahıya adları düşmüş quş və heyvanların ovuna icazə verilmir. Məlumat üçün bildirək ki, quşlardan turac, ərsindimdik, fısıldayan qu, qızılqaz, talış qırqovulu, mərmər cürə, bəzgək, dovdaq, Qafqaz uları, tetra, heyvanlardan ceyran, maral, cüyür, köpkər, qarapaça, qonur ayı, bəbir və digərlərinin ovu qadağandır.

Xatırladaq ki, Nazirlər Kabinetinin “Heyvanlar aləminin mühafizəsi və istifadəsi sahəsində dövlət nəzarətinin həyata keçirilməsi qaydaları", "Heyvanlar aləmindən istifadəyə görə ödəmələrin növləri, dərəcələri, tətbiq edilmə qaydaları və qeyri-qanuni heyvan ovuna cərimələr" və "Heyvanlar aləmi obyektlərindən istifadəyə görə ödənişlərin və qeyri-qanuni vəhşi heyvan ovuna görə cərimələrin istifadəsinə dair Təlimat”ın təsdiq edilməsi ilə bağlı 2004-cü ildə verdiyi qərara görə, Azərbaycan Respublikasının "Qırmızı Kitabı"na, Beynəlxalq Təbiəti Mühafizə İttifaqının "Qırmızı Siyahısı"na düşmüş və digər nadir vəhşi heyvan növlərinin (yarımnövlərinin) tutulmasına və ya ovlanmasına yalnız elmi və dövlət reyestrinə daxil edilmiş zooloji kolleksiyaların zənginləşdirilməsi məqsədi ilə icazə verilə bilər. Həmçinin qərarda bildirilib ki, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən vəhşi heyvanların (Azərbaycan Respublikasının “Qırmızı Kitabı”na və Beynəlxalq Təbiəti Mühafizə İttifaqının “Qırmızı Siyahısı”na düşmüş vəhşi heyvan növləri istisna olmaqla) ovlanmasının (tutulmasının) qiyməti və ov qənimətinin bu qərarla müəyyən edilib. Qərara görə, Azərbaycan Respublikasının “Qırmızı Kitabı”na və Beynəlxalq Təbiəti Mühafizə İttifaqının “Qırmızı Siyahısı”na daxil edilmiş vəhşi heyvan növlərinin qeyri-qanuni ovu üçün təbiətə dəymiş ziyana görə cərimələr qıvrımlələk qutan 550 m, çəhrayı qutan 550, ərsindimdik 550, bəzgək 330 manatdır. Cərimə məbləğləri ilə ətraflı bu keçiddən tanış ola bilərsiniz.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »