Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiyada dollar satışını dayandırıblar
Rusiyada dollar satışını dayandırıblar

Rusiya-Ukrayna savaşının başlama ehtimalı çox yüksəkdir. Belə olmasaydı, Qərb dövlətləri vətəndaşlarına Ukraynanı tərk etməyi məsləhət görməzdi. Rusiya hər an qonşusuna hücum edə bilər. ABŞ bunu nəzərə alaraq diplomatlarına Ukraynadan çıxmağı tövsiyə edir.

Bizimyol.info xəbər verir ki, Rusiyada dollar satışını dayandırıblar. Ölkənin Mərkəzi Bankı uyğun qərar verib. Qərarın verilməsində əsas səbəb kimi pul-kredit qurumlarının hərəkətlərini proqnozlaşdırmaq imkanlarını artırmaq, maliyyə bazarlarında volatilliyi, yəni kəskin enmə və yüksəlməni azaltmaq məqsədi göstərilib.

Yanvarın 24-də rubl 2020-ci ilin noyabrından bəri ən aşağı məzənnəni görüb. Dollar 79 rubldan baha satılmağa başlayıb. Avronun məzənnəsi 90 rubla yaxınlaşıb. Yanvarın 25-də də fərqli göstəricilər qeydə alınmır. Rubl ağır günlərini yaşayır. Rusiya Mərkəzi Bankı isə çıxış yolunu məhdudiyyətlərdə görür.

Maliyyə bazarlarında baş verənlər vəziyyətin yaxşı olmadığını göstərir. İnvestorlar müharibənin olacağına inanır. Buna görə çox ehtiyatlı davranırlar. Ayrı-ayrı dövlət şirkətlərinin səhmləri müəyyən qədər dəyər itirib. Müharibə küləkləri əsdikcə prosesin hələ davam edəcəyi gözlənilir.

Rusiyada müstəqil iqtisadiyyatçılar vətəndaşların banklardakı əmanətlərinin dondurulması ehtimalı ilə bağlı xəbərdarlıq etməyə başlayıb. Bir müddət əvvəl Mərkəzi Bank buna eyham vurmuşdu. Sonra açıqlama təkzib edilmişdi. Amma iqtisadiyyatçılar bunun təsadüf olmadığını düşünür. Xüsusilə xarici valyutalarla olan depozitlərin bank hesablarından götürülməsi həm rubla, həm də Rusiya iqtisadiyyatına yaxşı heç nə vəd etmir.

“Renessans Kapital”ın analitikləri hesab edir ki, Rusiya Ukraynaya hücum etsə, rubl azı 20 faiz dəyər itirəcək. Yəni dolların şimal ölkəsindəki məzənnəsi 90-ı keçəcək. İnvestisiya strateqi Sergey Suverov daha bədbin proqnozlar verir. Onun fikrincə, Rusiya hücum planını həyata keçirməklə milli valyutasını gözləniləndən də dəyərsiz edəcək.

Xarici investorlar Rusiya bazarından çəkilir. Bir sözlə, savaş qoxuyan yerlərdən qaçırlar. Rusiya Krımı ələ keçirəndə maliyyə bazarlarında məhz indki mənzərə yaranmışdı.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »