Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyədə “kirayə qapıçı” kimi qazanan azərbaycanlı: Pulunu ver, qapını qorusun...
Türkiyədə “kirayə qapıçı” kimi qazanan azərbaycanlı: Pulunu ver, qapını qorusun...

Türkiyənin Antalya şəhərində yaşayan Emil İsrafilov ənənəvi olmayan yolla pul qazanmağa çalışır. Azərbaycanlı gənc həvəskarların futbol oyunlarında pulla qapıda dayanır.

Bizimyol.info xəbər verir ki, Emil İsrafilov hər matç üçün 50-100 lirə aldığını bildirir. Bununla dolanmağa çalışır. Dediyinə görə, Antalyaya 5 ay əvvəl gəlib. Burada çox tanınmadığından yaxşı qazana bilmir. “Instagram”da hesab açıb, beləcə, müştəri toplamağa çalışır.

“Telefon nömrəmi qoymuşam, yazıb oyuna çağırırlar. Həftədə 2-3 oyuna çıxıram. Hələlik çox da tanınmıram. Keçən il Bakıda həftədə 15-20 oyuna çıxırdım. Gündə 2-3 matça çıxmağa alışmışdım”.

Emil İsrafilov 14 ildir futbolla məşğul olur. Əvvəl peşəkar səviyyədə oyunlara çıxırmış. Sonra səhhətində problem yaranıb. Başa düşüb ki, meydan oyunçusu kimi davam edə bilməyəcək. Beləcə, “kirayə qapıçı” karyerası başlayıb.

“Pula ehtiyacım yarananda bu yolla qazanmaq qərarına gəldim. Üzərimə məsuliyyət götürürəm. Əslində, qapıda rahatam. İki ildir kirayə qapıçı kimi tanınıram. Harada nə edəcəyimi bilirəm. Əlbəttə, hər insanın, hər oyunçunun səhvi olur. Çox az səhv eləyirəm. Haradasa heç eləmirəm deyilə də bilər. Çox böyük səhvə yol verəndə pul almıram. Uzağı çağırmazlar, bitib gedər”.

Emil İsrafilov deyir ki, Bakıda daha çox qazanırmış. Üstəlik, çox oyunda qapıya keçməyi də işinə yarayırmış.

“Bakıda bir dəfə oyuna dəvət eləmişdilər. Qələbə qazansaq, 50 manat verəcəkdilər. Qalib gəldik, mən isə heç qol buraxmadım. Çıxarıb 100 manat verdilər. Bəlkə də, həyatımın ən yaxşı oyununu göstərmişdim...”

Azərbaycanlı “kirayə qapıçı” səhvlərini də unutmayıb. Mümkün qədər çalışır ki, ona güvənənlərin etimadını doğrultsun. Doğrultmayıbsa, pula gözünün ucuyla da baxmır.

“Bir dəfə yenə oyuna çağırmışdılar. 50 manat qazanacaqdım. Özümü yaxşı hiss eləmirdim. Çox qol buraxdım. Buna görə çox utandım. Tuta biləcəyim topları buraxmışdım. Axırda pul almadım”.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »