Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bakıda tikinti özbaşınalığı: Vətəndaşlardan pulu alıb binanı yarımçıq saxlayırlar
Bakıda tikinti özbaşınalığı: Vətəndaşlardan pulu alıb binanı yarımçıq saxlayırlar

Bakıda 200-dən çox tikintisi yarımmıq qalmış bina var. Onların sonrakı aqibəti hamı üçün, xüsusilə tikinti başlayan zaman şirkətlərə müəyyən məbləğ ödəyən vətəndaşlar üçün maraqlıdır. Yeni tikili binaları inşa edən bəzi şirkətlərin, MMC-lərin vəzifəli şəxslərinin səhlənkarlığı və işbilməzliyi ucbatından hər il bir neçə tikilməkdə olan çoxmənzilli yaşayış binasında müəyyən problemlər meydana çıxır. Bu problemlərdən ən geniş yayılmışı tikintinin söz verilən vaxtda yekunlaşdırılmaması və mənzillərin 2 və daha artıq şəxsə satılmasıdır. Ölkədə bu istiqamətdə problemlər artıq uzun illərdir ki, mövcuddur və davam edir. Düzdür, son illərdə bu kimi halların azalması müşahidə edilsə də, bu problemlər bəzi binalarda hələ də qalmaqdadır.

İqtisadçı Abbas Məmmədov Bizimyol.info saytına açıqlamasında bildirib ki, tikilən binaların yarımçıq qalması və mənzillərin bir neçə şəxsə satılması halları əsasən bazarda təcrübəsi az olan və ya yeni yaranmış tikinti şirkətlərində rast gəlinir. Yəni əmlak sektorunda uzun illər tanınan və etibar qazanmış şirkətlərdə demək olar ki, bu kimi hallara rast gəlinmir. Bu kimi halların yaranmasının 4 əsas səbəbi var:

  1. İlk olaraq tikinti işini aparan şirkətlərin maddi bazasına nəzarətin və ya hər hansısa bir tələbin olmaması. Məsələn, Nizamnamə kapitalı 100 manatla qurulan bir “XXX MMC” bazar dəyəri milyonlarla ölçülən bir tikilini inşa etməyə başlayır. Yəni, sabah hər hansısa bir problem yarandıqda, bu problemləri həll etmək üçün həmin şirkətin dövlət tərəfindən müsadirə ediləcək heç bir maddi varlığı olmur.
  2. Qanunvericilikdə olan boşluqlar; tikilən binanın layihəsi təsdiqləndiyi zaman tikinti müddətinə dair şirkətə hansısa tələbin qoyulmaması və tikinti prosesinin davamiyyətinə nəzarəti həyata keçirən hər hansısa bir qurumun və ya sanksiya tədbirinin tətbiq edilməməsi.
  3. Tikintisinə başlanılan və ya tikilməkdə olan binada müştərilərə edilən satışların reyestrinin müvafiq dövlət qurumları tərəfindən aparılmaması. İlk növbədə belə bir reyestr işinin təşkil edilməməsi mənzillərin iki və ya daha artıq şəxsə satılması hallarına çox münbit şərait yaradır. Məsələn, belə deyək, 160 mənzillik bir binada 200 mənzilin satılıb-satılmayacağı artıq o şirkətin rəhbərinin vicdanına buraxılır.
  4. Hesablaşmaların əsasən nəğd şəkildə həyata keçirilməsi həm vergidən yayınma hallarına, həm də satılan mənzilin dəyərinin az göstərilməsinə səbəb olur. Bu da məhkəmə mübahisəsi yarandıqda müştəriyə çox böyük maddi zərər vurur.

Ekspert qeyd edir ki, bu binalarda işlər yarımçıq qaldıqdan və mübahisəli mənzillər yarandıqdan bir müddət sonra yaranan narazılıqlar və qanunsuz hallara görə sakinlər tərəfindən müvafiq qurumlara və məhkəmə orqanlarına şikayət edilir. Binanı inşa edən və ya cavabdeh şəxslər ya həbs edilir, ya da problemlərin həll edilməsi üçün onlara fürsət yaradılır. Bundan sonra həmin bina digər böyük tikinti şirkətlərinə rentabelli gəlirsə, onlar tərəfindən alınır və binanın işləri tamamlanır: “Bu, ən yaxşı ssenaridir. Ən pis halda isə bina sakinlərin ümidinə qalır və illər keçsə də, problemləri həll edilməmiş vəziyyətdə qalır. Bu günə kimi Bakı şəhərində bu aqibəti yaşayan onlarla bina var. Tikinti işləri yarımçıq qalmış binada əgər bir mənzil iki və ya daha çox şəxsə satılması halı da varsa, məhkəmə mənzil ilk hansı müştəriyə satılıbsa əmlakın ona məxsusluğunu təsdiq edir. Mənzili sonradan alan şəxs və ya şəxslərsə, nəsə əldə etmədən sadəcə zərərçəkmiş olaraq qalır”.

A.Məmmədov qeyd edir ki, hazırda tikinti bazarında bu kimi halların meydana çıxması ötən illərlə müqayisədə azalsa da, bir xeyli yeni tikilinin problemi hələ də həll olunmamış qalır: “Vətəndaşlara məsləhətimiz odur ki, çoxmənzilli yaşayış binalarında mənzil aldığınız zaman ilk növbədə mənzilin çıxarışının olub-olmamasına diqqət yetirin. Əgər binada hələ də çıxarışlar verilməyibsə, tikinti şirkətinin tanınan və etibarlı şirkət olub-olmadığını araşdırın, əvvəlki layihələri ilə maraqlanın. Belə problemli binalarda qiymətlər öz ərazisinə müvafiq olaraq çox ucuza təklif edilir. Bu məqam da sizi şübhələndirən əsas faktor olmalıdır. Əgər tikinti şirkətləri barədə məlumatınız yoxdursa, bu zaman peşəkar əmlak ekspertlərindən məsləhət alın və ya rəsmi fəaliyyət göstərən əmlak agentliklərinə müraciət edin”.

İlahin, Bizimyol.info

Paylaş »
››› "Sui-qəsddən sonra daha çox təcrid olunub" - Hakimiyyət dəyişikliyi gözlənilir
››› Zelenskidən Putinə açıq hədə: "O, nə baş verdiyini başa düşmür..."
››› Türkiyə siyasətçisindən obrazlı etiraflar
››› Putinin yaxın adamı istintaqda hökumət üzvlərini "satıb"
››› “Azov”un əsirlikdə olan komandirindən xəbər var: "Özü haqqında danışdı və əlaqə kəsildi"
››› İcra başçısı əlili məhkəməyə verib: "Yanğın olsa, otur evdə, FHN gəlib səni qurtarar"
››› "Hər gülləni izləyirlər" - NATO-nun Ukraynaya yardım mərkəzi necə işləyir
Koronavirusa dair informasiya saytı
Son xəbərlər
Bütün xəbərlər »