Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qanunsuz ödəniş toplayan "parkovşik"lərə qarşı reydlərdən nə gözləyək...
Qanunsuz ödəniş toplayan "parkovşik"lərə qarşı reydlərdən nə gözləyək...

Son zamanlar vətəndaşlar tərəfindən avtomobillərin dayanma-durma və parklanması ilə əlaqədar Bakı şəhər Dövlət Yol Polisi İdarəsinə çoxsaylı müraciətlər daxil olub. Qanunsuz ödənişlərin yığılmasına haqlı olaraq etirazlar var. Bu cür hallara qarşı mübarizə aparmaq üçün bütün rayon polis orqanlarının əməkdaşları ilə birgə tədbirlər keçiriləcək.

Bəs bu reydlər effetkli olacaqmı?

Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfər Bizimyol.info saytına açıqlamasında bildirib ki, DYP-nin keçirdiyi reydlər təsirli olacaq. “Vətəndaşlardan qanunsuz şəkildə pul yığan şəxslərə qarşı müəyyən tədbirlər görüləcək. Lakin bununla yanaşı bu tədbirləri daha mükəmməl, daha effektiv etmək üçün Bakı şəhərində mövcud olan, dövlətin balansında olan bütün pulsuz parklama yerlərini, ünvanları, xəritələri cəmiyətə açıqlanmalıdır. Lazım gələrsə, bu parklama yerlərini elektron xəritələri tərtib etməlidir. Hər kəs üçün bu əlçatan olmalıdır. Bütün vətəndaşlar, Bakı sakinləri və Bakıya qonaq gələnlər hamı bilməlidir ki, Bakı şəhərində parklamalar harda yerləşir və avtomobili harada saxlamaq olar. İndiki bu qarışıq vəziyyətdə sürücülər bilmir ki, avtomobili harada saxlamaq olar və ya harada saxlamaq olmaz. Hara pulludur, hara pulsuzdur, harada saxlasalar cərimə olunacaqlar. Yəni bu o qədər qarışıq məsələyə çevrilib ki”.

Eldəniz Cəfər Eldəniz Cəfər

Ekspert bildirir ki, əslində dövlət yol polisinin bugün başladığı reydlər öz nəticəsini verəcək. Onun sözlərinə görə, parklama problemi həll edilməsi 2019-2023 cü illəri əhatə edən dövrlər proqramında da öz əksini tapıb. Həmin programda qeyd olunub ki, 2023- cü ilə qədər Azərbaycanda parklama məsələləri öz həllini tapmalıdır. Eyni zamanda Bakı şəhərində fəaliyət göstərən bütün yaşayış binalarının, ticarət obyektlərinin, digər obyektlərin hər birinin parklama yerləri olmalıdır.

“Parklama yeri mövcud olmayan obyektlərə, yaşayış binalarına qarşı iddia qaldırlmalıdır ki, parklama yerləri mütləq təşkil etsinlər və düşünürəm ki, DYP başladığı bügünki reydlər həmin o dövlət proqramının bir hissədir. Bu, effektli olacaq və ümid edirəm ki, 2023-cü ilə qədər ümumi olaraq tək Bakı şəhərində deyil, Azərbaycanda parklama məsələləri həll olunacaq”,- deyə E.Cəfər bildirir ki, Bakı şəhərində parklama məsələsi daha kəskindir. Çünki paytaxt şəhəri və sənaye şəhəridir. Bakı kiçik turistik şəhər deyil ki, burada piyada hərəkət edəsən və yaxud velosipedlə gəzəsən. Bakı şəhərinin özünə məxsus relyefi, iqlimi var: “Buna görə də, biz Bakı şəhərini kiçik turistik yer hesab etməməliyik. Biz avtomobildən, parklama yerlərindən imtina edib piyada gəzə bilmərik. Bu utopiyadı, absurddur. Bakı şəhərini yalnız müəyyən hissəsi turistik hissələr ola bilər ki, piyada yönündə olsun. Amma ümumilikdə, piyada yönündə şəhər olmayacaq. Şəhərin və ölkəmizin iqtisadiyyatı artdıqca, nəqiliyyat və sairələrin sayı artacaq. Ona görə bugün biz gələcəyə hesablı addımlar atmalıyıq”.

E.Cəfər hesab edir ki, parklama yerlərinin tarifləri də açıqlanmalıdır.

“Pullu olan parklama yerlərində 1 saat 50 qəpik idi, düşünürəm ki, bu məbləğ yenə də qalmalıdır. Bakı şəhərində parklama yerinin qiyməti 1 saat üçün 50 qəpikdən artıq olmamalıdır. Qanuna və qaydalara görə, Azərbaycanda ödənişli parklama yerlərində belə parklamanın 15 dəqiqəsi pulsuzdur. Bu, dövlətin verdiyi qərardır və bizim vətandaşlar bilməlidir ki, hər hansı pullu parklamada saxlamanın 15 dəqiqəsi pulsuzdur” - deyə ekspert bildirib.

Elnur Fərzəliyev Elnur Fərzəliyev

Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev Bizimyol.info saytına açıqlamasında bildirib ki, Bakı şəhərində həddindən artıq normativdən kənar binalar tikilir.

“Yəni, baş plan tam təsdiq olmadan, baş plana uyğun olmayan pərakəndə şəkildə çox sayda yeni tikili binalar və qeyri-yaşayış obyektlər tikilib. Hansı ki, həmin çoxmənzilli binaların birinci mərtəbələrində market və digər qeyri-yaşayış obyektləri kimi fəaliyyət göstərir. Bura gələn vətəndaşlar, məcburən avtomobilləri harasa park etməlidir. Şəhərin digər yerlərində də avtomobil dayanacağı məsələsi ciddi problemdir”.

Ekspert qeyd edib ki, həmin obyektlərin tikintisinə icazə verilən zaman ilk növbədə park yerləri nəzərə alınmalı idi. Həmin binaların əhalisinin və altındakı qeyri-yaşayış obyektlərinə gəlib-gedəcək müştərilərin avtomobillərin sayına uyğun park yerləri olmalı idi.

“Binalar yol kənarında tikilibsə, yoldan kənarda park yerləri olmalıdır ki, vətəndaş gəlib bu cür problemlər yaşamasın. Yəni, vətəndaş gəlib avtomobilini saxlayır və qısa müddətdən sonra vətəndaşa cərimə yazılır. Və yaxud hansısa bir yerdə vətəndaş avtomobili saxlayan zaman kənardan “parkovşiklər” gəlib pul tələb edir. Bu məbləğ 1 manat olsa da, az pul deyil.

Bəzən vətəndaş 5-6 yerdə avtomobilini saxlayıb iş dalınca gedir və hər dəfə bunlara pul ödəyəndə gün ərzində və ay boyunca böyük məbləğ təşkil edir. Həmin “parkovşiklərin” fəaliyyəti ləğv olunmalıdır. Həmin yerlər vətəndaşlar üçün pulsuz park yerlərinə çevrilməlidir”.

E.Fərzəliyev hesab edir ki, paytaxt ərazisində rəsmi park yerləri məhdud saydadır. Olan ərazilər isə, bu “parkovşiklər” tərəfindən zəbt olunub: “Bunların qarşısı alınmalı və vətəndaşlara həmin park yerləri pulsuz xidmət göstərməlidir”.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »