Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Onlar bu addımı çarəsizlikdən atırlar" - Həyatımız necə zəhərə çevrilir
"Onlar bu addımı çarəsizlikdən atırlar" - Həyatımız necə zəhərə çevrilir

Şəhərdə bəzi ərazilərdə, paytaxt ətrafı qəsəbələrdə məişət tullantılarının urnalardan kənarda atılmasına, qalaqlanmasına şahid oluruq. Bəzən həmin ərazilərdə o qədər məişət tullantıları toplanır ki, qoxudan keçmək mümkün olmur. İndi qış fəsli olduğu üçün bu vəziyyət sadəcə görüntünü pozur və sağlamlığa zərər vurur. Yay aylarında isə belə vəziyyət yaşanılan yerlərdə ətrafa üfunət qoxusu da yayılır.

Ekoloq Vaqif Əliyev Bizimyol.info saytına açıqlamasında bildirib ki, belə hallar yaşanılan ərazilərdə vətəndaşlar Ekologiya Nazirliyinə məlumat verməlidir. Çünki bu, qanun pozuntusu hesab edilir.

“Bəzi ərazilər olur ki, həqiqətən təmizliyə fikir verilmir, məişət tullantıları urnalardan kənara atılır və ya qalaqlanır, bəzən də yandırılır. Bunu atan da, yandıran da təbii ki, ərazi sakinləridir. Onlar isə bu addımı çarəsizlikdən atırlar. Təsəvvür edin, bəzən günlərlə tullantılar yığıla bilir. Vətəndaş da görür ki, daşıyan yoxdur və kütləni azaltmaq üçün yandırır. Bu zaman isə, atmosferə zəhərli maddələr atılır. Məişət tullantılarının qalaqlanması da, daşınmaması da, yandırılması da sağlamlıq üçün təhlükəlidir. Həmin ərazilərdə müxtəlif infeksiyalar meydana gələ bilər. Məişət tullantıları yandırılan zaman ətrafa atılan zəhərli qazlar, maddələr nəfəs yolu ilə orqanizmə daxil olur. Yəni bu şəraitdə böyüyən uşağın sağlamlığı təhlükə altında olur. Çünki bu uşaq təmiz hava ilə nəfəs ala bilmir” - deyən ekspert bildirir ki, sonradan bu xərçəng və s. digər xəstəliklərin meydana gəlməsinə səbəb olur. Onun sözlərinə görə, xərçəngə yoluxmanın səbəbləri konkret olaraq tibbə məlum olmasa da, ətraf mühitin çirkliliyi istisna edilmir. Buna görə də, vətəndaşlar bu mövzuda diqqətli olmalıdır. Məişət tullantıları urnalardan kənara atılmamalıdır. Qalaqlanıbsa, aidiyyatı üzrə qurumlara müraciət edib təmizlənməni tələb etməlidirlər. Təmizlənmədiyi təqdirdə, belə tullantılar yandırılmamalıdır. Çünki vətəndaşlar məişət tullantılarının yandırılmasına görə cərimə də edilə bilərlər.

“Amma əsas olaraq, ərazi üzrə bələdiyyələr və müvafiq qurumlar məsuliyyət daşıyırlar” - deyən ekoloq vurğulayıb ki, bu məsələ İnzibati Xətalar Məcəlləsinin 266-cı və 271-ci maddəsi ilə tənzimlənir.

Qeyd edək ki, 2021-ci ildə Daxili İşlər Nazirliyinin Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə keçirdiyi tədbirlər zamanı Bakı şəhərində və Abşeron rayonu ərazisində İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) və 264-cü (su obyeklərinin mühafizə qaydalarının pozulması) maddələrinin tələblərini pozan 23 fiziki, hüquqi və vəzifəli şəxs müəyyən edilərək barələrində müvafiq tədbirlər görülməklə 40 700 manat cərimə tətbiq edilib. Şəhər, rayon polis orqanları tərəfindən ötən il ərzində həyata keçirilən tədbirlər nəticəsində isə İnzibati Xətalar Məcəlləsinin 264-cü (su obyeklərinin mühafizə qaydalarının pozulması), 266.3-cü (məişət tullantılarının tutumlardan (urnalardan) kənara atılması) və 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddələrinin tələblərini pozan 3191 nəfər barəsində inzibati tənbeh tədbiri görülüb ki, həmin şəxslərə tədbiq olunan cərimələr 157 880 manat təşkil edib.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »