Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Böyük Britaniya Rusiyanın qonşuluğuna ordu toplayır
Böyük Britaniya Rusiyanın qonşuluğuna ordu toplayır

Rusiyanın Ukraynaya hücumu gözlənilir. ABŞ Kremli bu addımın baha başa gələcəyi ilə bağlı hədələyir. Böyük Britaniya Kiyevə konkret hərbi yardım etməyə başlayıb. Ukrayna prezidenti Vladimir Zelenski xalqı savaşa psixoloji baxımdan hazırlamağa çalışır.

Bizimyol.info xəbər verir ki, Rusiya-Ukrayna savaşının başlanması ehtimalı böyükdür. Daha çox Vaşinqton və London Kiyevin yanında olduğunu bəyan edir. ABŞ hərbi yardıma hazırdır. Böyük Britaniya isə bir neçə dəfə Rusiyaya qarşı konkret mövqe ortaya qoyub. Avropa ölkəsi hətta şimal dövlətinin qonşularına hərbi qüvvə göndərməyə hazırlaşır.

Böyük Britaniyanın nəzərdə tutduğu ölkələr Rusiya ilə yanaşı, Ukraynanın da qonşuluğunda, yaxınlığında yerləşir. Söhbət Estoniya, Latviya, Litva və Polşadan gedir. NATO üzvləri danışıqlar zamanı məsələni tam müzakirə ediblər.

Böyük Britaniya Estoniyaya 1200 hərbçi göndərəcək. Maraqlıdır ki, gedənlərin hamısı ingilis olmayacaq. Onlardan 300-ü Fransa vətəndaşıdır. Sadəcə, rəhbərlik Böyük Britaniyanın üzərinə düşür. Estoniyada tanklar, zirehli texnika, özü hərəkət edən artilleriya, hava hücumundan müdafiə qurğuları, bundan başqa, mühəndislər və kəşfiyyatçılar da yer alacaq.

Polşada 140 britaniyalı hərbçinin olacağı dəqiqdir. Başqa ölkələrə də yetərincə hərbi qüvvə göndəriləcək. Böyük Britaniyanın Müdafiə Nazirliyi Şərqi Avropada missiyanı gücləndirməyi planlaşdırdığını açıqlayıb. NATO-nun baş katibi Yens Stoltenberq də alyansın bura qüvvə cəlb etmək istəyini dilə gətirib.

Bir neçə gün əvvəl Böyük Britaniyanın Müdafiə naziri Ben Uolles Ukraynaya dəstək ifadələri işlətmişdi. O, Şərqi Avropa ölkəsində tank əleyhinə müdafiə sistemi yerləşdirəcəklərini demişdi.

Rusiya Ukrayna ilə sərhədə 127 min nəfərlik qoşun yığıb. Kreml ilkin mərhələdə qonşu ölkənin vacib obyektlərini sıradan çıxarmağı planlaşdırır.

ABŞ Rusiyanın Ukraynaya hər an soxula biləcəyini bəyan edir. Dövlət katibi Entoni Blinken bunun Kreml üçün yaxşı nəticələnməyəcəyini deyib. Rusiyanın Xarrici İşlər naziri Sergey Lavrov isə ABŞ-ı düşmən mövqe sərgiləməyə görə cəzalandıra biləcəklərini iddia edib.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »