Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qazaxıstan inqilabının “rəng”i
Qazaxıstan inqilabının “rəng”i

Qazaxıstanda baş verən məlum hadisələrdən belə görünür ki, ölkənin qurucusu Nazarbayev işlər belə getsə Qazax xalqının nəzərindən yavaş-yavaş deyil, deyəsən, lap elə sürətlə düşəsi olacaq. Hazırki dövlət başçısı Nursultanın əziz xələfi, cənab Tokayevə qarşı Qazax xalqının münasibəti heç də yaxşı deyil. Deyərdim ki, Tokayevi "elektrik kreslosunda" “toka versələr” belə, xalqın durmadan artan qəzəbinin azalacağını gözləmək sadəlövlük olar.

SSRİ dağıldıqdan sonra, Qazaxıstana rəhbərlik edən Nursultan Nazarbayevin haqqında müxtəlif fikirlərin və şayiələrin yerli və xarici mediada yer alması, istər ölkə daxilində, istərsə də ölkə xaricində birmənalı qarşılanmır.

Siyasi şərhçilərin Qazaxıstanda baş vermiş iğtişaşlarla bağlı fikir və mülahizələri təhlil edərkən, onların bir çoxunun gəldiyi nəticə yumşaq desək məntiqdən uzaq idi.

Siyasi şərhçilərin məntiqlə uzlaşmayan fikirləri, əsasən 20 yanvarda ordunun (rus ordusunun) Bakıya çağırılmamış (əslində məlum şəxs tərəfindən çağırılmış) şəkildə yeridilməsi ilə oxşar müqayisəli fikirlərin səslənməsi doğru deyil.

Doğru olmayan odur ki, 20 Yanvar qırğınından əvvəl, hələ dağılmamış SSRİ-də Kremlin "xeyir-duası" ilə ölkənin ayrı-ayrı şəhərlərində "sınaq imtahanlar"ı keçirilmişdi. Aparılan eksprimentlərin coğrafiyası da fərqli idi. Əvvəlcə, Alma Atada iğtişaşlar baş verdi. Ardınca, Fərqanə hadisələri, Tiflis və Vilnüsdə əhaliyə qarşı ordu(?!) tərəfindən odlu silahla atəş açılması və nəhayət, ən dəhşətlisi Bakıda dinc şəhər əhalisinin qətlə yetirilməsi ilə 20 Yanvar qırğını və faciəsi baş vermiş oldu.

Həmin tarixi dövrdə, İttifaq tərkibində olan 15 respublikanın heç biri mərkəzdən idarə olunan ordunun gücü ilə təhlükəsizlik orqanlarının əvvəlcədən hazırlanmış ssenarilərinin qarşısını almaqda sözügedən ölkələr aciz görünürdülər.

Bəzi siyasi şərhçilər inişil Fransada "sarı jiletli"lərin 55 həftə ardıcıl davam edən, ölkənin paytaxt da daxil olmaqla 40-dan artıq şəhərində baş tutan, daha çox sosial və siyasi tələblərlə müşahidə olunan kütləvi etirazları, nümayişləri, tətilləri və sair məsələlərin səbəbkarı və baiskarı onların (oxu:bizim "politoloqların") "akademik" düşüncələrinə görə sən demə Amerika imiş.

Halbuki, "Evronyus" telekanalı vasitəsilə Fransanın ayrı-ayrı şəhərlərindən ardıcıl olaraq birbaşa silsilə reportajlar yayımlanırdı. Nümayiş iştirakçılarından alınan eksklüziv müsahibələrdə etirazçılar tələblərini açıq-aşkar söyləyirdilər.

Nümayiş iştirakçıları arasına tibb işçiləri, dəmiryolçular, yanğın söndürənlər, müəssisələrdə iş yerlərini itirənlər, ixtisara düşənlər, işsizlər, əmək haqlarının, eləcə də sosial müavinətlərin çatışmazlığı və s. etirazlarını hökumət qarşısında qətiyyətlə aşkar tələb etdikləri halda, bizdəki bəzi ağzıgöyçəklər isə, "Əşi burda Amerikanın barmağı var" - deməklə məşğul idilər.

Özlərini "politoloq" adlandıran şəxslər çox qəribə və olduqca bəsit fikirlər səsləndirərək Qazaxıstanda baş vermiş hadisələrdə Çin və Amerikanı suçlayırlar.

Bir əsrə az qalıb ki, Amerika əlinin altında olan "azadlıq adası" Kubada özünün dövlət maraqlarını hələ də bu günədək təmin edə bilməyib. Adıçəkilən ölkədə supergücə malik olmasına rəğmən "Amerika hələ də istəklərinə nail ola bilibmi?" sualını bəzi "politoloqlar"a ünvanlamaq lazımdır. Onlar boş vaxtlarında

papaqlarını qarşılarına qoyub dərindən fikirləşərək dünya güclüsünün gücsüzlüyü barədə analitik təhlilli cavabları, fikrimcə ictimaiyyətin də marağına səbəb ola bilər.

Heç kəsə sirr deyil ki, MDB məkanına, eləcə də Orta Asiya regionuna təsir edə biləcək əsas güc sahibi Rusiyadır. Fikrimcə, Qazaxıstanda baş verən iğtişaşlarda hansı məlum ölkənin "rolunun" çox olduğunu eyni ilə təsdiqləməyimizlə, sanki qatığın ağ olduğu fikrini bir-birimizə söyləməklə məşğuluq.

İllər öncə Qazaxıstanda yoxsul şəraitdə yaşayan məhəllələrin birində yanğın hadisəsi zamanı ölən və xəsarət alan sakinlərin mənzil-məişət şəraitinin dözülməz olması faktı ölkə ictimaiyyətində sosial narazılıqla müşayiət olundu.

Mavi yanacağın artan qiymətinə əhalinin xeyli hissəsinin etiraz etməsinə barmaqarası baxanlar, yanlış olduqlarının fərqində deyillər. Bu, ölkə əhalisinin müxtəlif telekanallara verdikləri müsahibələrində görünür, yanacağın artan qiymətinə etiraz əlaməti olaraq küçəyə axışaraq nümayişə qoşulduqlarını etiraf edirlər.

Xaricdən idarə olunan deyilsə də onlar artıq kütlənin arasında istənilən təxribatı, qarşıdurmanı, iğtişaşın miqyasını böyütməklə böyük gücün məqsədinə yetmək və əvvəlcədən planlaşdırılmış maraqlarını çevik olaraq həyata keçirməyə müvəffəq oldular.

Qazax xalqının sadə vətəndaşları ilə yanaşı olaraq, hakimiyyətdə təmsil olunan uzun illərdi yüksək vəzifələri tutmuş şəxslər də var ki, onlar da yaranmış vəziyyətdən yararlanmaq istəyirlər.

Ötən gün Tokayev çıxışında səsləndirdiyi fikirlər sırasında sələfi Nazarbayevin dönəmində küllü miqdarda varlanmış şəxslərin də məsuliyyətdən kənarda qala bilməyəcəyinə verdiyi mesajında, hakimiyyət eşalonunda növbəti "süzgəc" əməliyyatının qaçılmaz olacağını bildirmiş oldu.

Xəbərlərə görə 8 mindən artıq şəxsin həbsi, ölən və yaralananlar haqda müxtəlif sayda rəqəmlərin göstərilməsini, eyni zamanda dövlət qurumlarına və şəxsi əmlaka dəymiş maddi ziyanın kimlər tərəfindən törədilməsinin şübhəsiz ki, istintaq araşdırması ilə müəyyən ediləcək.

Qazax xalqının qəzəbinin əsas səbəbi 30 il ölkəyə rəhbərlik etmiş Nursultan Nazarbayevin xarici ölkələrin mediasında onun və ailəsinin çox böyük məbləğdə varidatının ölkə xarıcində olması faktı xalqın istəyi ilə uzlaşmır.

Mediadan məlum olur ki, ölkə əhalisi arasında təbəqələşmə sürətlə davam edir, yəni varlı daha da varlanır, yoxsul isə daha yoxsullaşırdı. Bu amil də ölkədə sosial etirazların sürətlənməsinə təsir göstərməyə bilməzdi.

Tokayevin KTMT-nı ölkəsəsinə dəvət etməsi, təşkilatın nizamnaməsinə uyğun gəlib-gəlməməsindən asılı olmayaraq, Qazax cəmiyyətində xüsusi yeri, rolu və hörməti olan Ağsaqqalların hazırkı ölkə başçısı haqqında qəbul etdikləri qərar, bəzi ölkə məhkəmələrinin qəbul etdiyi qərar və qətnamələrindən üstündür. Qazax xalqı öz keçmişinə sadiq olaraq Ağsaqqal sözünü daim birmənalı olaraq qəbul edir.

Ağsaqqal sözünün ucalığını, qüdrətini çağdaş Türk dünyasının tanınmış şəxsiyyəti Oljas Süleymenov "AZ - Ya" əsərində hələ gənc ikən yazdığı əsərlə dövrünün bütün qadağalarını, sədlərini cəsarətlə adlaya bilmişdi. Qazax xalqının keçmiş rəhbəri və Ağsaqqalı D.M.Kunayev "AZ-Ya" əsərinin və onun müəllifi Qazax şairi, vətəndaş alim və türk xalqlarının istəklisi Oljas Süleymenovun kitabını SSRİ-nin dövlət başçısı L.İ.Brejnevə təqdim edir.

L.I.Brejnev "AZ-Ya" kitabını oxuduqdan sonra əsərin gələcək həyatına, müəllifin isə şəxsi taleyinə yaşıl işıq salır. Beləcə, nəhəng dövlətin başçısı L.İ.Brejnev əsərin kütləvi tiraj və nəşrinə razılıq vermiş olur.

Türk xalqlarının tarixinə, dilinə, abidəsinə işıq salan bu möhtəşəm əsər, şovonizm əsarətindən yalnız son illərdə Qazaxıstanda bu kitabla bağlı çıxarılan qərardan sonra "Az-Ya" yenidən işıq üzü gördü.

Azərbaycan xalqının ən yaxın dostu O.Süleymenovun illər öncə yazdığı əsərə dövr üçün qadağa qoyulmuş mövzular bunlar idi: Türkün yaşadığı arealın genişliyi, türk dilinin qədimliyi, türk xalqlarında milli şüurun oyanışına təsir gücü imperiya idioloqlarını təşvişə salmışdı. İmperiyanın baş idioloqu Suslovun xüsusi göstərişi ilə "AZ - Ya" əsərini SSRİ Elmlər Akademiyasının 47 nəfər həqiqi və müxbir üzvlərinə əsəri saf-çürük etmək tapşırığı verilmişdi.

İctimai xadim O.Süleymenovun Türk xalqlarıının qədim tarixi, dili, mədəniyyəti ilə bağlı əsəri nəhəng imperiya idioloqlarının, şovinist xislətli alimlərinin canına vəlvələ salmağının səbəbləri bəllidir. Bəlli olan odur ki, Qazaxıstanın iqtisadi qüdrəti artdıqca, özünə, ilkinə tapınmağı TDT-da N.Nazarbayevin ağsaqqal kimi təmsil olunmağı və türkdilli xalqların birliyi, vəhdəti yenə də əzəli imperiyanın yuxusunu ərşə çəkib. İmperiyaya nökərçilik göstərən milli kimliyi sual altında olan, yalnız şəxsi maraqlarını mili və ölkə marağından daim üstün tutanlar məhz yadelli işğalçının işinə zamanında yarıyır.

İllər öncə, Qazax şairi, alimi, türk xalqının iftixarı Oljas Süleymenovun təkzibolunmaz elmi mənbələrlə zəngin olan "Az - Ya" əsəri SSRİ-nin baş idioloqu Suslovdan başlayaraq imperiyaya xidmət göstərən alimlər ordusunun hücumuna məruz qalsa da sınmadi, əyilmədi Türk xalqlarının yenilməzliyini, möhtəşəmliyini nümayiş etdirmiş oldu.

Bu gün Qazax xalqı Vətən Oğlu Oljasın ideyasının, milli özünüdərkin, Türk vəhdətinin, müstəqillik amalının gücləndiyini, gerçəkləşdiyindən qürür hissi keçirirlər. Amma bunun tam əksinə olaraq məkrli və hiyləgər qüvvələr Qazax xalqını yenidən əsarətə almağı, sərvətlərinə sahib çıxmaq məqsədi güdürlər.

L.İ.Brejnevin "çörək olsa, mahnı da olar" sözü sovetlər dönəmində,elə bizim ölkəmizdə də çox işlədilirdi.

Şükürlər olsun Uca Tanrıya Qazax xalqının ucsuz-bucaqsız taxıl zəmilər ilə dünyada taxıl ixracatında öndə gedən 5 dövlətdən biridir. Təəssüflər olsun ki, KTMT qoşun birləşmələri tərkibində Almatı şəhərində ən böyük çörək zavodun "mühafizə" etməyi erməni qoşun birləşmələrinə tapşırmışdılar.

Azərbaycanda qırğınların, ixtişaşların, çoxsaylı qətllərin müəllifi, başbilənlərin göstərişi ilə 1930-cu illərdə Qazaxıstana rəhbər vəzifəyə təyin edilən andan Qazax xalqına qarşı ən dəhşətli cinayətlərə bais-iblis məhz Mirzoyan olmuşdu.

Mərhum, Istiqlal şairimiz Xəlil Rzanın təbirincə desək "davam edir 37". Ermənilərin çoxdankı arzuları çin olmuşdu. Mirzoyandan sonra əllərinə tarixi bir fürsət keçmişdi ki, Qazax xalqının çörəyinə zəhər qatsınlar. Qısa haşiyə: Bunları yazan müəllifin atası Ağdamda uzun illər rəhbər işdə işlədiyi dövrdə şəhərin içməli su ilə təmin edən "Qara qaya"adlı su mənbəyi ermənilərin mövqeyinə yaxın ərazidə olduğuna görə ermənilərin suya hər an zəhər qatması ermənilərin suya hər an zəhər qatması xəbərini İslam Əliyevdən eşitmişdim. Ona görə də oğullarımız gecə də gendüz də obyektə keşik çəkirdilər.

Almatı şəhərində ən iri çörək zavodunu (Qırğız, Belarus)a deyil, məhz erməni qoşun hissələrinə "etibar" edilməsi də hansı gizlin planın olmasına əsaslı şübhələr yaradır.Qazaxıstanda baş vermiş məlum hadisələr vətəndaş olaraq məni də ciddi narahat etməyə bilməzdi. 30 ilə yaxın erməni işğalının bütün mərhumiyyətlərini yaşayan, əzabını çəkən şəxs kimi, dili dilimizdən olan, dini dinimizdən olan , kökü bir, soyu bir olan sülhpərvər Qazax xalqının dərdini bölüşürəm.

İnanıram ki, Qazax xalqı ölkəsini çapıb talayanlara, yalançı vətənpərvərlərə, tayfa maraqları güdənlərə, hansısa güc mərkəzlərinin məkrli planlarını yerinə yetirənlərə heç vaxt aman verməyəcəklər. Qazax xalqının mənafeyini, millətini sosial rifahını yaxşılaşmasına canla - başla xidmət göstərənlərin, sosial ədalətin bərqərar olması üçün müstəqil, suveren, azad Qazaxıstan naminə əbədi birliyinizə sadiq qalacağınıza əminəm!

Dünyanın qəribə təzadları mövcuddur. Stalin Sovet İttifaqına rəhbərlik etdiyi dövrdə qətllər, kütləvi sürgünlər baş alıb gedirdi. Onun əmri ilə çeçenlər, Axıska türkləri, Krım tükləri (tatar), qaraçərkəzlər, bütöv bir xalq, millət gedər-gəlməz sürgününə göndərilirdi. İrəvan türklərini (oxu:Azərbaycanlıları) heç bir qanuna sığmayacaq şəkildə onları 48-53 ildə ulu əcdadlarının yurdundan kütləvi Departasiyasının müəllifinə ötən ilin dekabrında yüzlərlə Moskvalılar İ.V.Stalini anaraq Kreml divarlarında yerləşən məzarına gül dəstələri düzürdülər. N.Ə.Nazarbayev də 30 illik rəhbərliyi dövründə ölkəsi və Qazax xalqı üçün nələr-nələr etməyib. Sadalanlara rəğmən sabiq dövlət başçısını hələ sağ (?!) ikən başının üstündən qara buludlar ötməyib.

Dünyanın "yazılmamış" qəribə qanunları-təzadları var. Yazmaq bizdən, düşünüb - daşınaraq ibtət götürüb, dərs alıb, nəticə çıxarmaq həm Qazax xalqına, həm də müstəqilliyi kövrək millətlələrə şamil etmək olar.

Millətlərin psixologiyasında oxşar və fərqli cəhətlər olduğu kimi, öz liderlərinə münasibətlərində təzadlar mövcuddur. "Hakim" millət despota, yəni Stalinə rəğbətin göstərir. "Məhkum" olunan isə sabiq rəhbərinə nifrətini nümayiş etdirir. Görəsən bu təzadın səbəbi nədir?

Düşünürəm ki, fikir müvaziliyi fonunda Qazaxıstandakı siyasi mənzərənin, hadisələrin ədəbi, poetik rəngdə inikası olan Tapdıq Əlibəylinin müəllifi oldugu “Qazaxıstan inqilabı” şeirini iqtibas etmək yerinə düşər:

Qazaxıstan inqilabı

Götürməkdə çox niqabı...

Sındırıbsa sirkə qabı,

Səbəb onun tündlüyüdü.

Baş sındırır siyasilər,

Həm naşılar, həm asilər...

Pambıq ilə baş kəsənlər,

Haqsızlığın öydüyüdü...

Əli qanllı-sülhməramlı,

Qolu zorlu - hürr amallı -

Bir tutmaqdı zəhər-balı...

Həqiqətin düyünüdü.

Dünya düşür haldan - hala,

Hansı nicat, hansı bəla?

Yanaşmalar ala-bula...

Hikmət İSLAMOĞLU Hikmət İSLAMOĞLU

Hikmət İSLAMOĞLU

Son xəbərlər
Bütün xəbərlər »