Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Sabiq biznesmen deputat Qarabağ qazisinə "pul atmaqda" ittiham olunur
Sabiq biznesmen deputat Qarabağ qazisinə "pul atmaqda" ittiham olunur

“Ştutqart” MMC-nin sahibi, sabiq deputat Nəriman Əliyevin yaşıl ağaclara qənim kəsilməsi, yaşıl ağacların doğranılması barədə göstərişlər verməsini iddia edən şikayəti ötən yazımızda işıqlandırmışdıq. Hazırda Baş Prokurorluq tərəfindən Nəriman Əliyevin əməlinə hüquqi qiymət verilməsi üçün cinayət işi açılsa da, təəssüf ki, bu, onun haqqında nə ilk, nə də son şikayətdir. Beləliklə, sabiq deputatla bağlı daha bir şikayət redaksiyamıza daxil olub.

Bu gün İkinci Qarabağ Müharibəsi iştirakçısı, keçmiş “Ştutqart” işçisi İsmayıl Qurbanov redaksiyamıza müraciət edərək, bildirib ki, o və “Ştutqart”ın 64 işçisi 2021-ci ilin sentyabr ayından könüllü şəkildə işlərindən ayrıldıqları üçün onların maaşı ödənilmir: “Mən və 64 nəfər işçi könüllü şəkildə işdən ayrılmışıq. Əvvəl bizə dedilər ki, qalıq əməkhaqları ödəniləcək. Amma sonradan maaşlarımızı vermədilər. Biz bununla bağlı dəfələrlə müraciət etdik ki, əməkhaqlarımızı versinlər, əziyyət çəkmişik, işləmişik, halal maaşımız qalıb orda, haqqımız var, haqqımız verilsin. Ancaq deyildi ki, maaşlarınız verilməyəcək. Biz də aidiyyatı qurumlara müraciət etdik, məktublar ünvanladıq. Mənim bir aylıq maaşım qalıb onlarda, ancaq işçilər var ki, iki aylıq maaşları var, götürə bilmirlər. İndi hər bir kəsin könüllü şəkildə işindən ayrılma, çıxma, istefa vermə hüququ var. Bunun üçün öz rəhbərliyinə müraciət edə bilər. Heç bir rəhbərlik öz işçisini məcburi surətdə işdə saxlaya bilməz: “Əgər işləməsən, əməkhaqqını verməyəcəm, qalıb işləməlisən” deyə bilməz. Biz quldarlıq dövründə yaşamırıq, qul deyilik ki, məcbur qalaq, pulumuzu kəsməsinlər deyə işləyək. Sadəcə olaraq, könüllü şəkildə müraciət edib, işdən ayrılmışıq. Həmin vaxt bizə deyilsə də ki, əməkhaqlarımız veriləcək, verilmədi. Dedilər ki, hara istəsəniz, müraciət edin, əməkhaqlarınız verilməyəcək.

Səbəb də odur ki, “işdən niyə çıxırsan?”. Çıxıramsa, könüllü şəkildə çıxıram da, məni orda zorla saxlayası deyilsən ki... Heç vaxtlı-vaxtında maaşlarımızı da ala bilmirdik, çətinliklərimiz yaranırdı, mən və digər iş yoldaşlarım işdən azad olunmağımızı istədik. Orda Orxan müəllim, Nicat müəllim dediyimiz adamlar var, bu tələbimizi onlara demişik. Onla da Nəriman Əliyevin göstərişi ilə bildirirlər ki, əməkhaqlarımız ödənilməyəcək, gedək, hara istəsək, şikayət edək. Özüm 2018-ci ildən burda işləyirdim. Müharibə zamanı könüllü şəkildə döyüşlərə qatıldım, daha sonra qismət oldu, sağ-salamat işimə qayıtdım. Amma məni qane etmədiyindən işdən ayrılmaq istədim, ondan sonra maaşımı ala bilmədim. Mən və digər 64 nəfər bu problemlə bağlı hətta dövlət başçısına da məktub ünvanladıq ki, bizim işimizə baxılsın. İşçilərə kütləvi şəkildə maaşlarının verilməməsi nə deməkdir?”,– deyə, İsmayıl Qurbanov şikayətində bildirib.

Məsələ ondadır ki, ağacları kütləvi şəkildə kəsməkdə ittiham olunduğu üçün daha öncə Nəriman Əliyevlə əlaqə saxlamışdıq, amma sabiq deputat "sən kimsən ki, mənə sula verəsən" deməklə öz mövqeyinin işıqlandırılmasına qarşı çıxmışdı. O üzdən də məsələ ilə bağlı olaraq Nəriman Əliyevin mövqeyini öyrənmək mümkün deyil. Bununla belə, yaranmış problemlə əlaqədar qarşı tərəfin fikirlərini də nöqtə-vergülünə toxunmadan işıqlandırmağa və ictimaiyyətlə bölüşməyə hazırıq.

Sabiq deputat Nəriman Əliyev, Ələsgər Qayıbov küçəsində ağacların kəsilməsi Nəriman Əliyev (arxa fonda: yaşıllıq ərazi əvvəl və sonra)

Qeyd edək ki, Nəriman Əliyevin "Ştutqart" MMC üçün anbar tikintisi məqsədilə ağacları qanunsuz olaraq kəsməsi ilə bağlı şikayət əsasında Baş Prokurorluqda cinayət işi başlayıb, nəticəsi ilə bağlı əlavə məlumat verəcəyik.

Mətin Şükürlü, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »