Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bəlkə də o qızın döyülməsi "yaxşı" oldu, çünki sabah öldürülə bilərdi...
Bəlkə də o qızın döyülməsi "yaxşı" oldu, çünki sabah öldürülə bilərdi...

Bakıda qız nişanlısı tərəfindən döyülüb və qızın qolları sındırılıb. Adamda cəsarətə bax, hələ sənə aid olmayan, ailə quracağını planlaşdırdığın bir qadına əl qaldırmaq. Həm də elə belə əl qaldırmaq deyil, qollarını qıracaq qədər. Cəsarətmi dedim? Üzr istəyirəm, şərəfsizlik demək istəmişdim. Çünki qadın kim olursa olsun, ona əl qaldırmaq, döymək, qolunu sındırmaq, kişiliyə yaraşacaq bir davranış deyil, səbəb nə olursa olsun.

Son zamanlar ölkəmizdə belə hallar artır. Bu isə, kişilərin qadın qarşısında nə qədər aciz olduğunu bir daha sübut edir. Əlbət ki, aciz kişi qadına əl qaldırır. Qadın qarşısında hörmət və sevgi qazana bilməyən, qadından aşağı düşüncəyə sahib olan və qadını özündən üstün görən kişi çalışır ki, onu əzərək, alçaltsın, aşağılasın.

“Qısqandım vurdum”, “qısqandım öldürdüm”, “mənə xəyanət edirdi”, “kişilərlə danışırdı” və s. və ilaxır. Qadınını öldürən, döyən, qadınına qarşı zorakılıq edən kişilərin dilindən tökülən kəlmələrdir bunlar. Amma reallıq başqadır: “mən yaxşı kişi deyiləm”, “ona layiq olduğu dəyəri verə bilmədim”, “ona layiq olan dəyəri verən başqası oldu, bunu yerlə sürünən kişiliyimə yedirə bilmədim” demək istəyənlərin bəhanəsidir, qadını namus üstündə vurduğunu demək.

Axı həbsxanalarda namus cinayətkarlarına verilən dəyər başqadır. Guya həyat yoldaşını, bacısını, anasını namus üstündə öldürən “oğlan” qeyrətli “oğlanmış”. Bu da namusu, əxlaqı beyindən başqa orqanda axtaranların bəhanəsidir. Əslində, namus və əxlaq insanın beynində, ürəyində, vicdanında olmalıdır.

Nə isə. Mətləbdən kənara çıxmayaq. Bəlkə də o qızın döyülməsi "yaxşı" oldu, çünki o sabah öldürülə bilərdi. Məsələn, Nahidəni əri doğrayan kimi o da doğranılardı və yaxud Pərvanəni əri 7 güllə ilə öldürdüyü kimi o da öldürülə bilərdi.

Bu gün Cəmilə ailə quracağı kişi tərəfindən döyülərək, ölümün pəncəsindən xilas oldu. Bəlkə də bəxti üzünə güldü. Özünü sözləri ilə ifadə edə bilməyən, gücü qoluna çatan birindən xilas oldu. Amma o insan bu gün əsl simasını Cəmiləyə göstərməsəydi, Cəmilə də sevinc, nahidə, türkan, pərvanə və digərləri kimi vəhşicəsinə öldürülə bilərdi.

Azərbaycanda qadına qarşı zorakılıq halları artır. Ailə, Qadın və Uşaq Məsələləri üzrə Komitə bütün halları “nəzarəti altında saxlayır”... Yəni ən azından baş verən hadisələrdən sonra çıxıb məsul şəxslər mətbuata belə bir açıqlama verir: “Vəziyyət nəzarətimizdədir”...

Yadımdadı əvvəllər atamın belə bir sözü vardı “ölkə dərəbəylik deyil ki”... Amma görünən odur ki, qadına qarşı zorakılıq müstəvisində ölkədə dərəbəylik hömk sürür. Qanunlar işləmir, polis də qadın öldürüldükdən sonra işə baxır, qadın komitəsi də polisdən sonra vəziyyətləri nəzarətə götürür. Qadın hüquq müdafiəçiləri isə, ha danışsın, kim dinləyir ki?

İndi sən mənə de görüm, “ölkə dərəbəylikdir?”

Xüsusi qeyd: Zorakılığa məruz qalanlar və ya çevrəsində zorakılığa məruz qalan şəxslər, dəstək almaq üçün müraciət edəcəkləri bütün xidmətlərin əlaqə nömrələrini BU LİNKdən əldə edə bilərlər.

İlahin, Bizimyol.info

Bu yazı "Bizim Yol" MMC - Bizimyol.info xəbər portalı tərəfindən gender əsaslı zorakılığın mediada işıqlandırılması məqsədilə "DAYAN və DƏYİŞ" Layihəsi çərçivəsində hazırlanıb.

Son xəbərlər
Bütün xəbərlər »