Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Aygün": Azərbaycan qadınının gücünü göstərən film... - Video
"Aygün": Azərbaycan qadınının gücünü göstərən film... - Video

“Bu dünyada ən çox sevdiyim,

bəlkə də İlahi, Tanrı bildiyim

bir qüvvə varsa da , o sənsən, inan...”

1960-cı ildə Səməd Vurğunun Aygün poeması əsasında lentə alınan "Aygün" filmi Əmirxanın Aygünə dediyi bu cümlələrlə başlayır. Aygünə yalan vədlər verən, təhsilini bitirməyə imkan verməyən Əmirxanın təyinatı Muğana çıxıdğı üçün Aygünü də özü ilə getməyə məcbur edir. Aygünün təhsilinə qarşı çıxan Əmirxan hətta deyir ki,

“sənintək düşünsə bütün qadınlar,

gündə min ev uçar, min ev yıxılar”.

Aygünü sevimli təhsilindən, arzularından qoparıb, özündən asılı etmək niyyətindədir. Anasının onu çox sevdiyini dilə gətirən Əmirxan, Aygünü onu sevməməkdə də günahlandırır. Deyir ki, "ər hardadırsa, arvad da orda olmalıdır".

Nəhayət istəyinə çatır. Aygünü təhsildən ayırıb özü ilə Muğana gətirir. Və burada Aygün meyvə bağlarında işləməyə başlayır. Amma bir müddət keçir, Əmirxan işindən də, Aygündən də bezir. Yorulur, daha maraqlı olmur onun üçün bu həyat. İçkiyə meyl edir, kənddə yaşamaq istəmir və Aygünə Bakıya qayıtmaq istədiyini deyir. İşdən çıxıb, Aygünü də Bakıya qayıtmağa məcbur edir. Zaman keçir, Əmirxan yavaş-yavaş uzaqlaşır Aygündən. Dünayya gələn körpəsi də maraqlandırmır onu. İçki məclisləri tamam uzaq salır onu ailəsindən. Günlərlə evə gəlmir. Bir gün isə Aygünün səbri bitir və Əmirxanla danışmaq qərarına gəlir. Bu söhbətdən sonra Əmirxan bir qədər dəyişir, ailəsinə zaman ayırır.

Ancaq Aygünün oxumaq arzusu davam edir. Əmirxan qorxur. Düşünür ki, Aygün oxuyar, təhsil alar və ondan daha yüksək yer tutar cəmiyyətdə. Aygün qarşısında şərt qoyur: "oxumaq istəyirsənsə, birdəfəlik get". Aygün bütün gecəni düşünür, başa düşür ki, xəyallarında böyütdüyü sevgi mənasız imiş. Anlayır ki, Əmirxan onun yüksəlişindən qorxan biri imiş və qərarını verir.

Filmdə Aygünə qarşı Əmirxanın tətbiq etdiyi psixoloji zorakılıq, onu seçim qarşısında buraxması ön plana çəkilib. Əmirxan isə onun bu gedişini istehza ilə qarşılayır. Hətta yazıdğı məktubu oxuyub:

“Qadındır, özünə Allah desə də, iradə hardadır axıra qədər?” deyib gülümsünür...

Amma Aygün iradəlidir, fikirlərindən, xəyallarından vaz keçmir, arzularının arxasınca gedir. İllər keçir, məhşur bəstəkar, drijor olan Aygünün konsert plakatlarını görən Əmirxan tənha, dağınıq evində Aygünün son sözlərini xatırlayır. Daha badə dostları da axtarmır onu. Tənhadır...

"Bir evdən kəsilsə qadın ayağı,

Yetimlər qəlbinə qaranlıq çökər..." - deyir Səməd Vurğun. Həqiqətən də filmdə Azərbaycan qadının iradəsi, gücü, arzularının dalınca gedə bilmək bacarığı yer alıb. Müəllif demək istəyir ki, Azərbaycan qadını qarşısına bir məqsəd qoyursa, çatır.

Bəli, Aygün tanınır, məşhurlaşır, ancaq Əmirxandan vaz keçmir. Ona sevgi elan edənlərə də "yox" deyir. Əmirxan bir dəstə gül alıb, gedir qapısına Aygünün. Amma sonra peşman olur. Düşünür ki, daha o, Aygünə lazım deyil. Və yenidən içkiyə qurşanır.

Filmdə Aygünə sevgi elan edən Elyar obrazı da əsl Azərbaycan kişisi obrazıdır. Aygünü sevsə də, Aygünlə adı hallansa da, aralarında heç nəyin yaşanmadığnı Əmirxana etiraf edir və onların barışması üçün çalışır.

Sonda Aygünlə Əmirxan yenidən birləşir, bir ailə olur. Amma bu müddət ərzində Aygünün yaşadıqları, sıxıntıları və qarşılaşdığı çətinliklər onu daha da möhkəmləndirir.

Filmdə qadına qarşı zorakılıq, məcbur etmə, sevdiyi sənətindən uzaqlaşdırma, aşağılamaq, istehza etmək, ciddi yanaşmamaq və s. yer alıb. Amma bu filmin sonunda həyatdan fərqli olaraq qadın qalib olur. Öldürülmür!

İlahin, Bizimyol.info

Bu yazı "Bizim Yol" MMC - Bizimyol.info xəbər portalı tərəfindən gender əsaslı zorakılığın mediada işıqlandırılması məqsədilə "DAYAN və DƏYİŞ" Layihəsi çərçivəsində hazırlanıb.

Son xəbərlər
Bütün xəbərlər »