Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Blinken Lavrovla danışıqlardan müsbət nəticə gözləmir

ABŞ dövlət katibi Entoni Blinken bu gün Rusiyanın xarici işlər naziri Sergey Lavrovla Cenevrədə aparacaqları danışıqlardan irəliləyiş gözləmir. Eyni zamanda ABŞ və NATO ilə keçmiş məsləhətləşmələrdən sonra Moskvanın nə əldə etdiyini eşitməyə ümid edir.

Bizimyol.info xəbər verir ki, Amerika diplomatiyasının rəhbəri bu barədə cümə axşamı Almaniyanın "ZDF" telekanalına müsahibəsində bildirib.

Qarşıdan gələn danışıqlar üçün ən yaxşı nəticəni necə gördüyünü soruşduqda o, "Mən heç bir irəliləyiş gözləmirəm",- deyib.

Blinken yanvarın 10-da Cenevrədə ABŞ və Rusiyanın təhlükəsizlik məsələləri üzrə məsləhətləşmələr apardığını, yanvarın 12-də Brüsseldə Rusiya-NATO Şurasının iclasının, yanvarın 13-də Vyanada ATƏT Daimi Şurasının iclasının keçirildiyini xatırladıb. “Hər birimizin eşitdikləri üzərində düşünmək imkanımız oldu. Düşünürəm ki, Rusiya nümayəndə heyətinin Prezident Vladimir Putinlə məsləhətləşmək imkanı və vaxtı var idi. Bizim hamımızın öz aramızda, eləcə də bütün müttəfiqlərimiz və tərəfdaşlarımızla məsləhətləşmək imkanımız oldu”, - Blinken bildirib.

Onun sözlərinə görə, Birləşmiş Ştatlar bu böhranın həlli üçün diplomatiya yolu ilə getməyə davam etməyin həqiqətən mümkün olub-olmadığını anlamaq üçün Cenevrədəki görüşü səbirsizliklə gözləyir. "Sual budur. Və düşünürəm ki, biz sabah daha çox şey biləcəyik. Ən azından ümid edirəm ki, Rusiyanın həqiqətən də bu fikir ayrılıqlarını dialoq yolu ilə, diplomatik yolla həll etməyə cəhd edib-etmədiyi barədə sabah daha çox məlumat əldə edəcəyik. Hər iki halda biz hazırıq”, - Blinken əlavə edib.

Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »