Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Hacı Zeynalabdin Tağıyev bu gün sağ olsaydı…
Hacı Zeynalabdin Tağıyev bu gün sağ olsaydı…

Hər kəs bilsin öz yerini necə sağdır,

Bu, pislərin həyatını qısaltmaqdır,

Yaxşıların həyatını uzatmaqdır...

Bu nədəndir ölən kimi, qəlbimizdə

Adamlara sevgi, hörmət aşıb-daşır.

Ölən kimi yaxşılar da yaxşılaşır,

Yamanlar da yaxşılaşır...

Çirkinlər də təmiz olur ölən kimi...

Yadlar belə əziz olur ölən kimi...

Xatirələr söyləyirik, nekroloqlar qollayırıq,

Hamısını ucdantutma yaxşı deyib o dünyaya yollayırıq. - Cabir Novruz

Yanvarın 18-də Prezident İlham Əliyevin də iştirakı ilə İçərişəhər metrosu yaxınlığında azərbaycanlı xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin heykəlinin açılışı oldu. Uzun müddətdir, açılışı maraqla gözlənilən bu heykəl heç də bir çoxunun ürəyincə olmadı. Heykəlin metronun qarşısında yerləşməsi, ölçüsünün gözləniləndən kiçik olması, hətta onun “Park Bulvar”dakı əyləncəli heykəllərə bənzədilməsi göstərirdi ki, cəmiyyətimizə görə, mərhum Tağıyevə hökumət tərəfindən lazımi dəyər verilməyib. Onun da heykəli, ən azından, Nəriman Nərimanovun heykəli qədər olmasa da, bir qədər ona bənzədilə bilərdi. Yəni ki, mümkün qədər hündürlüyə qaldırıla bilər, şəhərin görünən bir hissəsinə yerləşdirilə bilərdi. Təbii ki, bütün bu iradlar heykəlin layihəsini tərtib edənlərə, onun yerləşdiriləcəyi yeri seçənlərə, heykəltaraşa və sair aidiyyatı insanlaradır. Yəni, qısa ifadə ilə səsləndirsək, cəmiyyətin gözlədiyi heykəl xəyallardakı kimi özünü doğrultmadığından, hökumət sərt iradların hədəfi halına gəldi. Hələ bir günü tamam olmamış, heykəlin əlindəki təsbeh qoparılıb, yerə atıldı. Polis bunu edənləri tapıb, qanun qarşısına çıxarsa da, heykəlin belə bir yerdə və o ölçüdə hazırlanması, bu kimi problemlərin çox olacağından xəbər verirdi. Ən azından, bunun proqnozunu verənlər də az deyildi. Bundan sonra heykəlin başına hansı işlər gələcək, kimlər Hacı ilə “selfie”lər edib, paylaşacaq bunları indilik qoyaq bir tərəfə. Əsas suala köklənək: bu gün rəhmətlik Zeynalabdin Tağıyev həyatda olsaydı, onu hansı aqibət gözləyərdi, yaxud cəmiyyətimiz üçün O, indi hansı statusda idi?..

Mərhum şair Cabir Novruzun çox sevdiyim bir şeiri var, “Sağlığında qiymət verin insanlara”. Hər dəfə bir ziyalı, sənət adamı, qələm adamı, alim, sevilən siyasətçi dünyasını dəyişib, bu ölkədən ayrılanda, həmin şeirin sətirləri ağlıma gəlir. Həmin adamın xarakteri nə olur-olsun, istər sevilən, istər sevilməyən, o öləndən sonra arxasınca ya rəhmət deyirik, ya da lənət... Bəs nə üçün Cabir Novruzun ifadə etdiyi kimi, yaxşılara sağlığında yaxşı, yamanlara sağlığında yaman deyə bilmirik? Təbii ki, bu, təkcə ölənlərə yox, elə vəzifədə olub, daha sonra vəzifəsindən gedənlərə də aiddir. Adam var ki, vəzifəsindən getməsi, ölməsi kimi bir şeydir. Hacının heykəlini kiçik görəndə, “əsas odur, özü qəlbimizdə dağ boydadır” dediyimiz zaman, Onun bizə əmanət qoyub getdiyi insanlara necə, hansı şəkildə sahib çıxdığımızı, ya da çıxmadığımızı xatırlaya bilirikmi? Məsələn, Hacının qızı Sara xanımı. O, dünyasını necə, hansı şəkildə dəyişdi? Heykəlin ölçüsünə irad tutanda, heç bunu düşündükmü?

Hacı bu gün yaşasaydı, Onun cəmiyyətimizdəki dəyəri, qiyməti necə olardı? Mənə elə gəlir, Onu da çoxdan hansısa müğənninin “sponsoru” elan edib, şou-biznesin bir parçasına çevirmişdik. “Hacı, qaşdır, gözdür, kiprikdir” deyib, hörmət-izzətdən salmışdıq. Xeyriyyəçilik işlərinə bir neçə siyasi don geyindirib, “mətbuat”ın dilinə düşürərdik. İraqda İŞİD, Əfqanıstanda “Taliban” hakimiyyəti ələ keçirəndə, Hacının adına satirik şeirlər, görünüşünə karikaturalar çəkib, çoxdan hansısa Şərq ölkəsinə qovmağa başlayardıq. Ölkə gündəmi bir an boş qalanda, Hacının hansısa sözü sosial şəbəkələrin “trend”inə çevrilərdi. Elə ki, xeyriyyəçilik işləri artdı, keçmiş MTN naziri Eldar Mahmudov Hacının boğazına çökərdi. Bu siyahını nə qədər desəniz, uzatmaq olar. Özümüzə bələd olan, yenə özümüzük.

Bu gün “Hacı” deyəndə, ağla Zeynalabdin Tağıyev yox, “vicdanın nə olduğunu bilməyən” QMİ sədri, hansısa müğənniyə “sponsorluq” edən zəngin iş adamları gəlirsə, deməli, biz sadəcə olaraq, riyakarlıqla məşğul olmuş, söz xatirinə iradlar bildirmişik. Xülasə, bir heykələ bir kitab dolusu irad yazdıq, ancaq özümüzün başdan-ayağa irad içində olduğumuzu unutduq.

Mətin Şükürlü, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »