Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Ana xərçəng xəstəsi olubsa, bu, qızın da mütləq xərçəng olacağı demək deyil"
"Ana xərçəng xəstəsi olubsa, bu, qızın da mütləq xərçəng olacağı demək deyil"

Hər il dünyada 14 milyon nəfər xərçəngə yoluxur, 8 milyon nəfər xərçəng səbəbi ilə dünyasını dəyişir. Kişilərdə daha çox tütün istifadəsi nəticəsində xərçəng halları - ağciyər, prostat, bağırsaq xərçəngləri, qadınlarda da tiroid vəzi, süd vəzisi xərçəngi müşahidə edilir. Mütəxəssislərin fikrincə, 2025-ci ildə xərçəngə yoluxma halları 25 milyona qədər yüksələcək, hər il xərçəngdən 17-18 milyon nəfər öləcək. Xərçəngə daha çox 35-69 yaş arasında şəxslər yoluxur. Avropa və Amerika sağlamlıq statistikasına görə, baş verən ölümlərin 15-20 faizi onkoloji xəstəliklərlə əlaqəlidir.

Xərçəng nədir?

Onkoloq Ülviyyə Mirzəyeva Bizimyol.info saytına açıqlamasında bildirib ki, xərçəng genetik səviyyədə bir hüceyrə aberrasiyasıdır: “Belə düşünək, qaraciyər hüceyrələri üçün yaşayır. Öd yaratma, qan təmizləmə üçün funksiyaları yerinə yetirir və anidən normal struktura zərər verən bəzi kənar qüvvələrdən təsirlənir. Bu zaman qoruyucu qüvvələr ciyəri təmizləyir və qaraciyər normal işləməyə davam edir. Ancaq bu qorunma işə yaramayan zaman hüceyrələr onkoloji bir hüceyrəyə çevrilir. Və əvvəlcə həmin orqanda inkişaf edir və sonradan yayılmağa başlayır”.

Xərçəngə səbəb nədir?

Həkim qeyd edir ki, xərçəngin müxtəlif səbəbləri var: Buna fiziki, kimyəvi, psixoloji və genetik səbəblər daxildir.

  • Fiziki faktorlar dedikdə radiasiya, ultrabənövşəyi şüalara məruz qalma, immun sistemin zəifliyi, xroniki yorğunluq və s. səbəbdir. Bu faktorlar həm xoşxassəli həm də bədxassəli xərçəngin yaranmasına səbəb olur.
  • Kimyəvi faktorlar həddən artıq bişriilmiş, tüstüyə verilmiş qidalar və sağlamlığa zərər verən digər qidalardır. Məsələn, bura təkrar istifadə edilə bilən bitki yağı ilə bişirilmiş qidalar, keyfiyyətsiz şokolad, fast-food qidalar, cipslər aiddir.

    Xərçəng yaradan digər maddələr, bədənimizə kimyəvi müəssisələrdə işləməklə də daxil ola bilər.

  • Xərçəngin psixoloji səbəblərinə əvvəllər önəm verilmirdi. Ancaq son zamanlar həkimlər xərçəng xəstələrinin xroniki stress yaşaya biləcəklərini bildirir.

    Məsələn, bir şəxs xərçəng barədə düşünməsə də mütəmadi olaraq stress altındadırsa, onda xərçəng yaranma riski böyük olur.

  • Son səbəb isə, genetik səbəblərdir. Valideynlərdə və ya bir neçə nəsil əvvəl yaxın qohumlarda xərçəng müşahidə edilibsə, o zaman bu sonrakı nəsillərdə üzə çıxa bilər.

“Ana xərçəng xəstəsi olubsa, bu, qızın da mütləq xərçəng olacağı demək deyil. Ana sağala da bilər. Amma qız bu riski unutmamalı, ara-sıra müayinələrdən keçməlidir. Əlbəttə ki, bu, xərçəngə yoluxma səbəblərinin tam siyahısı deyil” - deyən həkim qeyd edib ki, xərçəngdən qorunmaq üçün zərərli vərdişlərdən uzaq olmaq, qidalanmaya xüsusi diqqət yetirmək, stress və depresiyadan uzaq durmaq və mütəmadi olaraq həkim müayinəsindən keçmək lazımdır.

Son zamanlar xərçəng hallarının artması faktına gəldikdə isə, həkim bildirir ki, pandemiya fonunda insanlar psixikası zədə görüb. Əksər insanlar, depressiya və stress altında yaşayır. Depressiya və stress isə, xərçəng yaradan səbəblərdəndir.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »