Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bank əməkdaşı şəhid Rauf Əliyev adına təqaüd proqramı təsis edilib
Bank əməkdaşı şəhid Rauf Əliyev adına təqaüd proqramı təsis edilib

"ATB tərəfindən tələbələrin təlim nailiyyətlərinin yüksəldilməsini stimullaşdırmaq və dəstəkləmək məqsədi ilə, təhsil üzrə göstəriciləri yüksək olan tələbələr üçün, Vətən müharibəsində şəhid olmuş həmkarımız Rauf Əliyevin xatirəsinə xüsusi təqaüd təsis edilmişdir".

Bizimyol.info xəbər verir ki, ölkəmizdə fəaliyyət göstərən AzərTürk Bank (ATB) Vətən müharibəsində şəhidlik zirvəsinə adını yazdıran əməkdaşı Rauf Əliyev adına təqaüd təsis edib. Bu barədə bank öz saytı və sosial şəbəkə hesablarında paylaşım edərək tələbələri təqaüddən yararlanmağa dəvət edib.

"Bu sosial proqramda informasiya texnologiyaları yönümlü ixtisaslar üzrə təhsil alan, aztəminatlı ailənin üzvü olan, çalışqan, 2-ci və 3-cü kurs tələbələri iştirak edə bilər. Proqramda iştirak etmək niyətində olan tələbələr aşağıda qeyd edilən məlumatları təqdim etməklə iştirak üçün müraciət edə bilərlər.

  • Tələbəninadı soyadı və atasınınadı, ş/v məlumatları
  • Tələbənin qeydiyyatda olduğuvə faktiki ünvanı
  • Təhsil aldığı universitet, ixtisas və kurs barədə məlumat
  • Son 2 semestr üzrə yüksək qiymətləri (minimum 80 bal) təsdiq edən sənəd
  • Tələbə ilə əlaqə vasitəsi (telefon və e-mail)
  • Tələbə tərəfindən proqramda iştirak səbəbini bildirən kiçik (1 səhifəlik) müraciət
  • İnformasiya Texnologiyaları sahəsində tələbəlik dövründə hazırlamış olduğunuz məhsul barədə məlumat

Proqram çərçivəsində ali məktəbin və ATB nümayəndələrinin birgə iştirakı ilə seçilən tələbələrə 2022-ci ili əhatə edən tədris dövrü üzrə hər ay (3 aylıq yay tətilini çıxmaq şərti ilə) Bank tərəfindən təqaüd veriləcəkdir.

Müraciətlər 31 yanvaradək qəbul edilir."

Şəhid Rauf Əliyev haqqında məlumat

Rauf Səxavət oğlu Əliyev 1994-cü il iyun ayının 4-də Naxçıvan Muxtar Respublikasının, Culfa rayonunun Əbrəqunus kəndində dünyaya göz açıb.

Rauf Səxavət oğlu Əliyev 28.08.2018-ci il tarixində “Azər-Türk Bank” ASC-nin İnformasiya Texnologiyaları Departamentinin Proqram təminatı şöbəsində mühəndis vəzifəsində fəaliyyətə başlamışdır. 01.07.2019-cu il tarixdən isə Bankın Rəqəmsal Transformasiya Mərkəzinin Proqramçılar şöbəsində mühəndis proqramçı vəzifəsinə keçirilmiş, 07.01.2020-ci il tarixdən isə Rəqəmsal Transformasiya Mərkəzinin Proqramçılar şöbəsində aparıcı mühəndis proqramçı vəzifəsinə təyin edilmişdir.

Rauf Əliyev İkinci Qarabağ müharibəsi başlayan zaman könüllü olaraq cəbhəyə yollanır və Füzuli, Cəbrayıl, Zəngilan, Xocavənd rayonlarının düşməndən azad edilməsində iştirak edir. 22 oktyabr 2020-ci ildə Hadrut qəsəbəsi uğrunda gedən döyüşlər zamanı qəhrəmancasına vuruşaraq şəhidlik zirvəsinə ucalmışdır.

Azərbaycan Respublikası Prezidentinin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə Rauf Səxavət oğlu Əliyev Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün “Vətən uğrunda” medalı ilə təltif edilib.

Qeyd: Bu yazı reklam və ya kommersiya xarekterli deyil. Vətən uğrunda canından keçən şəhid Rauf Əliyev adına təsis edilən təqaüd proqramının gələcəyimizə ayrılmış ən səmərəli sərmayə və şəhid xatirəsinə ithaf edilmiş ən gözəl təşəkkür olduğunu düşünürük. Bu təşəbbüsün planlanmasında və təşkilində əməyi keçən rəhbərlikdən əməkdaşa kimi hər kəsə "Bizim Yol" adından minnətdarlığımızı bildiririk.

Orxan Musa, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »