Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ailədaxili cinayətlər nədən qaynaqlanır?
Ailədaxili cinayətlər nədən qaynaqlanır?

Xaçmazda anasını balta ilə qətlə yetirən şəxs axtarılır. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin məlumatına görə, yanvarın 13-ü Xaçmaz rayonu Əzizli kənd sakini Ramiz Sultanov anasını qətlə yetirərək hadisə yerini tərk edib. Həmin şəxs indi axtarışdadır. Son zamanlar qardaş bacısının başını kəsdi, iki bacı qardaşını baltaladı, oğul anasını baltaladı, oğul atasını öldürdü və s. bu kimi xəbərlərlə qarşılaşırıq. Ailə daxilində, eyni qandan olan insanların bir-birinə qarşı bu amansız rəftarının arxasında nə durur?

Bəzən qadın qətlləri haqqında yazdığım zaman düşünürdüm ki, bir yastığa baş qoyan, eyni damı paylaşan insanlar bir-birinə necə qıya bilər. Əgər bir məmləkətdə oğul onu dünyaya gətirən, əzab-əziyyətlə böyüdən anasının həyatına son qoyursa… O sənə həyat verir, dünyaya gətirir, böyüdür. Sən isə, böyüyüb onun həyatını əlindən alırsan…

Bu kimi hadisələr dünyanın bütün ölkələrində baş verir, yəni təəcüblü heç nə yoxdur. Amma Azərbaycan kimi ailə dəyərlərinə sayğılı, mənəviyyata üstünlük verən bir ölkədə belə hadisələrin baş verməsi insanı ruhdan salır.

Niyə doğmalar bir-birinə qarşı belə laqeydləşir?

Bunun bir neçə səbəbi var: Birincisi; insanların bir-birinə olan inamı bitib. Əvvəllər biz qohumlara dərdlərimizi danışıb, məsləhət istəyə bilirdik. İndi isə, dərdimizi danışmırıq. Deyirik ki, görəsən nə düşünər. İndi hamı özünə qapanıb. Bir-birini illərlə görməyən xalauşaqları, əmiuşaqları var. Bir-birinin yanından keçən qohumlar var ki, heç bir-birini tanımırlar.

Ailələlərdə bağlar qopub. Əksər ailələrdə uşaqların yeniyetməlik dövründən bağlar qopmağa başlayır. Nəsillər arasında olan fərqlilik bu bağların daha tez qopmasına səbəb olur. Kompyuter dövrünün uşaqları ilə keçən nəsil arasında böyük bir uçurum yaranıb.

Daha bir-birini başa düşmək, dinləmək, böyüyə hörmət qavramı qalmayıb. Hər kəs özünün daha ağıllı olduğunu düşünür. Necə deyərlər, əşyalar insanlardan dəyərli olmağa başlayıb. Çox az ailələrdə valideyn sevgisi, övlad sevgisi qalıb. Böyüklər öz sözlərinin keçərli olmasını istəyir, amma buna uyğun davranmır, kiçiklər də böyüklərin davranışlarına aqressiv reaksiya göstərirlər.

Məsələnin digər tərəfi isə, iqtisadi problemlərlə bağlıdır. Ailələrdə pul davası, çörək davası, iş davası, torpaq davası, ev davası var. Hər kəs yaxşı geyinmək, yaxşı yaşamaq arzusundadır, amma hər şeyin qiyməti bahalaşır. Artıq arzulanan geyimlər, yeməklər, istirahətlər arzu olaraq qalır. Bu da aqresiya yaradır. Bütün bu sıxıntılarn fonunda sosial şəbəkələrdə reklam edilən lüks həyatlar, seriallar insanların düşüncələrini qarışdırır.

Digər tərəfdən son zamanlar Azərbaycanda da böyük problemə çevrilmiş narkotik bəlası. Yəni, ailələrə nifaq salan o qədər səbəb var ki. Bunun qarşısını almaq mümkün deyil. Sadəcə olaraq hər kəs öz diqqətini, öz ailəsinə cəmləyib, çıxış yolu axtarmalıdır.

Məsələn, səhər yeməyində bir ailədə nə mübahisə yarana bilər ki, oğul anasına əl qaldırsın? Yəqin ki, ya işsizlik, ya da övladın pis vərdişləri…

Və yaxud bir ailədə nə baş verə bilər ki, oğul atanı qətlə yetirsin. Ailədaxili zorakılıq, ailə üzvləri arasında münasibətlərin kəskinləşməsi. Bir-birinin sözünü qəbul edə bilməmək…

Məsələnin nə qədər dərinliyinə istəsən enmək olar. Amma məncə əsas səbəb də eqodur. İnsanların eqosu o qədər yüksəkdir ki, ata-ana, bacı, qardaş və s. gözlərinə görünmür. Eqo yüksəkliyi isə, psixoloji bir haldır. Mənəm-mənəmlik, “mən deyən olmalıdır”, “mənim sözüm keçərlidir”, “mən niyə güzəştə getməliyəm”, “niyə boyun əyməliyəm?” və s. bu kimi fikirlər…

Övladların “mənə baxmayacaqdınsa, niyə dünyaya gətirmisən, səndən xahişmi etmişdim?”, “dünyaya gətirmisənsə, baxmalısan”, “məni dünyaya gətir, sonra da məndən sənə baxmağımı istə, bu haqsızlıqdır”, “baxa bilməyəcəkdinsə, niyə dünayaya gətirirdin”, “sənin beş dəqiqəlik həzzinlə mən dünyaya gəlib əziyyət çəkirəm” və s. kimi fikirləri...

Övladın valideyni şantaj etməsi, övladın valideynin şəxsi həyatına qarışması və s. kimi hallar qəbuledilən deyil. Bütün bunların arxasında isə, insanların istədikləri kimi yaşaya bilməməsi faktı durur. Nə qədər işsizlik yoxdur deyilsə də, sosial paket yüz dəfə dəyişdirilsə də, cəmiyyət dəyişən deyil. Niyəsi? Sovet dövründə hər kəs eyni yaşayardı. Məmurların belə artıq ev, avtomobil almağa ixtiyarı yox idi. Hamı bilirdi ki, dövlətin malını yeyənlərin qapısı döyülür və aradan götürülür. Bu gün məmurların, məmur övladlarının cəmiyyətdə at oynatması, pulu su kimi xərcləməsi, insan həyatını belə pul ilə ala bilməsi, evləri, avtomobilləri, yeməkləri - hər şeyi insanlar arasında iqtisadi ayrı seçkiliyin olduğunu sübut edir.

Etiraf edək ki, kasıb təbəqə çoxdur və cinayətlərin çox hissəsi də bu təbəqədə baş verir. Kim nə deyirsə, desin, bir çox cinayətlərin arxasında maddiyyat, pul-daha doğrusu pulsuzluq durur. Evli qadınların pullu-imkanlı kişi axtarışı, anaların-ataların övladlarından yaxşı işə girmə, pul qazanma tələbi və bəzi gənc qızların pul qazanmaq üçün seçdiyi uçurumlu yollar…

Bəs siz necə düşünürsünüz: Bu gün ailələrdə baş verən cinayətlərin səbəbi nədir?

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »