Rusiya ilə Ukrayna arasında əsas mübahisənin Kiyev tərəfindən Minsk razılaşmalarının icrasını dayandırması ilə bağlı olduğunu deyən Peskov, “Ukraynadakı vəziyyətin həllinə kömək edə biləcək hər bir ölkənin səylərini alqışlayırıq”,- deyib.
Bizimyol.info xəbər verir ki, Peskov bunu mətbuatın Rusiya ilə Ukrayna arasındakı gərginliyə son qoymaq üçün Ərdoğanın Putini və Zelenskini Türkiyəyə dəvət etməsi ilə bağlı xəbərinə cavab olaraq deyib.
“Türkiyə Ukraynaya Minsk razılaşmalarını yerinə yetirmək üçün təsir göstərə bilsə və onları daha əvvəl əldə edilmiş razılaşma və öhdəlikləri yerinə yetirməyə təşviq edə bilsə, bunu alqışlayacağıq”, - deyən Peskov təmasların yerinin ikinci dərəcəli olduğunu vurğulayıb.
Ukraynada vəziyyətin kifayət qədər gərgin olduğuna diqqət çəkən Peskov, bu ölkədə silah daşınması, hərbi manevrlər həyata keçirildiyini, NATO və Qərbi Avropa ölkələrinin təyyarələrinin uçduğunu gördüklərini bildirib. "Bütün bunlar Ukrayna ətrafında gərginliyə səbəb olur”, - Peskov bildirib.
Bundan əlavə, Peskov yaxın günlərdə ABŞ-dan təhlükəsizlik zəmanətləri ilə bağlı yazılı cavab alacaqlarına ümid etdiklərini bildirib.
Bizimyol.info