Azərbaycanda manatın devalvasiya ehtimalı ciddi müzakirə olunur. Amma neftin qiymətinin yüksək olması milli valyutanını ucuzlaşmasını müəyyən qədər təxirə salır. Azərbaycan nefti bu günlərdə 90 dollardan baha təklif olunmağa başlayıb. Söhbət son bir ildə qiymətin 65 faizə qədər artmasından gedir.
Bizimyol.info xəbər verir ki, ekspertlər neftin dünya bazarında dəyərinin yüksəlməsinin əsas səbəbi kimi qlobal böhranın bitmək ehtimalını göstərirlər. İstehsalçılar yeni yoluxma dalğalarının ölkələrin iqtisadiyyatlarına böyük zərbə vurmayacağına əmindir. Düzdür, Yəmən husilərinin Əbu-Dabi şəhərinə dronla hücumu da bazarda qızışdırıcı amil rolunu oynayıb. Amma açıq-aşkar görünür ki, illə bağlı müsbət gözləntilər işini görür. Qlobal böhranın yayda başa çatacağına inam böyükdür. Tezliklə yanacağa ehtiyac kəskin artacaq.
İlin ortalarında neftin barrelinin 100 dollardan baha satılacağı proqnozlaşdırılır. Rusiya enerji inkişafı fondunun direktoru Sergey Pikin deyir ki, nikbin proqnozları təbii qarşılamaq lazımdır. Çünki yarım ildir hər şey qiymətin yüksələcəyindən xəbər verir.
“Qlobal böhran yavaş-yavaş geri çəkilir. Yeni yoluxmalar əvvəlki qədər lokdaunlar, məhdudiyyətlər gətirmədi. Tələbat artmağa başlayıb. Geosiyasi qığılcımlar da öz işini görür. Yəmən husilərinin hücumunu da nəzərə almaq lazımdır. Onlar Əbu-Dabiyə yox, məsələn, Səudiyyə Ərəbustanına həmlə endirsəydi, indi neft 100 dollardan baha satılardı”.
Sergey Pikin 2019-cu ilin sentyabrında oxşar hadisəni xatırladıb. Onda Səudiyyə Ərəbistanına dron hücumu olmuşdu. Neftin qiyməti birdən-birə 17 faiz artmışdı. Sergey Pikin ilin ilk yarısında 100 dollar göstəricisini görəcəyimizi hesab edir.
“Neft ölkələrinin büdcəsinin formalaşması üçün yaxşı xəbərdir. Həmin dövlətlər milli valyutalarını da qoruya bilirlər. Rusiya çoxdandır bunu edir. Milli Rifah Fondu yaradılıb, 43 dollardan artıq əldə edilən gəlir ora yönəldilir. Beləcə, rublun dəyər itirməsinə imkan verilmir”.
Deməli, neft 2022-ci ildə yaxşı günlərini yaşayacaq. Nəzərə almaq lazımdır ki, bölgədə müharibə gözləntiləri var. Rusiya hər hansı ölkəyə hücum etsə, qiymət 100 dollardan xeyli yuxarı istiqamət alacaq. Savaş amili həmişə neft ölkələrinin işinə yarayıb.
Aytən, Bizimyol.info