Qobuda Qobustana bənzər maraqlı tarixi bir məkan var. Bu yer qədim zamanlarda insanların yaşayış məskəni olub.
Bu barədə Bizimyol.info saytına tarixçi məlumat verib. Onun sözlərinə görə, burada bir neçə min il əvvəl insanlar yaşayıb. Daşların üzərində müxtəlif naxışlar, oymalar, cızmalar, işarələr var. Bu da Türk dövrünə xas olan əlamətlərdir. Ən maraqlısı isə, burada olan mağaradır. Burada böyük bir qaya daşı var və qaya daşının altında mağara var. Həmin dövrlərdə insanlar bu mağarada yaşamış və mağaranın girişində böyük daşlardan divar tikmişdilər.

Mağaranın ətrafında qədim insanların izlərini bildirən bor çox əlamətlər var. Məsələn, qayanın üzərində su yığmaq üçün böyük bir çən ovulub. Çənin iki tərəfinə cızıqlar qoyulub. Belə çənlər Türk dövrü üçün səciyyəvidir və bunlardan Azərbaycanın başqa yerlərində də var. Eyni zamanda qayanın üzərində çox sayda çalalar var.
Tarixçi bildirir ki, bu abidənin 4-5 min illik yaşı var. Və dövlət tərəfindən tarixi abidələr siyahısına əlavə edilib qorunmalıdır. Çünki abidənin yaxınlığında daş karxanaları fəaliyyət göstərir və bu da abidənin tez bir zamanda məhv olması üçün şərait yaradır.
Qeyd edək ki, son zamanlar tarixi abidələrimizə qarşı vətəndaşlar tərəfindən soyqırım elan edilib. Bəzi qruplar qızıl, dəfinə axtarmaq eşqi ilə abidələri qazır, yararsız vəziyyətə salırlar. Efirdə və ya KİV-də haqqında yazılan abidələr araşdırılır və sonradan həmin abidələr ətrafında qeyri-professional şəkildə qazıntı işləri aparılır. Sözügedən abidənin də ətrafında vətəndaşlar tərəfindən qazıntı işləri aparılıb. Böyük ehtimalla, heç nə tapa bilmədikləri üçün qazma işləri yarım saxlanılıb.
Mütəxəssislərin fikrincə, dəfinə və xəzinələr tarixin abidələrin daha gizlin yerlərində altında olur. Yəni, qədim insanlar özlərinə məxsus qızıl-zinət əşyalarını üzdə saxlayacaq qədər ağılsız olmayıblar. Dərin qazıntılar üçün isə, xüsusi mexanizmlər və işarələri oxuma qabiliyyəti olan şəxslər lazımdır.
Bu barədə Bizimyol.info saytına danışan arxeoloq Eldost Babayev qeyd edib ki, tarixi abidələri dəfinə axtaran xüsusi qruplardan məhz dövlət qorumalıdır. Tarixi abidələrin məhv olması, tarixiliyini itirməsi məhz bu qazıntılarla əlaqəlidir.
“Tarixi abidələrin dibini, ətrafını qazıb yararsız hala salırlar. Kim edir, necə edir, biz bunu görmürük. Ancaq dövlət qurumları, bu sahədə daha diqqətli olmaldırlar” - deyə arxeoloq bildirib.
İlahin, Bizimyol.info