Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Nazarbayevin qardaşı da Qazaxıstanı tərk edib
Nazarbayevin qardaşı da Qazaxıstanı tərk edib

Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayevin ictimaiyyətə müraciəti bir çox suallara aydınlıq gətirdi. Amma açıq qalan suallar da az olmadı. Nazarbayevin prezident Kasım-Jomart Tokayevlə qarşıdurması, fikir ayrılığı yoxdursa, onda niyə qohumlarını bir-birinin ardınca işdən çıxarırlar. Nə üçün onun qızları tələm-tələsik ölkəni tərk edib? Nəyə görə indiyə qədər səssiz qalmışdı?

Bizimyol.info xəbər verir ki, bütün suallara biri də əlavə olunub. Niyə keçmiş prezidentin qardaşı da ölkəni tərk etmək zərurəti görüb? Qırğızıstanın rəsmi mənbələri də Bolat Nazarbayevin Qazaxıstandan getdiyini təsdiqləyir. Ölkənin keçmiş rəhbərinin qardaşı doğma Şamalqan kəndindən Qırğızıstanla sərhədə yollanıb. Onunla birlikdə daha 5-6 nəfər olub. Qonaqların avtomobilini Qırğızıstan tərəfdə ölkə rəhbərliyinə yaxın adamlar qarşılayıb. Sonra gələnlər Bişkek hava limanından birbaşa Dubaya uçublar. Aeroportun mətbuat katibi Aliyə Qurbanova havaya şəxsi təyyarənin qalxdığını bildirib. Amma “Bombardier”in kimə məxsus olduğunu deməyə çətinlik çəkib.

Müstəqil medianın Nazarbayevin qeyri-rəsmi həyat yoldaşı adlandırdığı Asel Kurmanbayevanın oğlu da Qazaxıstanı tərk edib. Nursain Nazarbayevin məhz keçmiş prezidentin qardaşı ilə Qırğızıstana yollandığı bildirilir.

Etiraz aksiyalarından sonra Nursultan Nazarbayevin üç kürəkəni vəzifədən uzaqlaşdırılıb. Dimaş Dosanov “KazTransOyl”un rəhbərliyindən gedib. Kayrat Şaripbayev daha “QazaqGaz”ın sədri deyil. Timur Kulibayev isə “Atameken” milli sahibkarlar palatasının rəhbəri postunu tərk edib.

Ekspertlər son hadisələri məhz Tokayevin hakimiyyəti öz əlində cəmləşdirmək cəhdi kimi qiymətləndirirlər. İlk baxışdan xalq etirazı görüntüsü yaradıldı. Amma plan məhz Nazarbayevi sıradan çıxarmaq idi. Çıxışda buna müəyyən eyham var. Nazarbayev Tokayevin ünvanına artıq-əskik ifadə işlətməsə də, kənar müdaxilədən danışıb. Yəni Rusiyanın Nazarbayev hakimiyyətinə son verilməsində vacib rolu olub.

Nazarbayevin, demək olar, yaxınlarının hamısı Dubayda toplaşıb. Qızı Aliyə Nazarbayeva yeri müəyyənləşəndən sonra bütün sosial şəbəkə hesablarını bağlayıb.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »