Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
2022-ci ildə daşınmaz əmlak qiymətlərində hansı dəyişiklik gözlənilir
2022-ci ildə daşınmaz əmlak qiymətlərində hansı dəyişiklik gözlənilir

Bakı şəhəri üzrə daşınmaz əmlak qiymətlərində artımın olması mübahisəsiz mövzudur.

“Media nümayəndələrinə ilk növbədə məsləhət görərdik ki, daşınmaz əmlak bazarında vəziyyət barədə birinci üz tutacaqları ünvan əmlak məsləhətçiləri və həqiqətən bazarı yaxından izləyən əmlak ekspertləri olsun. Çünki bazarın real qiymət mənzərəsini daşınmaz əmlakın alqı-satqısı proseslərində vasitəçilik edən əmlak məsləhətçilərindən, daşınmaz əmlak agentliklərindən daha yaxşı kimsə bilmir”,– bu barədə Bizimyol.info saytına iqtisadçı Abbas Məmmədov danışıb.

O qeyd edib ki, agentlik hər ay mütəmadi şəkildə bazardakı qiymət dəyişimi ilə bağlı analizlər aparır: “Bakı şəhəri üzrə demək olar ki, bütün növ daşınmaz əmlaklarda 2021-ci il ərzində qiymət artması açıq şəkildə özünü göstərib. Qiymət artımı xüsusilə 2021-ci ilin son rübündə özünü daha aydın göstərdi. Proqnozlarımız və mövcud tendensiyalar 2022-ci ildə daşınmaz əmlak bazarında, xüsusilə yeni tikili mənzillərin qiymətində ciddi artım olacağı yönündədir. Artıq bütün bazar iştirakçıları bu bahalaşmanı hiss edir. Bizim analizlərimizə əsasən, bunun bir neçə başlıca səbəbi var.

Pandemiya şərtlərinin yumşalması ilə ev alqı-satqısı prosesində bir xeyli canlanma baş verdi. Artıq daşınmaz əmlak bazarı əvvəlki səviyyəyə çatmasa da, müəyyən qədər özünü bərpa edə bilib. Hazırda deyə bilərik ki, mənzil bazarında tələb əsasən artma meyli göstərir. Bu, bazar iqtisadiyyatı şərtlərində daşınmaz əmlak qiymətlərinin yüksəlməsinin başlıca səbəbidir”.

Ekspertin sözlərinə görə, mənzillərə tələbatın artması fonunda tikinti-təmir sektorunda əvvəlki illərlə müqayisədə hazırda ciddi durğunluq var. Qiymətlərin yüksəlməsinə gətirib çıxaran əsas amillərdən biri də yeni çoxmərtəbəli binaların məhdud sayda inşa edilməsidir. Eyni zamanda çoxmərtəbəli binaların tikintisinə qanunvericiliklə müəyyən məhdudiyyətlərin gətirilməsi və şərtlərin qoyulması qiymət artımına istər-istəməz təsir göstərir və bunu yaxın gələcəkdə daha aydın hiss edəcəyik.

A.Məmmədov qeyd edib ki, son bir ildə tikinti materialları bazarında da rəsmi olaraq 30-40 faiz bahalaşma qeydə alınıb. Tikinti materialları qiymətinin getdikcə yüksəlməsi həm ilkin, həm də təkrar mənzil bazarı qiymətlərinin yüksəlməsinə ciddi şəkildə təsir göstərir. Çünki mənzil bazarı da bu kimi əlaqəli bazarlardakı qiymət dəyişikliklərinə, habelə gözləntilərə adekvat cavab verir.

“Bütün bu amillərlə yanaşı, bina tikintisi üçün torpaq sahələrinin getdikcə azalması, habelə qiymətlərinin qalxması, tikinti materialları qiymətinin yüksəlməsi ilə birlikdə düşünüldükdə, deyə bilərik ki, müəyyən müddətdən sonra həm ilkin, həm də təkrar mənzil bazarında qiymət artımı 15 faizdən yuxarı ola bilər”,- deyən A.Məmmədov bildirib ki, dövlət tərəfindən ayrılan ipoteka kreditləri də mənzil bazarında bahalaşmaya öz təsirini göstərən əsas amillərdən biridir. Belə ki, 2021-ci ilin son altı ayında dövlət xətti ilə ayrılan ipoteka kreditlərinin həcmi 2 dəfədən çox artıb. Bu da mənzil bazarında əhalinin alıcılıq qabiliyyətinin artmasına gətirib çıxarmış, nəticədə qiymət artımına da təsirsiz ötüşməyib.

“Beləliklə, 2021-ci il həm yeni tikili, həm köhnə tikili binalarda qiymət artımı ilə yadda qaldı. Fərdi yaşayış evlərində isə marağın və tələbin artmaması bu tip tikililərdə qiymət dəyişikliliyinə səbəb yaratmadı. Bir çox fərdi yaşayış evlərində xüsusi milkiyyət sənədinin olmaması və ya natamam sənədləşmə müştərilərdə bu tikililərin alınmasına etibarı azaltdı. Bu səbəblə də tələbin azalması fərdi yaşayış evlərinin qiymətlərində ciddi dəyişiklik yaratmadı”,- deyən A.Məmmədovun sözlərinə görə, 2022-ci ildə də mənzil bazarında qiymətlərin yüksəlməsi hazırkı bazar şərtlərində şübhəsizdir. Qiymət artımına yuxarıda göstərilən amillərlə yanaşı, inflyasiyanın real səviyyəsi, əhalinin inflasiya gözləntiləri, real gəlirləri, manatın dollar qarşısında məzənnəsinin sabit qalıb-qalmayacağı, əlaqəli bazarlarda idxal məhsullarının qiymətinə dair vergi siyasəti və s. öz təsirini göstərəcək.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »