Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"İcra hakimiyyətində zorakılıq qurbanlarına elə suallar verirlər, dəhşətə gəlirik"
"İcra hakimiyyətində zorakılıq qurbanlarına elə suallar verirlər, dəhşətə gəlirik"

Vəkil Rövşanə Rəhimova illərdir məişət zorakılığından əziyyət çəkənlərə hüquqi yardım göstərməklə məşğuldur. Yardım göstərdikləri arasında ərindən şiddət görən qadınlardan tutmuş, evində qızı və həyat yoldaşı tərəfindən zorakılığa məruz qalmış ahıl yaşda kişiyə qədər müxtəlif insanlar olub.

Rövşanə Rəhimova Bizimyol.info saytına danışır ki, son 7 il ərzində ən müxtəlif formalarda məişət zorakılığının qurbanlarıyla rastlaşıb. Qarşılaşdığı hadisələri, zorakılıq göstərən şəxslərin davranışlarını, qurbanların reaksiyalarını və s. məqamları təhlil edən vəkil hesab edir ki, bu cür hadisələrin hər birinə fərdi yanaşılaraq qiymət verilməlidir. Vəkilin sözlərinə görə, elə hallar olur ki, məişət zorakılığının qurbanı olan şəxs imkan tapıb, yardım üçün kimisə çağıra da bilmir: “Hər şey vəziyyətdən asılıdır. Bütün qurbanların vəziyyəti eyni olmur. Ona görə də biz birmənalı, ümumi şəkildə hamıya eyni cür səslənə biləmərik ki, filan situasiyada belə davranın. Risklər, təhlükənin miqyası fərqli ola bilər. Qarşısındakının emosional durumu da rol oynayır”.

Rövşanə Rəhimova Rövşanə Rəhimova

Rövşanə Rəhimova deyir ki, məişət zorakılığının qurbanları ya dostlarına, ya qohumlarına, ya hüquq-mühafizə orqanlarına şikayət etməlidilər. Bu, vəziyyətdən asılıdır, nə mümkündürsə, onu eləsinlər: “Çünki ilkin məsələ zərərçəkmişin təhlükəsizliyinin təmin olunmasıdır. Sonrakı mərhələ artıq hüquqi müstəviyə keçir”.

Vəkil “Məişət zorakılığının qarşısının alınması haqqında” qanununun 7-ci maddəsini yada salır. Həmin maddədə yazılıb ki, məişət zorakılığı ilə bağlı şikayətlərə cinayət-prosessual qanunvericiliklə müəyyən edilmiş qaydada baxılanda cinayət təqibilə yanaşı, bir sıra tədbirlər də görülməlidi. Həmin tədbirlər sırasında zərərçəkmişin dövlət hesabına dərhal tibbi yardımla, yardım mərkəzində müvəqqəti sığınacaqla, geyim və qida məhsulları ilə təmin edilməsi, ona mühafizə orderinin verilməsilə əlaqədar lazımi addımlarım atılması, onun psixoloji reabilitasiya kursuna göndərilməsi və s. də var.

Rövşanə Rəhimova qeyd edir ki, məişət zorakılığı qurbanlarının bir çoxunun qanunun yaratdığı bu imkanlardan xəbəri yoxdur: “Təəssüf ki, həm məlumatsızlıq var, həm də praktikada qanunun bu maddəsinin tətbiqində problemlərlə üzləşirik. Bunun da öz səbəbləri var. Çünki spesifik sahədir. Universitetdə bizə ayrıca dərs kimi keçmirlər. Hüquq-mühafizə orqanlarında bu sahə ilə məşğul olanlara ayrıca təlimlər keçməlidilər. Biz gedib qanundan danışanda görürük ki, 99 faiz hallarda xəbərsiz olurlar. Söhbət təkcə polis əməkdaşlarından getmir. Bir sıra başqa dövlət qurumlarında, icra hakimiyyəti orqanlarında elədir. İcra hakimiyyətində qurbanlara elə suallar verirlər, dəhşətə gəlirik”.

Vəkil xüsusən icra hakimiyyətində mühafizə orderlərinin verilməsində çox ciddi çətinliklərlə üzləşdiklərini deyir. Onu da vurğulayıb ki, mühafizə orderini verməli olan səlahiyyətli şəxslər əngəllər yaradırlar. Bəzən iş gedib məhkəməyə çıxır:

“Beş gün ərzində araşdırılıb, 24 saat ərzində verilməli orderi, biz aylarla ala bilmirik...”

Rövşanə Rəhimova zorakılığa görə ayrılmış cütlüklər arasında vasitəçilik edənləri anlamadığını deyir. Onun sözlərinə görə, zorakılıq olan yerdə barışığa cəhd göstərmək riskdir.

Vəkil məişət zorakılığının qarşısının alınması üçün hüquqi müstəvidə əsas addımlardan biri kimi, Azərbaycanın İstanbul Konvensiyasına qoşulmasının vacibliyini vurğulayır:

“Çox mükəmməl hazırlanmış beynəlxalq sənəddir. Hər detal nəzərə alınıb. Hətta hökumətin üzərinə stereotiplərlə mübarizə ilə bağlı da öhdəlik qoyur”.

Avropa Şurasının “Qadınlara qarşı zorakılıq və məişət zorakılığının qarşısının alınması və ona qarşı mübarizə haqqında” Konvensiyası 2011-ci il mayın 11-də imzalanmaya İstanbulda açıq elan olunduğu üçün “İstanbul Konvensiyası” adı ilə tanınır. İstanbul Konvensiyası qadınları hər cür şiddət və ayrı-seçkilikdən qorumağı, qadın və kişilər arasında bərabərliyi təşviq etməyi, bu məqsədlər üçün hərtərəfli proqram, siyasət və tədbirlər hazırlamağı və bu mövzuda beynəlxalq əməkdaşlığı genişləndirməyi hədəfləyir.

Rövşanə Rəhimovanın fikrincə, başqa bir zəruri dəyişiklik isə mühafizə orderlərinin verilməsi səlahiyyətinin icra hakimiyyətlərindən alınmasıdır:

“Mütləq mühafizə orderlərinin verilməsi səlahiyyəti icra hakimiyyətlərindən alınmalıdır. Bu səlahiyyət sahə müvəkkillərinə verilməlidir. ABŞ və başqa ölkələrdə də belədir. Sahə müvəkkilləri öz ərazilərində yaşayanlara bələd olurlar. Üstəlik, operativlik məsələsi də önəmlidir. Mühafizə orderlərinin verilməsində çətinlik olmamalıdır. Sahə müvəkkilləri 24 saat ərazini gəzirlər, buna səlahiyyətləri var. İcra hakimiyyətləri saat 6-dan sonra işləmir. Onları heç saat 6-ya qədər tapmaq olmur, qalmışdı saat 6-dan sonra olsun...”

Xüsusi qeyd: Zorakılığa məruz qalanlar və ya çevrəsində zorakılığa məruz qalan şəxslər, dəstək almaq üçün müraciət edəcəkləri bütün xidmətlərin əlaqə nömrələrini BU LİNKdən əldə edə bilərlər.

Aytən, Bizimyol.info

Bu yazı "Bizim Yol" MMC - Bizimyol.info xəbər portalı tərəfindən gender əsaslı zorakılığın mediada işıqlandırılması məqsədilə "DAYAN və DƏYİŞ" Layihəsi çərçivəsində hazırlanıb.

Son xəbərlər
Bütün xəbərlər »