Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bu gün onun ad günü olacaqdı: Azərbaycan kinosunun nəhəngi Eldar Quliyev...
Bu gün onun ad günü olacaqdı: Azərbaycan kinosunun nəhəngi Eldar Quliyev...

O, özünü “Bir cənub şəhərində” filmi ilə təsdiqləyib, Azərbaycan kino sənətində yeni bir mərhələnin təməlini qoydu. Gümüşgöl əfsanəsi (film, 1984), Burulğan (film, 1986), Təxribat (film, 1990), Dostuma məktub (film, 1992), Elegiya (film, 1997), Nə gözəldir bu dünya... (film, 1999), Girov (film, 2005) və s. onlar filmi ilə Azərbaycan kinomatoqrafiyasına töhfələr verən kinorejissor Eldar Quliyevin bu gün doğum günüdür. O, 18 yanvar 1941-ci ildə Bakıdan anadan olmuşdu...

Müsahibələrinin birində “Mən özüm üçün məni başadüşən həmkar axtarırdım. Hansı ki, işarələrlə və ya digər işlərlə öz münasibətini göstərib, məni rejissor kimi dəstəkləsin” - deyən Eldar Quliyev, Mixail Kolotzovun “Durnalar Uçur” filminə baxdıqdan sonra rejissor olmağa qərar verib.

E.Quliyev məhşur bəstəkar Tofiq Quliyevin ailəsində dünyaya göz açmışdı. Bəlkədə incəsənətə olan marağı da bundan qaynaqlanırdı. Gənc yaşlarında ona kinostudiyanın rəhbəri vəzifəsi təklif edilsə də, razılaşmır. Hesab edir ki, kinostudiya incəsənət məkanıdır. Orada iclaslar, toplantılar keçirilməməlidir.

1987-ci ildə “Təxribat” filmini çəkən rejissor uzun müddət filmdən uzaq qalır. O, deyirdi ki, həmin illər kinomatoqrafçılar üçün çətin günlər idi. Daha sonra gənclər üçün “Debüt” adlı studiya-laboratoriya yaradır. Həmin dövrdə bu studiyanın yeni rejissorlar yaradacağını düşünən E.Quliyev, sonradan məqsədinə çatmadığını da etiraf edir.

Həyatının böyük bir hissəsini kino çəkilişlərinə həsr edən rejissorun yaradıcılığında çəkdiyi, amma bəyənmədiyi filmlər də olur.

Bütün filmlərində sevgi mövzusuna toxunan rejissor müsahibələrində deyir ki, sevgi həyatdır. “Sevgisiz yaşaya bilən insan varsa, mən ona həsəd apararam” - deyən rejissor, ömrünün son illərində çəkdiyi filmlərindən sevə-sevə danışır.

Rasim Ocaqov, Müslüm Maqomayev, Həsən Turabov və s. digər şəxslərlə yaxın dostluğu olan E.Quliyev ancaq onu başa düşən şəxslərlə dostluq edirdi. Onlarla ssenarilər qələmə alan E.Quliyev, yaratdığı obrazlarda bir az da özünü görürdü. Bunu da dilə gətirmək istəmir, tamaşaçının ixtiyarına buraxırdı.

O, həm də Azərbaycanı sevirdi. Hər zaman deyirdi ki, “Vətənini sevən, vətən mənim üçün nə edib deməz, mən vətən üçün nə etmişəm deyər. Mən Azərbaycanlıyam. Bu vətənə borcluyam”...

Xalq artisti, kinorejissor Eldar Quliyev, yaradıcılığı boyu onlarla filmə imza atır. "İstiqlal", "Şərəf","Şöhrət" ordenləri, Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu, "Qızıl çinar" beynəlxalq mükafatı və s. orden və mükafatlarla təltif edilir.

Ötən il doğum günündə, yəni bu gündə rejissor infarkt keçirir. Bir müddət müalicə aldıqdan sonra aprel ayının 16-da dünyasını dəyişir.

Eldar Quliyev unudulmaz bir insan, gözəl rejissor idi. İllər keçəcək, nəsillər dəyişəcək. Amma “Babək”, “Bir cənub şəhərində”, “Bəyin oğurlanması”, “Güllələnmə təxirə salınır” və s. filmlərə baxan hər kəs onu bir daha yad edib, ruhuna rəhmət oxuyacaq...

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »