Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Xarici vətəndaşlar Azərbaycanda daşınmaz əmlaka niyə pul xərcləmir?
Xarici vətəndaşlar Azərbaycanda daşınmaz əmlaka niyə pul xərcləmir?

İqtisadiyyatın canlanması, xarici ölkələrdən vətənimizə vəsait axınını təmin etmək üçün ən yaxşı üsullardan biri də xarici vətəndaşları cəlb etməkdir. Hamımıza məlumdur ki, pandemiyadan öncəki dövrdə biz bunu bacara bilmişdik. Bu dövrdə bir çox ərəb və şərq ölkələrindən Azərbaycana böyük axın var idi. Bəs bu əcnəbilərin daşınmaz əmlak almalarını, ölkəmizə yatırımlar etmələrini təmin edə bildikmi? Ümumiyyətlə xarici vətəndaşların ölkəmizdə mənzil alqı-satqısı etmə qaydaları necədir?

Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev Bizimyol.info-nun suallarını cavablandıran zaman bildirib ki, istənilən xarici vətəndaş Azərbaycan Respublikasında daşınmaz əmlak ala bilər. Yalnız bu, mütləq olaraq çıxarışlı mənzil olmalıdır.

Elnur Fərzəliyev Elnur Fərzəliyev

“Çıxarışı olmayan, mülkiyyət hüququ tanınmıyan mənzilin alışı xarici vətəndaşlar üçün mümkünsüz deyil, amma onlar bundan qaçırlar. Əslində qanunla da xarici vətəndaşın əmlak yatırımı etməsi üçün mütləq şəkildə onun çıxarışı olmalıdır ki, mülkiyyət hüququ kimi tanına bilsin.

Son illər xarici vətəndaşlar arasında daşınmaz əmlak alanların sayı çoxdur. Bu isə onunla əlqədardır ki, xarici vətəndaşın Azərbaycan Respublikasında daimi qalması üçün o ya banka 100 min manatdan pul yatırımı etməli və yaxud da 100 min manatdan yuxarı dəyəri olan daşınmaz əmlak almalıdır, 5 il müddətində hər il onu qiymətləndirib, miqrasiyaya təqdim etməlidir.

Mənzil alışında heç bir istisnalar yoxdur. İstər dəyəri 10 000 olsun, istərsə də 100000-lə ölçülsə də xarici vətəndaş çıxarışlı mənzil ala bilər. Təbii ki, burada bəzi şərtlər və fərqlər ola bilər. Məsələn, sənədləşmə və s. işlərdə rüsumlar xarici vətəndaşlar üçün daha bahadır. Hətta bu rüsumlar təxminən 3 qat daha bahadır”.

Ekspertin sözlərinə görə, xarici vətəndaşlar Azərbaycanda Respublikasında mənzil ala bilsələr də torpaq sahəsi ala bilməzlər.

“Hətta həyət evi alsa da, evin çıxarışı varsa, onun adına keçə bilər. Amma torpaq sahəsinin xarici vətəndaşın adına keçməsi bizim qanunvericilikdə qadağandır. Bu, müxtəlif hallarda ala bilər. Məsələn, şirkət açıb həmin şirkətin adına ala bilər və yaxud hansısa ortaqlıq şərtləri əsasında ala bilər.

Təxminən iki il əvvələ kimi xarici vətəndaşların ölkəmizə marağı həddən artıq çox idi. Bunlar arasında daha çox ərəb, şərq ölkələrindən gələn xarici vətəndaşlar idi. Onlar bir neçə dəfə gedib-gəldikdən sonra Azərbaycana yatırımlar etmək, əmlaklar almaq istəyirdilər. Təəssüf ki, həmin dövrdə yeni tikili binaların böyük əksəriyyətinin çıxarışı yox idi. Bu səbəbdən də həmin o xarici vətəndaşlar Azərbaycandan əmlak ala bilmədilər. Həmin yatırımları isə qonşu ölkələr olan Gürcüstan və Türkiyəyə etdilər. Bu ölkələrin mənzillərinin mülkiyyət hüququ var idi deyə, pullarda məhz həmin ölkələrə axdı”.

Ekspert xarici vətəndaşlara mənzil bağışlanması məsələsinə də toxunub və bildirib ki, yalnız qan qohumluğu olan şəxslərə bağışlanma edilə bilər.

“Məsələn, valideyn öz övladına, anasına, bacısına, qardaşına, ata-anasına edə bilər. Lakin bu zaman da doğum haqqında şəhadətnamələr, ata-ananın nikah kağızı, şəxsiyyət vəsiqələri və s. sənədlərlə qohumluq əlaqələri təsdiqlənməlidir”.

Leyla Mirzə, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »