Avropanın, postsovet məkanının bir çox ölkələri Rusiyanın hücumunu gözləyir. Ukrayna göz qabağındadır. Kiyev 2014-cü ildə Kremlin hücumu nəticəsində Krımı itirib. Üstəlik, Donbass bölgəsində itirilən, tam nəzarət edilə bilinməyən ərazilər var. Moldova, Baltikyanı ölkələr təşviş içindədir. Sıraya İsveç də qoşulub.
Bizimyol.info xəbər verir ki, Skandinaviya ölkəsi Rusiyanın mümkün hücumunu dəf etməyə hazırlaşır. İsveç Qotland adasına hərbi qüvvə cəlb etməyə başlayıb. Çünki Rusiya Baltik dənizində istədiyini edə biləcəyini düşünür. Sualtı qayıqlar adanın lap yaxınlığına qədər gəlir. Kremlin Qotlandı işğal etmək arzusu İsveçə çox təbii görünür.
Skandinaviya dövləti adaya 10 tank və canlı qüvvə cəlb edib. Ölkə rəhbərliyinin diqqəti Qotlanddadır. Hərbi komandanlıq yeni duruma uyğunlaşmanın vacib olduğunu açıqlayıb. Açıqlamada Rusiyanın hərbi gəmilərinin Baltik dənizində fəallığının artmasının yaxşı heç nə vəd etməməsi xüsusi vurğulanıb. Həqiqətən də, Moskva həm gizlin, həm də aşkar olaraq İsveçi təhdid etməyə başlayıb.
Rusiyanın üç desant gəmisi Danimarka boğazından keçərək Kola yarımadasından İsveçə tərəf – Qdansk körfəzinin lap yaxınlığında qərarlaşıb. İsveç “Gripen” təyyarələrini havaya qaldırmalı olub. Avropanın bir sıra ölkələrinin aviapatrulları da bölgəyə nəzarət etmək üçün bura gəlib.
İsveçin Müdafiə naziri Peter Hultkvist hələ 2020-ci ilin sentyabrında Rusiyanın hücum planı ilə bağlı narahatlıq ifadə etmişdi. Onda Baltik dənizində NATO ilə yanaşı, Kreml də hərbi təlimlərə başlamışdı. Hultkvist Rusiya təyyarələrinin İsveçin hava gəmilərinin çox yaxınlığından uçduğunu qeyd etmişdi. Bundan sonra Qotland adasında təhlükəsizlik tədbirləri gücləndirilmişdi. Adada əsgərlərin sayının artırılması müzakirəyə çıxarılmışdı.
Qotland İsveçin qədim ərazilərindən sayılır. Uzaq keçmişdə burada vikinqlərin məskunlaşması, fəal ticarət əlaqələri qurması məlumdur. İndi adada 57 minə yaxın əhali yaşayır. Bunlardan 300-ü xüsusi missiyalı hərbçidir. Soyuq müharibə dövründə Qotlanda 20 min nəfərlik qoşun göndərilmişdi. Adanın geniş ərazisi böyük hərbi qüvvə yerləşdirilməsi üçün əlverişli şərait yaradır.
Aytən, Bizimyol.info