Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Heç özümüz də bilmirdik nələr baş verir" - "patı"nın qurbanı olan avropa çempionumuzun bacısı
"Heç özümüz də bilmirdik nələr baş verir" - "patı"nın qurbanı olan avropa çempionumuzun bacısı

Ötən ilin iyul ayında qəfil dünyasını dəyişən Avropa Çempionumuz Allahyar Abışovun yaxın zamanlarda sosial şəbəkələrdə yayımlanan ölüm anı videosu mərhum idmançını və onun ölüm səbəbini yenidən ölkə gündəminə gətirmiş oldu.

Ağırlıqqaldırma üzrə Azərbaycan millisinin üzvü olan Allahyar Abışov 26 yaşında qəfil dünyasını dəyişib. Ailə üzvlərindən bacısı Rəna Abışova hələ hadisə yeni baş verdiyi zamanlarda qardaşının ölümü barədə verdiyi açıqlamada onun “patı”ya qurşandığını qeyd edib: “Qardaşım gözəl idmançı idi, milli komandanın şərəfini qoruyurdu, nə oldusa pandemiya dövründə oldu. Bu müddət ərzində idmandan uzaq düşdü. Namaz qılan Allahyar, son 4-5 ayda pis uşaqlara qoşulmuşdu, heç özümüz də bilmirdik nələr baş verir. Ona uğurlarına görə mənzil də verilmişdi. Bir müddət öncə eşitdik ki, həmin uşaqlarla “patı”ya qurşanıb, amma artıq gec idi. Qardaşım bu maddəni yüksək dozada qəbul etdiyi üçün ölüb, elə deyirlər. Xahiş edirəm, hər kəs bunu paylaşsın, başqa gənclər ölməsin, bizi bu bəladan qurtarın”.

Bu müəmmalı ölümün arxasında yatan gizli səbəbin “patı” olduğu söyləniləndə, həyatını idmana, sağlamlığa verən bir gəncin niyə belə uğursuz seçim etdiyinin səbəbi anlaşılmaz qalır. Son zamanlar ölkədə sürətli yayılan və qarşısının alınması hardasa imkansıza çevrilən “patı”, “kakos” və bu kimi narkotiktərkibli zəhərli maddələr bir çox gəncin sağlamlığının əldən getməsinə, hətta bir çoxunun ölümünə səbəb olub. Amma bu zəhəri hər hansı birinin yox, məhz gələcəyi parlaq, idmanla məşğul olan gənc birinin qəbul etməsi, ağıllara belə bir sual gətirir: İdmançı “patı”dan dopinq kimi istifadə etmiş ola bilərdimi?

Azərbaycan Ağır Atletika Federasiyasının mətbuat katibi Kənan Məstəliyev mərhum idmançının hansı səbəbdən dolayı dünyasını dəyişdiyindən məlumatsız olduqlarını mətbuata bildirib:

“Allahyar yaxşı idmançı olub. Bu xəbəri eşitmək çox üzücü oldu. Amma niyə və nədən vəfat etməsi barədə məlumatımız yoxdur”.

Bu hadisə mənə 2014-cü il Soçi Qış Olimpiya Oyunlarını xatırlatdı. Həmin idman yarışları zamanı bir çox ölkələrin idmançılarından daha aktiv yarışan və qızıl medalların əksəriyyətinə sahib olan rus idmançıların daha sonra dopinqdən istifadə etdiyi məlum oldu. Aparılan araşdırmalar nəticəsində bu hadisədə Rusiya hökumətinin də əlinin olduğu aydınlaşdırıldı və daha sonra rus idmançılar növbəti olimpiyalara buraxılmama cəzası aldılar. Ümumdünya Antidopinq Təşkilatı (WADA) Rusiyanı Olimpiadada dövlət tərəfindən dəstəklənən dopinqdə ittiham etmişdi. “WADA”-nın hesabatında deyilir:

“Rusiya İdman Nazirliyinin özü, 2014-cü il Soçi Qış Olimpiya Oyunlarında iştirak edən idmançıların sidik nümunələrinin saxtalaşdırılmasına nəzarət edib və bu idarəçiliyi də özü aparıb”.

Araşdırılan və ortaya qoyulan real faktlara baxmayaraq, Rusiya rəhbərliyi bu məlumatları “yalan və böhtan” adlandıraraq, qəbul etmədi. Hərçənd ki, işin içinə ölkənin İdman Nazirliyi ilə yanaşı, xüsusi xidmət orqanları da qarışmışdı. Ölkə Prezidenti Vladimir Putin, rus idmançılara qoyulan bu qadağanı “ədalətsiz” adlandırmışdı. Hətta bununla bağlı Qərb mətbuatının hazırladığı sənədli film belə var.

İndi qayıdaq Azərbaycana. Bizim mərhum idmançı Allahyar Abışovun dopinqdən yox, məhz “patı”dan dünyasını dəyişdiyi onun ailə üzvü tərəfindən iddia olunur. Bəs 26 yaşlı gənc idmançı digər gənclərə örnək olmaqdan, nə üçün belə bir yanlış seçimə yönəlmişdi? Cavablar arasında idmançının “patı”dan dopinq kimi istifadə etmək niyyətinin olduğu ehtimalı daha çox nəzərə çarpır.

Əsl adı “Metanfetamin” olan “patı”nı hələ İkinci Dünya Müharibəsi illərində ABŞ və Almaniya ordusu yorğunluq yaranmasın deyə, şokolada qataraq, əsgərlərinə verirdi. İkinci Dünya müharibəsindən sonra isə, Amfetamini idmançılar qəbul etməyə başladı. İş o yerə çatdı ki, uzun məsafələrə qaçış zamanı yorğunluq hiss etməyən idmançılar elə yarışdaca ölürdü. Bundan sonra Amfetamin narkotik adlandırılaraq, qadağan olundu. Bizim el arasında işlətdiyimiz “patı” kəliməsi isə ingilis dilindəki “party” sözündən götürülüb və mənası “əyləncə, ziyafət” deməkdir. Bu preparatı qəbul edənlər səhərə qədər yorulmaq bilmədən rəqs edirlər. Hətta bu maddədən bəzi insanlar öz artıq çəkilərindən qurtulmaq üçün də istifadə edirlər. Nəticədə isə, çəkidən daha artıq və daha böyük problemlər, fəlakətlər yaranır…

Bu yaxınlarda mərhum idmançının sosial şəbəkələrdə yayımlanan ölüm anı videosunda O, yol yeridiyi zaman qəfil vəziyyəti pisləşir və bir qədər gedəndən sonra huşunu itirərək yerə çırpılır. Bir zamanlar telekanallarda gəncləri idmana cəlb etmək üçün məşhur azərbaycanlı idmançıların da iştirak etdiyi qısa videoçarxlar hazırlanırdı. Burada, əsasən, güləşçi və cüdoçular zərərli vərdişlərə yiyələnən gəncləri idman zallarına dəvət edir, onları öz sağlam cəmiyyətlərinə qatmağa çalışırdılar. Ancaq bu gün zərərli vərdişlərin, xüsusilə də “patı” kimi təhlükəli, ölümcül maddələrin ölkə idmanımızı, idmançılarımızı da əhatə etdiyini görmək hər birimizi kədərləndirir. Çox təəssüf ki, bu hadisə baş verdikdən sonra nə Federasiya, nə də İdman Nazirliyi mərhum idmançının ölümü haqqında heç bir araşdırma etmədi. Sadəcə bacısı onun belə bir zərərli vərdişinin olduğunu qeyd etdi. Bu günün özündə belə, Federasiya və Nazirlik bu məsələdə öz sakitliyini qoruyur.

Mövzu ilə bağlı sorğuda iştirak edən vətəndaşlardan İmran adlı şəxs bildirib ki, bəzi idmançıların bu vasitələrin təsiri altına düşməsi, iradəsini toplaya bilməməsi və nəticənin dəhşətli sonluqla bitməsi, bu zəhərlə mübarizə üçün tək aidiyyatı qurumlara yox, həmçinin ailələrə, idman təşkilatlarına da mesaj olmalıdır:

“Sağlamlıq üçün təhlükəli olan “patı”, “kakos” və bu kimi vasitələrlə polisin hər gün mübarizə apardığını, kiloqramlarla narkotik vasitələrinin ələ keçirildiyinin şahidi oluruq. Ancaq bununla iş bitmir. Bəli, güc strukturları bu vasitələrlə mübarizə aparmağa çalışır və aparır. Amma burada həm də ailələr də iştirak etməli, övladlarına nəzarəti artırmalı, onların kimlərlə ünsiyyətdə olduğuna, qazandıqları gəliri hara xərclədiklərinə diqqət yetirməlidirlər.

Hansı “patı” istifadəçisini dindirsən, deyəcək ki, onu bu zəhərə hansısa “dostu” cəlb edib. Yəni ən önəmli məsələ budur - kiminlə dostluq etdiyinizə diqqət edin. Heç kim birdən birə “gedim biraz “patı” alım, narkotik qəbul edim” demir. Hər kəsin bir başlanğıc zamanı olur və onu buna cəlb edən bir mərdiməzar mütləq tapılır” – deyə, sakin bildirib.

Mətin Şükürlü, Bizimyol.info

Paylaş »
››› Gürcüstan Putinə "yaltaqlanması" nəticə vermədi: Kreml arxadan zərbəni endirdi
››› Şimali Koreyada pandemiya böyüyür: Günahkar tapıldı
››› Rusiya cəmiyyətini diksindirən hadisə: "Ordu komandanlığının axmaqlığı ucbatından..."
››› Putin Lukaşenkonu niyə açıq savaşa çəkə bilmir... - Britaniya kəşfiyyatı
››› Kremlin "Çernobayevka macərası" və ya eyni yerdə 20 dəfə məğlub olmağın resepti
››› Putin sadəlövhdür, yoxsa ABŞ unutqan: NATO verdiyi vədi niyə pozub
››› Rusiya müharibədəki hədəflərini niyə dəyişib? - Sonun başlanğıcı
Koronavirusa dair informasiya saytı
Son xəbərlər
Bütün xəbərlər »