Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ət niyə bahalaşdı və ya "pulu kreditə ödəyək, yoxsa cəriməyə"...
Ət niyə bahalaşdı və ya "pulu kreditə ödəyək, yoxsa cəriməyə"...

"Bənzəmərik dünyada hər millətə,

Biz dözərik ölkədə hər zillətə,

Nuru boğub, yol açırıq zülmətə,

Mindiyimiz kor yabıdan düşmərik.

Yadlara qul, doğmalara düşmənik" - Mirzə Ələkbər Sabir

Yanvar ayının 10-dan sonra ət məhsullarının qiyməti birdən-birə artıb. Belə ki, kilosu 11-12 manat olan mal ətinin qiyməti 14 manata, 14 manata satılan quzu ətinin qiyməti 17 manata qalxıb. Ətin qiymətinin qəfil bir neçə manat artması, onsuz da çörəyin bahalaşmasına görə yaranmış sosial narazılığı daha da körükləmiş oldu.

...Yanında digər kəsilmiş heyvanların başlarının, ayaqlarının və digər üzvlərinin sıra ilə düzüldüyü bir qoyun, başını aşağı salaraq, durğun baxışları ilə həmcinslərinin kəsilmiş başlarına baxır. Ağzında dayanmadan çeynədiyi otla görünür, taleyi ilə barışıb. Ondan hardasa, üç metr kənarda isə bir dana bağlanıb. Ancaq qəssab yazıq dananı elə şəkildə bağlayıb ki, heyvan nə rahat çömələ bilir, nə də başını hərəkət etdirə bilir. Düz qarşısına isə, ondan bir neçə saat əvvəl kəsilmiş digər dananın qanlı başı qoyulub. Ətrafda onun kəsilməsini gözləyən “oğru” pişiklər, bağırsaq parçaları, ətrafa dağılmış heyvan nəcisləri və arx kimi axan qan burada heyvanların kəsilmədən öncə psixoloji olaraq “öldürüldüyünü” göstərir.

Qardaş Türkiyənin kəsim yarmarkalarında, eləcə də digər heyvan kəsimi yerlərində kəsilən iri və xırdabuynuzlu heyvanların gözləri bağlanılar, onlar kəsim yerinə gətirilərkən, orda axan qanı, kəsilmiş heyvanların bədən üzvlərini görməzlər. Təəssüf ki, bu gözəl adət hələ ki, bizim ölkədə tətbiq olunmur. Olunsa belə, yetəri qədər deyil və bu ürəkağrıdan mənzərə demək olar ki, bir çox qəssabxanalarda, kəsim yerlərində mövcuddur.

Kəsim yerinə reportaj üçün yanaşsam da, hələ içəri girməmiş, gördüyüm bu mənzərə bir çoxları kimi məni də narahat etdi. İçəridə orta yaşlarında bir qəssab və yanındakı gənc oğlan az öncə kəsilmiş heyvanın şaqqalanmış ətlərini dəmir qarmaqlardan asırdı. Qəssabla həm artan ət qiymətlərini, həm də elə bayırdakı mənzərəni bir qədər müzakirə etdik:

- Bayırdakı dananın başını niyə o qədər aşağıdan bağlamısınız? Görünür, əziyyət çəkir axı...

- Onu bir azdan kəsəcəyik. Elə bağlayırıq ki, qan axışı başına doğru getsin, kəsəndə key kimi olsun. Onu bir müddət elə vəziyyətdə saxlayırsan, sonra açıb kəsmək üçün yerə yıxanda, yarı huşsuz olur. Bu da işimizə yarayır, maneə törətmir.

- Digər heyvan kəllələrini onun qarşısına düzməyiniz də bu “narkoz”un bir parçasıdır, ya o başlar təsadüfdən ordadırlar?

- Onları içəridə yer olmadığından, həm də çoxusu heç satılmır, atılır deyə, ora qoymuşam.

- Nə qədər heyvan olsa da, o da canlıdır. Düşündüm ki, dili-ağzı olmasa da, o da bunun nə olduğunu anlayır, başa düşür. Heç olmasa, gözlərini bağlaya bilərdiniz...

- Sən deyəsən, bu heyvan haqları qoruyucularındansan (gülür). O heyvan qorxsa da, qorxmasa da, sonunda kəsiləcək. Necə deyərlər, qorxunun əcələ faydası yoxdur. Haqlısan, o kəsilmiş üzvlər onun qarşısında olmalı deyil, amma nə edək, arada unduruq da...

- Anladım. Bəs bu yuxarıda yazılmış “halal dana və quzu əti” sözlərini hər ət dükanında görürük. Sizcə, bu ifadənin mənası nədir?

- Halal kəsilmiş dana və quzu əti, yəni ki, təzə kəsilmiş, “sveji” ət. Ət köhnə olanda, murdarlanır və onda da haram sayılır.

- Başa düşdüm.. Heç olmasa, heyvanları kəsəndə, qibləyə döndərib, “Bismillah” deyirsinizmi? Bilirsiniz də, İslam qaydalarına görə, heyvanlar Allahın adı çəkilərək, kəsilməlidir.

- Hə, hə, niyə bilmirəm? Allaha şükür müsəlmanıq. Hər kəsəndə, deyirəm: “Bismillah, ya Allah, özün kömək ol!”

- Allahın kömək olmasını özünüzə istəyirsiniz, ya kəsilən heyvana?

- Yox, elə bütün müsəlmanlar üçün istəyirəm. Allah hamımıza kömək olsun.

- Amin... Bəs bu artan ət qiymətləri barədə nə deyə bilərsiniz? Siz də artırmısınız qiymətləri?

- Qardaş, vallah, imkan olsa, heç artırmaram. Amma bu heyvanları biz topdan satış qiyməti ilə alıb kəsirik. İndi topdan satışın qiyməti də artıb. Onu da soruşsanız ki, niyə artıb, izah edim. Bu heyvanlara verilən otların preslərinin qiyməti də bahalaşıb. Yəni, hər şey ordan qaynaqlanır. Heyvanın yeminin qiyməti artır. Satıcılar da məcbur qalırlar heyvanı baha qiymət satırlar. Biz də onlardan o qiymətə alırıq. İndi gedib, topdansatış yox, başqa pərakəndə qiymətlə alsaq, yenə eyni şey olacaq. Hər şey heyvanın yemi ilə əlaqədardır. Fərqi yoxdur, mal olsun, ya qoyun-quzu olsun. Tək bizim ölkədə belə deyil ki. İndi bütün dünyada “krizis”dir.

Söhbətdən bir qədər öncə içəri daxil olub ət almaq istəyən xanım müştəri qəssabın “indi bütün dünyada “krizis"dir” ifadəsinə qarşılıq verdi: “Bütün dünyada iqtisadi böhran var, mən razılaşıram. Amma həmin o dünya ölkələri bu böhranlara aylar, illər öncədən tədbir görürlər. Həmin o “dünya ölkələri”ndə satılan, bizim pulla kilosu 14-17 manatlıq ətləri alan vətəndaşlar 400-500 manat maaş almırlar. Onlar hardasa, bizim pulla min, iki min manat, hətta daha yüksək maaş alırlar. Onlarda iqtisadi böhran olanda, ərzağın qiyməti qalxanda, maaşlar, pensiyalar da qalxır. Daha bizdəki kimi 20-30 manat qaldırmaqla, baş aldatmırlar. Özümüzü dünya ölkələri ilə, Fransa, İngiltərə, ABŞ-la müqayisə edincə, hələ bir qonşu Gürcüstanla müqayisə edək də. Orada vətəndaşlarının karantin cərimələri də ləğv edildi. İndi orda heç kim fikirləşmir: “100 manatım var, gedim kreditimi ödəyim, ya gedib maska cəriməmi ödəyim? Gedib cəriməmi ödəyim ən yaxşısı, sabah gəlib, tutarlar”. Orda bunu düşünən yoxdur. Özümüzü başqaları ilə müqayisə ediriksə, yaxşı olanla da müqayisə etməliyik”,– deyə, özünün “Azərbaycan dili və ədəbiyyatı” müəlliməsi olduğunu bildirən xanım qeyd etdi.

Mətin Şükürlü, Bizimyol.info

Paylaş »
››› "Sui-qəsddən sonra daha çox təcrid olunub" - Hakimiyyət dəyişikliyi gözlənilir
››› Zelenskidən Putinə açıq hədə: "O, nə baş verdiyini başa düşmür..."
››› Türkiyə siyasətçisindən obrazlı etiraflar
››› Putinin yaxın adamı istintaqda hökumət üzvlərini "satıb"
››› “Azov”un əsirlikdə olan komandirindən xəbər var: "Özü haqqında danışdı və əlaqə kəsildi"
››› İcra başçısı əlili məhkəməyə verib: "Yanğın olsa, otur evdə, FHN gəlib səni qurtarar"
››› "Hər gülləni izləyirlər" - NATO-nun Ukraynaya yardım mərkəzi necə işləyir
Koronavirusa dair informasiya saytı
Son xəbərlər
Bütün xəbərlər »