Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Rusdilli Jurnalistlər Birliyi"nin qeydiyyatı yubadılır - Şikayət
"Rusdilli Jurnalistlər Birliyi"nin qeydiyyatı yubadılır - Şikayət

Utro.az portalının baş redaktoru Habil Ağazadə Prezident İlham Əliyevə müraciət ünvanlayıb.

Bizimyol.info xəbər verir ki, müraciətdə Habil Ağazadə Azərbaycanda fəaliyyət göstərən rusdilli jurnalistlərin ictimai birliyini yaratmaq istiqamətində üzləşdiyi problemlərdən bəhs olunur.

"Mən 2020-ci ildən bəri Azərbaycan mediasının bütün rusdilli nümayəndələrini birləşdirəcək "Rusdilli Jurnalistlər Birliyi"ni yaratmaqı qarşıma məqsəd qoymuşam. Respublikada müxtəlif jurnalist ittifaqların və birliklərin mövcud olduğuna baxmayaraq, bu günə kimi rusdilli jurnalistləri birləşdirəcək vahid bir təşkilat yaradılmamışdır.

Biz bu boşluğu doldurmaq qərarına gəldik, lakin süni şəkildə yaradılmış bir çox problemlərlə qarşılaşacağımızı gözləmirdik. Qarşımıza qoyduğumuz məqsəd yalnız dövlətimizin mənfəəti və maraqlarının təmin olunmasına xidmət edir. Bildiyiniz kimi, Azərbaycanda, bir çox postsovet ölkələrindən fərqli olaraq, rusdilli məktəbləri və rus dilində işıq üzü görən mətbu orqanlarını qoruyub saxlamaq mümkün olub, bu gün də rusdilli jurnalistləri birləşdirmək zərurəti meydana gəlmişdir.

Birlik qeydiyyatdan keçdikdən sonra biz tam şəkildə işə başlamağa hazırıq. Planlarımız çoxdur, lakin əsas məqsədlərimizdən biri rusdilli vətəndaşlara Azərbaycan haqqında həqiqətləri çatdırmaqdır. 44 günlük Vətən Müharibəsi dövründə ölkəmiz nəinki düşmənin təcavüzü ilə, həm də dünya ictimaiyyətinin və xarici oxucuların gözündə Azərbaycanı qaralamağa çalışan xarici mediada bir çox saxtakarlıqla qarşılaşdıqda, rus dilində nəşr olunan Azərbaycan mediasının bu təxribatla mübarizədə köməyi böyük idi. Hamımız ölkəmizin müdafiəsinə qalxmışdıq. Məhz, o dövrdə media sahəsində xarici dilləri mükəmməl bilən kadrlara ehtiyac var idi.

2020-ci ildə mən və Rusdilli Jurnalistlər Birliyinin digər təsisçiləri, o cümlədən "Новое Время" qəzetinin baş redaktoru, Azərbaycanın əməkdar jurnalisti Şakir Ağayev qeydiyyat üçün tələb olunan sənədləri toplamağa başladıq. Lakin dörd dəfə ərizə təqdim etməyimizə baxmayaraq, bu günə qədər sözügedən birlik bilinməyən səbəblərdən Ədliyyə Nazirliyində qeydiyyatdan keçməmişdir. Hər dəfə nazirlik qeydiyyatı həyata keçirməkdən yazılı şəkildə imtina edib. Bütün bunlar ölkədə Sizin təşəbbüsünüzlə keçirilən islahatlara ziddir. Bu islahatlar, ölkəmizdəki bütün dövlət strukturlarının işini daha da şəffaf aparılması və xidmətlərin vətəndaşlar üçün daha da əlçatan olması məqsədini daşıyır. Ancaq Ədliyyə Nazirliyinin işi, sanki dövlət siyasətiylə ziddiyyət təşkil edərək vətəndaşların qarşısına maneələr qoymaqdan ibarətdir.

Cənab Prezident, Sizdən bu problemi həll etmək üçün köməklik etməyinizi xahiş edirəm. İnanırıq və ümid edirik ki, bu məsələ tezliklə həll olunacaq və biz dövlətimizin maraqlarını təmin olunmasına xidmət edən məqsəd və ideyalarımızı həyata keçirmək üçün fürsət əldə edəcəyik".

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »