Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Uşaq bezindən düzgün istifadə necə olmalıdır?
Uşaq bezindən düzgün istifadə necə olmalıdır?

Yeni doğulan uşaqların ən həssas yeri, dərisidir. Körpələrin dərisini qorumaq üçün təbii məhsullara üstünlük vermək lazımdır. Doğulandan 2-3 yaşına qədər uşağın həyatında böyük yer tutan uşaq bezləri əslində uşaqların sağlamlığı üçün təhlükəlidir.

Mütəxəssislərin fikrincə, körpə bezləri hazırlanarkən tərkibə ftalat, sodium və digər zəhərli ətirli maddələr əlavə edilir. Bu maddələr isə uşağın sağlan inkişafı üçün böyük problemlər yaradır.

Məsələn, 20 il əvvəl körpə bezləri bu qədər yayılmamışdı. Valideynlər müxtəlif pambıq parçalarla uşaqlarını bələyir və həmin parçalar batdıqca dəyişdirilirdi. Sonradan bezlər meydana gəldi. Təbii ki, uşaq bezləri valideynlər üçün can rahatlığıdır. Bezi bağlayırsan və 2-3 saatdan bir dəyişirsən. Bu zaman nə parçaları yumağa vaxt xərcləmirsən, nə də gecə yarısı körpə altını isladıb deyə yuxudan durmağa ehtiyac qalmır. Bu rahatlıq, sonradan uşağın həyatında özünü müəyyən problemlərlə göstərir. Uşaqlarda böyüdükdən sonra sonsuzluq, hormonal pozuntular və hətta nəfər yolları problemləri də üzə çıxır.

Bir uşaq gündə orta hesabla 6-8 bez işlədir. Bəzən valideynlər qənaət edib, bunu 3 və ya 4-ə də endirə bilirlər. Bir ildə 3000-ə yaxın bez iki tona yaxın tullantı deməkdir.

Həkim pediatr İlhamə Qurbanova Bizimyol.info saytına müsahibəsində bildirib ki, bezlərin yaratdığı ən böyük problem dəridə allergik reaksiyalardır: “Körpə bezinin altında olan qızarıqlar varsa, böyük ehtimalla uşağın bezində dermatit var. Buna səbəb bezin tez-tez dəyişdirilməməsi, bezdə toplanan sidik və ifrazatdır. Əgər bezi açdığınız zaman uşağın dərisi yaşdırsa, bu uşağın sağlamlığı üçün təhlükəlidir. Dermatit həm uşaqlar, həm də valideynlər üçün ciddi bir problemdir. Əgər valideyn diqqətlidirsə, bezi tez-tez dəyişdirməsinə baxmayaraq, dəridə qızarıqlar əmələ gəlirsə, deməli uşağın allergiyası hansısa kosmetik vasitəyə qarşıdır”.

Körpə bezi allergiyasının müxtəlif səbəbləri var. Belə ki, bu gün mağazalarda keyfiyyətsiz, ucuz və saxta bezlər də satılır. İstehsalçılar bütün uşaq bezlərinin allergiya yaratmadığını iddia etsə də, bu belə deyil. Bununla yanaşı, istifadə edilən uşaq bezi markasının tez-tez dəyişdirilməsi də, bura daxildir.

Həkim bildirir ki, valideynlərə “bezlər təhlükəlidir, istifadə etməyin” demək olmaz. Çünki bu, bir seçimdir. Kim övladını necə böyütmək istəyirsə, elə də böyüdür. Həkimlər isə, sadəcə tövsiyyələr verə bilər.

“Valideynlər çalışmalıdır ki, uşaq gəzməyə başladıqdan sonra yavaş-yavaş bezi tərgitsin. Bu həm ailə büdcəsi üçün faydalıdır, həm də uşağın sağlamlığı üçün. Valideynlər bez alarkən diqqətli olmalı, saxta bezlər almamalıdır. Bəzi bezlər ucuz satıldığı üçün valideynlər onlara üstünlük verir. Hər vəziyyətdə uşağın sağlamlığını düşünmək lazımdır”,- deyə həkim bildirib.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »