Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Əksər sürücülər qış mövsümündə belə yay təkərlərindən istifadə edirlər"
"Əksər sürücülər qış mövsümündə belə yay təkərlərindən istifadə edirlər"

Qış, Bakıya yaraşmır. Qarın yağması, yolların buz bağlaması bütün vətəndaşları çətin vəziyyətə salır. Belə bir vəziyyətdə Bakıda ictmai nəqliyyatın fəaliyyətinə nəzarət edən qurumlar fəal olmalıdır ki, bu da çox zaman olmur. Avtobuslar arasında intervalların çox olması, əksər sürücüləri şəxsi avtomobillərindən istifadə etməyə məcbur edir. Bu da, çox zaman qəzaların baş verməsi ilə nəticələnir.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov mətbuata açıqlamasında bildirib ki, yağmurlu hava şəraiti paytaxtın bəzi ərazilərində sürüşmə ehtimalı yaradır.

Vəziyyəti nəzərə alıb, vətəndaşlardan şəxsi avtomobillərdən istifadə etməyərək ictimai nəqliyyata üstünlük vermələrini tövsiyyə edən V.Əsədov qeyd edib ki, belə havada avtomobil idarə edə bilən sürücülərə şərait yaradılmalı, avtomobillər texniki cəhətdən tam saz olmalı, təkərlərin mövsümə uyğun olmasına, şüşəsilənlərin yaxşı işləməsinə, dövlət nömrə nişanının aydın görünməsinə, işıq cihazlarının təmizliyinə diqqət edilməlidir.

Vaqif Əsədov Vaqif Əsədov

Eyni zamanda sürücüləri yol hərəkəti nişanlarının, işıqforların, nizamlayıcıların tələblərinə ciddi riayət etməyə çağıran bölmə rəisi əlavə edib ki, yollarda zolaqlardan düzgün istifadə olunmalıdır:

“Yolboyu sürət həddi minumuma endirilməli, ara məsafəsi isə normadan artıq olmalıdır. Eyni zamanda enişli-yoxuşlu yollarda elə sürət və məsafə seçilməlidir ki, qarşıdakı nəqliyyat vasitəsini və ya hər hansı maneəni aydın görmək olsun”.

Bölmə rəisi piyadalara müraciətində qeyd edib ki, piyadalar ayrılmış zolaqlardan istifadə etməli, nəqliyyat vasitəsinin qarşısına çıxmaqla sürücünü çaşdırmamalıdır.

Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfər Bizimyol.info saytına açıqlamasında bildirib ki, qış mövsümü başlayarkən sürücülər avtomobillərin hərkər hissələrinə diqqət yetirməlidirlər:

Əsasən təkərlər, şinlər dəyişdirilməli, mütləq qış təkərləri qoyulmalıdır. Təəssüf ki, Azərbaycanda əksər sürücülər qış mövsümündə belə yay təkərlərindən istifadə edirlər. Bu da yolverilməzdir. Çünki yay təkərləri qış mövsümünə uyğun deyil. Qış təkərləri ilə yay təkərləri arasında, təkərin özünün tərkibində elastikliyinə görə fərq var. Qış təərləri sırf materialına görə, fərqlidir. Şaxtaya dözümlü, buz üzərində hərəkət üçün dözümlüdür. Buna görə də qış mövsümü başlayan kimi qış təkərlərindən istifadə etmək lazımdır. Sürücü keçən ildən qış təkəri istifadə edirsə, yeni mövsümdə qar yağısa, qar yağandan sonra əgər sıfır dərəcə şaxta olubsa, qış təkərini təkrar yoxlatdırmalıdır. Əgər təkərlər elastikliyini itiribsə, mütləq yenisi ilə əvəz etmək lazımdır”.

Eldəniz Cəfər Eldəniz Cəfər

Ekspert, təcrübəsiz sürücülərə qış aylarında yağmurlu havalarda ictimai nəqliyyatdan, taksidən istifadə etməyi tövsiyyə edib.

“Təcrübəsiz sürücü dedikdə, biz sürücülük təcrübəsi 3 ildən az olan sürücülər nəzərdə tutulur. Bu qaydalara uyğun olaraq hər kəs özünə hesabat verməli, dərk etməlidir ki, onun sürücülük təcrübəsi azdırsa, təcrübəli sürücü deyilsə, belə havalarda, şaxtalı, çovğunlu havalarda avtomobil sürməsinlər”, - deyə E.Cəfərov bildirib.

Ekspert bildirib ki, qış mövsümünə hazırlıq ictimai nəqliyyatı təşkil edən qurumlara da aiddir. Qış mövsümü başlayan zaman nəqliyyatlarda marşrutların sayının artırılması, həmin marşrutların optimallaşdırılması, müəyyən önləyici tədbirlərin görülməsi də zəruridir. Çünki yağmur olan zaman vətəndaşlar daha çox ictimai nəqliyyata üstünlük verirlər.

“Belə hal olmamalıdır ki, vətəndaş öz avtomobilindən imtina edib, amma avtobus da yoxdur. Və yaxud da avtobuslar arasında marşrut intervallarının böyük 40-50 dəqiqə olması, Bakıkartların doldurulması və s. kimi problemlər olmamalıdır. Qış mövsümündə həmin qurumlar hazır olmalıdır ki, vətəndaşlara yüksək səviyyədə xidmət göstərə bilsinlər”, - deyə ekspert bildirib.

Qışda Bakı küçələrində acınacaqlı durum yaşanır. Daim küçələrin təmizliyinə diqqət yetirdiyini deyən və yolları duzladığı barədə açıqlamalar verən qurum, qarlı günlərdə yoxa çıxır. Yollar isə, buz üzərində rəqs edən avtomobillərə qalır. Qəza isə, qaçınılmazdır. Tövsiyələrə əməl edək!

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »