Tərbiyəsizin “tərbiyəçi” işləməsi, yaxud da “uzunqulaq nə bilir, zəfəran nədir?”
Dünən gecə saatlarında jurnalist Ləman Ələşrəfqızının şəxsi sosial şəbəkə səhifəsində paylaşdığı uşaq bağçasından görüntülər sosial şəbəkə istifadəçilərini və eləcə də cəmiyyəti dərindən sarsıdıb.
İsmayıllı rayonu, 1 saylı uşaq baxçasında baş verən rəzalət zamanı “tərbiyəçi” adı ilə işə görünən qadın sırf uşağın şəklini çəkib, bağçanın “instagram” səhifəsinə yerləşdirmək, ya da kiməsə göndərmək üçün onu məcbur edir. Daha sonra qadının nə demək istədiyini anlamayan körpə uşağın başına əli ilə ağır zərbə endirir. Zərbənin təsirindən bir anlıq özünü itirən və daha sonra nə olduğunu anlamayan uşaq naməlum və bir qədər küskün baxışlarla gözünü qadına dikir.
Aidiyyatı qurumlar – Təhsil Nazirliyinin və eyni zamanda Daxili İşlər Nazirliyinin rəsmiləri paylaşılan həmin videoya tez bir zamanda münasibət bildirdi və həmin “tərbiyəçi”nin kimliyi, işlədiyi yer qısa zamanda aydınlaşdırıldı. Bağçanın harada olduğunu öyrənəndən sonra “instagram”da axtarış verdim və “İsmayıllı ş. 1 saylı bağça” adlı səhifəni tapdım. Bu səhifədə bir çox uşaqların şəkli eyni qaydada – yemək yeyərkən, kameraya baxan vəziyyətdə çəkilmişdi. Amma hər birinin gözündəki qorxunu, kədəri də hiss etməmək mümkün deyil. Düşündüm, görəsən, bu uşaqların şəkilləridəmi eyni üsulla çəkilib? Onlardamı yemək yeməyə məcbur edilərək, ağzında yemək parçası ilə kameraya baxmağa zorlanıblar? Onlara qarşı da həmin şiddətin və daha artığının göstərilmədiyini deyib, üstündən sakitcə keçmək olarmı?

Bu səhər Təhsil Nazirliyi video ilə bağlı açıqlama yaydı. Açıqlamada bildirilir: “Uşağa qarşı şiddət göstərən İsmayıllı şəhəri 1 saylı körpələr evi-uşaq bağçasının tərbiyəçisi Baxışova Zülfiyyə Ədalət qızı ilə bağlanmış əmək müqaviləsi vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyinə, əmək müqaviləsi üzrə öhdəlikləri yerinə yetirmədiyinə, “Müəllimlərin etik davranış Qaydaları”nın tələblərini pozduğuna və azyaşlı ilə kobud rəftar etdiyinə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən 14 yanvar 2022-ci il tarixindən ləğv edilib”.
Təhsil Nazirliyi ilə yanaşı, DİN-dən də “tərbiyəçi” barədə lazımi tədbirlərin görüldüyü barədə açıqlama gəlib: “İsmayıllı rayonunda uşaq bağçalarının birində baş verən hadisə ilə əlaqədar rayon polis şöbəsinin təhqiqat qrupu bağçadadır, müvafiq sorğu və izahat işləri aparılır. Üç yaşlı usağı vuran bağçanın tərbiyəçi–müəlliməsi 1969-cu il təvəllüdlü Zülfiyyə Baxışova təhqiqata cəlb edilib. Həmin şəxs ailəlidir, 2 övladı var. Araşdırmanın nəticəsindən asılı olaraq, hüquqi tədbir görüləcəkdir”.
Evində azyaşlı övladları olan və xüsusilə də bu yaşdakı övladlarını baxçalarda işləyən tərbiyəçilərə əmanət edən valideynlər olduqca narahatdırlar. İndi bu hadisə ilə tanış olan hər kəs həmin qadına hansı cəzanın veriləcəyini səbrsizliklə gözləyir. Təhsil Nazirliyi “tərbiyəçi”ni həbs edə bilməz. Bu, aydın məsələdir. Bundan sonrakı proseslər əsasən DİN-in təhqiqat qrupu üzvlərinin və onların vicdanlarının üzərinə düşür.
Lakin necə deyərlər, “bir gül ilə bahar olmur”. O bağçada fəaliyyət göstərən bu “tərbiyəçi”yə lazımi nəzarəti göstərə bilməyən, yaxud göstərməyən, onun fəaliyyətini görməzdən gələn bağça rəhbərliyi də bu prosesə cəlb edilməli, layiq olduğu cəzanı almalıdırlar. Cəmiyyətin sosial sifarişi olaraq bu “tərbiyəçi” və onu bu bağçada işlə təmin edib əməllərini görməzdən gələn rəhbərlik DİN-in profilaktik və tənbeh tədbirləri çərçivəsində etdiyi əmələ görə üzr istəməlidir. Çünki “Gelandewagen” markalı maşında əyləşib, kasıb insanları təhqir edənlə, baxçaya “tərbiyəçi” düzəlib, bəli, elə məhz düzəlib, həmin insanların körpə balalarını qansızca döyən “adam”lar eyni əqidənin, daha doğrusu, əqidəsizliyin daşıyıcısıdırlar.
Hal-hazırda məsələ ilə bağlı aparılan prosesdə həmin şəxs işdən uzaqlaşdırılsa da, o, yenidən təhsil müəsisələrindən birində işləyə biləcəkmi? Sualla bağlı Bizimyol.info-ya danışan Təhsil Nazirliyinin rəsmisi Cəsarət Valehov bildirib: “Həmin şəxs artıq hər hansısa təhsil müəsisəsində işləyə bilməz. Çünki Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndi ilə işdən qovulan şəxsin yenidən hansısa təhsil müəsisəsində işləmək şansı yoxdur”.
Bəs bağçalarda tərbiyəçilərin işə görütülmə prosesi hansı qaydalarla aparılır? Təhsil Nazirliyinin digər nümayəndəsi Ceyran Eyvazzadə Bizimyol.info-ya bu barədə bildirib ki, hal-hazırda bununla bağlı vahid bir qayda yoxdur: “Sərəncam yeni verildiyindən, Nazirliklə bu qurum arasında təhvil-təslim işləri aparılır. Ona görə də bu barədə hələlik vahid bir qayda yoxdur. Çünki proses hələ yeni başlayıb və davam edir. O baxımdan, bununla bağlı rəsmi açıqlama verə bilməyəcəyik. Ancaq işəgötürmə ilə bağlı proseslər yavaş-yavaş başlayır. Hər hansı bir yekun qərar olduqda, bu barədə ictimaiyyətə məlumat veriləcək”.
Vətəndaşlardan biri isə bağçalara videomüşahidə kameralarının quraşdırılmasının vacibliyindən danışıb: “Məktəblərin dəhlizlərində olduğu kimi, həm məktəblərin, həm də bağçaların siniflərində də nəzarət kameraları olmalıdır. Valideynlər istədikləri zaman həmin kameraya bağlanıb öz övladlarını, onların nə etdiyini və onlarla necə davranıldığını müşahidə etməlidirlər. Artıq bu üsul dünyanın bir çox ölkələrində tətbiq olunur”.

Son olaraq, qeyd edim ki, İsmayıllı rayonu 1 saylı uşaq bağçasının “instagram” səhifəsinin idarəçiləri yemək masası ətrafında şəkilləri çəkilmiş uşaqların fotolarını silməyə başlayıblar. Paylaşımların sayı 677-dən 159-a endirilib.
Mətin Şükürlü, Bizimyol.info