Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Valyuta ehtiyatlarımız bizim milli təhlükəsizliyimizdir"
"Valyuta ehtiyatlarımız bizim milli təhlükəsizliyimizdir"

Əkrəm Həsənov: “Dövlət məmurları dövlət büdcəsinin başına daş salmamalıdır”

Azərbaycan prezidenti İlham Əliyev ölkə telekanallarına verdiyi müsahibəsində, valyuta ehtiyatlarımızın artdığını, baxmayaraq ki, keçən il böyük xərclərimizin olduğunu diqqətə çatdırıb. Onun sözlərinə görə, xüsusilə Qarabağ və Şərqi Zəngəzur bölgələrində və ölkəmizin digər yerlərində investisiya proqramı tam icra edilib.

“Buna baxmayaraq, valyuta ehtiyatlarımız 2,5 milyard dollar artıb. Bildiyiniz kimi, mənim hökumətə ümumi göstərişim ondan ibarət idi ki, biz valyuta ehtiyatlarının azalmasına imkan verməməliyik. Əgər lazım olarsa, xərcləri, xüsusilə investisiya xərclərini bir qədər azaldıb, amma valyuta ehtiyatlarımızı sabit saxlamalıyıq və çalışmalıyıq ki, artıraq. Çünki bu, bizə iqtisadi müstəqillik verir və iqtisadi müstəqillik olmadan, siyasi müstəqillikdən danışmaq mümkün deyil” – deyə dövlətimizin başçısı vurğulayıb.

Əkrəm Həsənov Əkrəm Həsənov

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, bank sektoru üzrə hüquqşünas Əkrəm Həsənov Bizimyol.info saytına açıqlamasında bildirdi ki, bizim kimi ölkələr üçün iqtisadi müstəqillik onun valyuta ehtiyatlarının həcmindən və siyasi müstəqilliyindən asılıdır: “Bu gün dünyada iqtisadi və siyasi müstəqillikdən çox şey asılıdır. Dünyada bir dənə fövqaldünya dövlət var, o da Amerika Birləşmiş Ştatlarıdır. Dünən ölkə prezidenti bu ölkənin Ermənistana dəstəyi barəsində bir fikir səsləndirdi. Buna baxmayaraq, bu ölkənin milli valyutası dünyada hökmranlıq edir. Bu, qanunsuz olsa da, bütün dünya dollardan istifadə edir. Bizim üçün də valyuta ehtiyatlarımız, əsasən də dollarla olan ehtiyatlarımız vacibdir. Biz hər şeyə rəğmən valyuta ehtiyatlarımızı qorumalıyıq, artırmalıyıq və heç nədən çəkinməməliyik. Bəzilər deyir ki, devolvasiya olacaq, valyuta ehtiyatlarımıza zərər dəyəcək və s. Olsa da, ölkəmiz üçün elə də ciddi təsiri olmayacaq”.

Müsahibimiz, son illər ərzində valyuta ehtiyatlarımızın artmasını bir neçə amillə əlaqələndirdi: “Ölkədə pandemiya dövrü olsa da, neftin qiyməti kifayət qədər qalxdı. Bu amil, eləcə də dünya bazarlarında neftin qiymətinin sabit qalması bizə kömək etdi. Müharibə dövrü, hətta müharibədən sonra azad olunmuş ərazilərimizdə tikinti və yenidənqurma işləri valyuta ehtiyatlarımıza təsir etmədi”.

Bəs bunun səbəbi nədir? Nəyə görə, bu işlər valyuta ehtiyatlarımıza təsir etmədi?

Həmsöhbətimiz bunu, Azərbaycanda son illərdə vergi və gömrük yığımları kifayət qədər artması ilə əlaqələndirdi: “Çünki, bu sahələr kifayət qədər şəffaf və qanuni olub. Yəni, toplanan vergi və gömrük yığımları kimlərinsə ciblərinə getməyib və bu sahələrdə aparılan islahatlar böyük səmərə verib. Valyuta ehtiyatlarının qorunub saxlanılmasında rol oynayan əsas amil əhaliyə dollar satışına qeyri-rəsmi məhdudiyyətlərin qoyulmasıdır. Hamımız bilirik ki, iki ildir ölkəmizdə bir vətəndaşa 20 min manatlıq limit tətbiq olunur. Bu vəziyyət qanunsuz olsa da, mövcuddur”.

Ölkə Prezidentinin, valyuta ehtiyatlarının 2,5 milyard dollar artması ilə bağlı verdiyi açıqlamaya münasibət bildirən hüquqşünas vurğuladı ki, bir çoxları ölkənin iqtisadi inkişafını valyuta ehtiyatlarına bağlamağa cəhd edirlər: “İqtisadi inkişaf toplanan vergilər və ölkədə fəaliyyət göstərən biznes, sahibkarlıq, dövlət şirkətləri hesabına baş verməlidir. Pul ehtiyatımız təbiətin bizə bəxş etdiyi neft və qaz resursları hesabına əldə edilir. Bu, Dövlət Neft Fondunun puludur və gələcək nəsillərimiz üçün saxlanılır. Prezident İlham Əliyevin dediyi kimi, bizim müstəqilliyimiz və təhlükəsizliyimizdir. İqtisadi inkişafa nail olmaq üçün ehtiyatlara toxunmağa ehtiyac yoxdur. Biz əslində valyuta məzənnələrini qoruyub saxlamalıyıq. Əgər dünya bazarında neftin qiyməti kəskin düşərsə, bu ehtiyatların xərclənməsi hesabına milli valyutamızını məzənnəsini qoruya bilərik. Ancaq 2014-2015-ci illərdəki vəziyyət düşməməliyik. Dövlətimizin başçısının dünən dediyi kimi, Azərbaycan Mərkəzi Bank manatın qorunması üçün 10 milyard dollar xərclədi. Bununla belə, prezident vurğuladı ki, AMB manatın məzənnəsini qoruya bilmədi. Əlbəttə ki, milli valyutamız nə qədər çox olarsa, qoruyub salamaq da mümkün olur. Valyuta ehtiyatlarımız bizim milli təhlükəsizliyimizdir”.

Prezident İlham Əliyev dünənki müsahibəsində bəyan etdi ki, əgər lazım olarsa, xərcləri, xüsusilə investisiya xərclərini bir qədər azaldıb, valyuta ehtiyatlarımızı sabit saxlamalıyıq və çalışmalıyıq ki, artıraq. Ölkə Prezdenti bununla nə demək istəyir?

"Prezdent bununla demək istəyir ki, mövcud ehyiyatları hansısa sahələrə, investisiya layihələrinə xərcləmək düzgün deyil. Əgər görsək ki, vergi yığımları investisiya və infrastruktur layihələrinin icrasına bəs etmir, o zaman valyuta ehtiyatları barəsində düşünə bilərik. Yəni, buna toxuna bilmərik və layihələrin icrasını məhdudlaşdırmaq lazımdır. Bir məsələyə də toxunmaq istəyirəm. Dövlət idarəçiliyində şəffaflıq nə qədər çox olsa, bir o qədər çox müsbət nəticə verər. Dünənki müsahibəsində Azərbaycan prezidenti jurnalistlərə müraciət etdi ki, ictimai nəzarətin və şəffaflığın təmin olunmasında bizə kömək edin. Dövlət məmurları dövlət büdcəsinin başına daş salmamalıdır”,- deyə həmsöhbətimiz bildirib.

Rövşən Ziya, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »