Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bağçada rəzalət və ya tərbiyəsiz "tərbiyəçi"nin işgəncə maşını - Fotolar
Bağçada rəzalət və ya tərbiyəsiz "tərbiyəçi"nin işgəncə maşını - Fotolar

Bağçalardan birində lentə alınan və dünən axşam saatlarından etibarən bütün sosial şəbəkələrdə yayılan görüntülər damarımızda qanımızı dondurdu, gecə yuxumuza haram qatdı. Videoda, balaca körpə və onu yemək yediyi yerdə şəklini çəkməyə çalışan, bunun üçün uşağı “qapazaltı” edən “tərbiyəçi” yer alırdı. Uşağın, “tərbiyyəçi”nin kim olması ilə bağlı müxtəlif fikirlər var. Deyilənə görə bağça İsmayıllı rayonunda yerləşən 1 saylı uşaq bağçasıdır. Amma kimliyinin inanın ki, heç bir fərqi yoxdur. Görüntülərdəki körpənin baxışları bəs edir ki, insanın ürəyi parça-parça olsun.

Görüntülərdə "tərbiyəçi" uşağın şəklini çəkmək istəyir, həm də xüsusi olaraq bir epizodu yaxalamaq niyyətindədir. Uşağı məcbur edir ki, bulkanı dişlədiyi zaman ağzında saxlasın və o da həmin epizodu çəksin. Ona görə də ara vermədən "saxla ağzında" deyə uşaqdan tələb edir. Uşaq isə, "tərbiyəçi"nin ondan nə tələb etdiyini başa düşmür. Hər dəfə bulkanı dişləyir və elə bilir ki, çeynəmədən ağzında saxlamaq tələb olunur. Sonra "tərbiyəçi" uşağın başına ağır əli ilə bir qapaz vurur, bulkanı uşağın ağzına yapışdırıb yenə tələb edir ki, "saxla ağzında, şəklini çəkim". Uşaq isə, məsum baxışları ilə adı "tərbiyəçi" olan bir şəxsin niyə belə etdiyini başa düşə bilmir.

Uşaq bağçasında tərbiyəçinin işağı döyməsi

Bağça ilə bağlı qısa araşdırma aparmaq, bu cür “tərbiyəçi”lərin işlədiyi təhsil mərkəzinin fəaliyyəti ilə maraqlanmaq istədim. Bu zaman bağçanın İnstagram hesabı ilə qarşılaşdım və dərhal səhifəyə daxil oldum. Səhifəyə ötəri göz atmaq niyyəti ilə girsəm də, gördüklərimdən dəhşətə gəldim. Deməli, bu bağça özünün “yaxşı” statusunu qorumaq üçün uzun müddətdir özünün reklamı ilə məşğul imiş. Reklamı isə bu körpələr üzərindən aparırmış. Hər uşağın qarşısına bir qab yemək qoyub, onların şəklini çəkir, səhifədə paylaşırlar ki, valideynlərin həssas yerindən vursunlar və elə fikir formalaşdırsınlar ki, onların uşaqları əmin əllərdədir. Bu şəkillərə heç tənbəllik etmədən bir-bir baxdım. Şəkillərdə bütün uşaqlar kədərli, gözlərində qorxu ilə baxırlar. Hətta şəkillər arasındakı uşaqlardan birinin gözünün yaşı yanağından axır. Görünür bu bağçada şəkil çəkdirmək üstündə döyülən körpələr az deyil. Bizi kim və necə inandıra bilər ki, bu bağçaya gedən digər uşaqlar da videodakı körpənin aqibətini yaşamayıb.

İndi isə gələk digər məsələyə. Bir çoxları videonu çəkən şəxsi qınayır. Amma əslində həmin şəxsə təşəkkür düşür. Çünki bu qədər uşaqla əslind hansı formada davranıldığını aşkara çıxardıb. Sosial şəbəkələrdə rəylərdə “çəkməkdənsə, bunun qarşısını alardı” deyə yazırlar. Doğrudur. Amma görünür ki, qarşısını almağa gücü yetməyib və ictimailəşdirilməsi üçün əlindən gələni edib.

Başqa bir məqam isə ondan ibarətdir ki, tək bu bağçada yox, əksər bağçalarda istər tərbiyəçi, istər dayə, istərsə də qeyri-iş sahibləri təsadüfi olaraq orada işləmir. Onlar ya müdirin qohumu, tanışı, ya da müəyyən miqdarda pul qarşılığında orada çalışırlar. Ona görə də bu gün bu cür hadisələrin şahidi oluruq.

Uşaq bağçasında tərbiyəçinin işağı döyməsi

Təəssüflər olsun ki, bu kimi hadisələrdə tək müəllimin işdən uzaqlaşdırılması qərarı ilə kifayətlənməli oluruq. Amma buna şərait yaradan bağça müdirələri öz kreslolarında “fırlanmağa” davam edirlər.

P.S. Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə bildirib ki, uşağa qarşı zorakılıq İsmayıllı rayonunun Aşağıbaş kənd bağçasında baş verib. Tərbiyəçi artıq işdən qovulub. Əlavə olaraq Daxili İşlər Nazirliyi də faktla bağlı araşdırmalara başlayıb.

Leyla Mirzə, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »