Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Başlayırlar tarixi abidələri söküb qızıl axtarmağa"
"Başlayırlar tarixi abidələri söküb qızıl axtarmağa"

"Abidələrin mühafizə zonalarının zəbt edilməsi və özbaşına tikinti işlərinin aparılması ilə bağlı cari il ərzində bir sıra faktlar aşkar olunaraq qarşısı alınıb".

Bu barədə Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfərli danışıb. Onun sözlərinə görə ötən il tarixi abidələrə zərər verilməsi ilə bağlı 19 fakt qeydə alınıb.

A.Cəfərli qeyd edib ki, abidələrin qəsdən korlama və ya məhv edilməsi ilə bağlı aşkar olunmuş 7 halla bağlı hüquq-mühafizə orqanlarına, 12 halla bağlı isə yerli icra hakimiyyəti orqanlarına müraciət olunub. Xidmət rəisi bildirib ki, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” qanunun 25-ci maddəsinə zidd olaraq, müvafiq razılıq və layihə sənədləri olmadan abidələrdə qeyri-professional səviyyədə bərpa-təmir və yenidənqurma işlərinin aparılmasına cəhd göstərilir. Belə ki, ötən dövr ərzində Dövlət Xidməti çoxlu sayda belə qanun pozuntuları aşkarlayaraq qarşısını alıb. Nümunə olaraq Ağdaş rayonunda Qarabəy karvansarası, Bərdə rayonu Lənbəran və Uğurbəyli kəndlərindəki məscidlərdə təsdiq edilmiş layihə olmadan aparılan işləri göstərmək olar.

Tarixçi Faiq Nəsibov Bizimyol.info saytına müsahibəsində bildirib ki, konstitusiyada abidələrin qorunması ilə bağlı hər kəsin məsuliyyət daşıdığı qeyd edilib: “Lakin bəzi şəxslər abidələrə məhəl qoymadan qızıl axtarırlar. Hansı abidəni göstərsən ki, burada tarixi abidə var, başlayırlar həmin abidəni söküb qızıl axtarmağa. Abidələri insanlar qorumalıdır, onlar da qorumaq əvəzinə dağıdırlar. Abidələrin qorunmasına daha çox bələdiyyələr nəzarət etməlidrlər. Məsələn, Türkiyədə bələdiyyələr tədqiqatlarla, arxeoloji işlərlə abidələrin qorunması ilə daha çox məşğul olurlar. Bizdə isə, bələdiyyələr bu işlə məşğul olmurlar. Dövlət tərəfindən təyin edilən nəzarətçilər isə, avtomobillə təmin edilmədiyi üçün çox zaman abidələrə gedib baxmır, nəzarət etmirlər. Bu barədə yazsan da, bürokratiya olduğu üçün yazdığına da fikri vermirlər. Dövlət tərəfindən abidələrin mühafizəsi çox çətindir, abidələri insanlar və bələdiyyələr qorumalıdır. Bu da baş vermir”.

Qeyd edək ki, çox zaman vətəndaşlar tarixi abidə deyilən kimi qızıl axtarmaq yadlarına düşür. Bura professional qızılaxtaranlarla yanaşı, qeyri-professionallar da qoşulur. Bu da, nəticədə abidələrin sıradan çxımasına səbəb olur. Digər tərəfdən isə, tarixi abidələrin profilini dəyişərək istifadəsi halları da gözə çarpır. Məsələn, Qobustan ərazisində Karvansaray dəfələrlə profilini dəyişib, kafe-restoran kimi fəaliyyət göstərsə də indi baxımsız vəziyyətdədir.

Tariximizi biz özümüz qorumalıyıq. Özümüz isə, qorumaqdan çox qızıl axtarmağa maraqlıyıq...

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »