Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İnsana donuz ürəyi köçürülüb: İslam dini buna yol verirmi?
İnsana donuz ürəyi köçürülüb: İslam dini buna yol verirmi?

Bir müddət əvvəl Amerikada insana donuz ürəyi nəql edilib. Əməliyyat 9 saat davam edib. Mütəxəssislər hesab edir ki, əməliyyatın həqiqətən də nəticə verib-verməyəcəyini bilmək hələ tezdir. Lakin bu, həyat qurtaran transplantlar üçün heyvan orqanlarından istifadə etmək üçün onilliklər boyu davam edən axtarışda irəliyə doğru bir addımdır.

Bəs İslam dini heyvandan insana orqan köçürülməsi ilə bağlı nə deyir?

Azərbaycan İlahiyyat İnstitutunun müəllimi, fəlsəfə üzrə fəlsəfə doktoru İbrahim Quliyev Bizimyol.info saytına açıqlamasında bildirib ki, Uca Allahın kainat üçün qoyduğu bir sıra qanun və prinsiplər var. Bütün elmlər, o cümlədən tibb elmi də bu qanun və prinsiplərin məhsuludur. Hansısa bir insanın ömrü boyu nə vaxtsa fiziki və ya mənəvi bir xəstəliyə tutulması şübhəsizdir. Hər iki xəstəliyin müalicəsi də din və tibb elminin vasitəsilə mümkündür. Maddi vücudu hərəkətə gətirən və idarə edən ruhdur. Din fiziki sağlamlığa laqeyd yanaşmır, lakin onun əsas işi ruhi sağlamlığa diqqət yetirməkdir. Əksəriyyəti ruhda meydana gələn xəstəliklərin bədəndə də əksini tapacağını düşünsək, dinin insan sağlamlığı adına ortaya qoyduğu hökmlərin əhəmiyyəti daha yaxşı başa düşüləcəkdir.

“İslam fizika, kimya, astronomiya kimi dəqiq elmlərə “fərzi-kifayə” nəzəri ilə baxır. Tibb elmi də bunların arasındadır. Bu da bizə tibbin hər əsrdə, hər zamanda mütləq hər hansı bir şəxs tərəfindən öyrənilməsinin zəruri olduğunu izah edir. Müsəlman dünyasında tibb elmi ilk vaxtlarda Yunan və Kiçik Asyadakı xalqların tətbiq etdikləri tibbi müalicə üsullarından təsirlənmişdir. İslamın yayılmağa başladığı ilk dövrlərində tibbi tətbiqlər əsasən həzrət Peyğəmbərin verdiyi məlumatlar çərçivəsində yerinə yetirilirdi. Qurani-Kərim və hədislərdə insanları araşdırmağa sövq edən tibbi göstərişlər, müalicə olunmağı tövsiyə edən bir çox xəbərlər vardır. Həmçinin müalicə üçün mütəxəssis həkimin seçilməsi zəruriliyini, müalicənin təvəkkül və qədərə əngəl təşkil etməyib, əksinə müalicə olmağın zərurət olduğunu, xəstəliyi müalicə etməklə bərabər, əhval-ruhiyyənin də xəstəliyin sağalmasında böyük təsiri olduğunu hədislərdə görürük. Hətta bəzi alimlərin tibbi məlumatın səmavi olduğunu irəli sürürlər. Bu haqda Əllamə Məclisi (1628-1700) yazırdı: “Tibb elmi dəqiq və doğru elmdir. Bu elm sabit olub, yolu isə vəhydir. Belə ki, alimlər bu elmi peyğəmbərlərdən öyrəniblər. Çünki dərdi və onun dərmanını yalnız onu bilən qüvvədən eşitməklə bilmək olar. Deməli, bu elmi bilməyin yolu bütün gizlinlərdən xəbərdar olan Allah-Təaladan öyrənməkdir.”” - deyə İ.Quliyev bildirib.

O, qeyd edib ki, bəzi mütəxəssislərə görə, tibb tarixinin ilk dövrləri demək olar ki, cadugərlikdən ibarət idi. Lakin bu fikri tam mənası ilə qəbul etmək doğru deyildir. Çünki hədisi-şəriflərin də bizə verdiyi məlumatdan belə məlum olur ki, tibb bir elm kimi ilk dəfə olaraq həzrət Adəmə verilmişdir. Bu fikri Əli bin Tavus belə ifadə etmişdir: “Uca Allah, həzrət Adəmi Cənnətdən endirdi və ona hər şeyi öyrətdi. Öyrətdiklərinin arasında astronomiya və tibb elmləri də vardı.”

Deməli, buradan belə nəticə çıxarmaq olar ki, tibb elmi Uca Allah tərəfindən ilk insana öyrədilmiş bir elmdir və onun tarixini cəfəngiyata bağlamaq doğru deyildir.

Qeyd edək ki, tibb sahəsində hər gün yeni kəşflər baş verir, yeni tədqiqatlar aparılır və insanların rifahı üçün yeni xidmətlər göstərilir. Həzrət Peyğəmbər hədislərinin birində təbabətin daim inkişaf edəcəyinə və nəhayət, bütün xəstəliklərin dərmanının tapılacağı zamanın gələcəyinə işarə etmişdir. O, “İki şeydən başqa: qocalıq və ölümün dərmanı yoxdur” deməklə təbabətdə hər bir dərdə əlacın olacağını bildirmişdir. Digər bir hədisdə də xəbər verilir ki, həzrət Peyğəmbər tibbi araşdırmaya təşviq edərək belə buyurmuşdur: “Allah heç bir xəstəlik yaratmamışdır ki, onun şəfasını da yaratmasın. Əgər hardasa xəstəlik varsa, deməli, çarəsi olmalıdır. Əsas odur ki, insan ümidini itirməsin və dərman axtarışına davam etsin.”

Mütəxəssis qeyd edir ki, insan həyatı baxımından orqan transplantasiyası böyük əhəmiyyət kəsb edir. Çünki bu üsula alternativ yoxdur. Əgər belə bir alternativ olsaydı, o zaman orqan transplantasiyasına ehtiyac qalmazdı. Orqan transplantasiyası nisbətən yeni, alternativi olmayan üsul olduğundan bəzi müsəlman alimlərinin buna münasibəti mənfidir. Lakin müasir İslam təşkilatları və qurumları ilə bərabər tanınmış fəqihlər müəyyən şərtlər daxilində orqan transplantasiyasını icazəli hesab edirlər.

Məlum olduğu kimi, orqan və toxumaların transplantasiyası (əzaların köçürülməsi) müasir tibbin mühüm məsələlərindəndir. Qədimdə, xüsusilə də İslam dininin meydana gəldiyi ərəfədə təbabətdə belə hallar olmadığı üçün Qurani-Kərimdə və həzrət Peyğəmbərin hədisi-şəriflərində bu kimi hallara rast gəlinmir. Buna görə də mövzunun dini kontekstdə araşdırılması müsəlman dünyasının ən görkəmli və ən məşhur fəqihlərinin (islam hüquqşünaslarının), yaxud da müsəlman dünyasında dini mərkəz kimi tanınan qurumların açıqlamaları əsasında təhlil edilir. Bildiyimiz kimi, transplantasiya ixtisaslaşmış həkimlər və tibbi mərkəzlər tərəfindən həyata keçirilir. Buna görə də transplantasiyanın özünəməxsus şərtləri və qaydaları vardır. Müasir İslam şəriətində də mövzu bütün ciddiyyəti və təfərrüatı ilə araşdırılmış, onun tibbi şərtləri və qaydaları olduğu kimi, şərii şərtləri və qaydaları da müəyyən edilmişdir. Belə ki:

  1. Müsəlman meyitin əzasının (məsələn, göz və s.) kəsilib diri bir insana köçürülməsi haramdır. Bu əməliyyatı həyata keçirən şəxsin də diyə (qanbahası) ödəməsi lazımdır.
  2. Əgər müsəlman bir şəxsin həyatının xilas olması başqa bir müsəlman meyitin əzasının ona köçürülməsindən asılıdırsa, həmin əzanın kəsilməsi icazəlidir.
  3. Əgər bir şəxs vəfat etdikdən sonra cəsədinin bir üzvünün diri olan müsəlman bir şəxsə (ehtiyacı olduğu halda) köçürülməsini vəsiyyət edərsə, bu vəsiyyətin doğruluğunun şübhəli olmasına baxmayaraq, ona əməl etmək icazəlidir.
  4. Əgər insan sağ ikən onun bir əzasının kəsilib digər bir şəxsə köçürülməsinə razı olsa belə, bu işi icra etmək (məsələn, bir qolunun, ayağının və ya gözünün köçürülməsi kimi) onun özünə ciddi zərər gətirərsə, icazəli deyil. Amma əgər şəxsin özünə ciddi zərər gətirməzsə, icazəlidir.
  5. Qeyri-müsəlmanın (kafirin) bədən üzvünün müsəlman bir şəxsə köçürülməsi icazəlidir və köçürmə işini icra edən şəxsin diyə (qanbahası) ödəməsi lazım deyil.
  6. Heyvanların əzasının insana köçürülməsi icazəlidir. O heyvan murdar heyvan olsa belə (məsələn, donuz kimi) onun hər hansı bir üzvü insana köçürülə bilər və köçürülən üzv pakdır.
  7. Müsəlman meyiti parçalamaq haramdır. Amma kafirin meyitini parçalamaq icazəlidir.
  8. Müsəlman bir şəxsin həyatını xilas etmək üçün kafir meyit olmasa, müsəlman meyiti parçalamaq icazəlidir.
  9. Təcrübə keçmək üçün müsəlman meyitin cəsədini parçalamaq icazəli deyil. Lakin bu təcrübə bir müsəlmanın həyatını xilas etmək üçün olsa, icazəlidir.

Bütün bu deyilənlərin fonunda aşağıdakı nəticələrə gəlirik:

  • Dinimizdə başqalarının həyatını xilas etmək zəruri məsələlərdəndir. Buna görə də ticarət və ya estetik məqsədlər üçün deyil, yalnız başqasının canını xilas etmək üçün orqan köçürməsinə icazə verilir.
  • Orqanını verən insanın özü ciddi əziyyətə düşməməli, özünü şikəst etməməlidir.
  • Orqanını verən şəxsin özünün və yaxud da yaxınlarının razılığı olmalıdır.
  • İslamda müsəlmanın həm dirisi, həm də ölüsü xüsusi hörmətə layiq olduğundan kafir cəsədi olduğu halda müsəlman şəxsin meyitini yarmaq icazəli deyil. Amma zərurət yaranarsa, hökm dəyişir.
  • Şəriətdə murdar hesab edilən heyvanların orqanlarından istifadə etmək icazəlidir və onlar köçürüldükdən sonra insanın orqanlarından biri olaraq pak hesab edilir.
  • Xəstəliyin yalnız bu yolla sağala biləcəyinə həkim mütəxəssislərin qərarı olmalıdır və s.

Son olaraq bunu qeyd edə bilərik ki, canlı insandan orqan transplantasiyasına gəlincə, həkimlər donordan orqanların götürülməsinin onun sağlamlığına zərər verməyəcəyini təsdiqləməlidirlər. Bir orqanın çıxarılması donorun həyatı üçün təhlükə yaratmamalıdır. Orqanlar satılmamalı, başqa şəxsi maraqlar güdülməməlidir.

Deməli, İslam dini transplantasiyaya icazə verir, nəzərə alsaq ki, faciəvi ölümdən sonra insan başqa insanların həyatını xilas edirsə, bu, böyük mərhəmət və xeyirxahlıq sayılır.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »