Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Helikopter qəzasına görə həbs olunan partiya sədrinin vəkili: “Bircə o qalmışdı ki, hakim bizi döysün...”
Helikopter qəzasına görə həbs olunan partiya sədrinin vəkili: “Bircə o qalmışdı ki, hakim bizi döysün...”

Xızıda – Qaraheybət poliqonunda 14 nəfərin öldüyü vertolyot qəzasıyla bağlı səsləndirdiyi fikirlərə görə həbs olunan Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyevin vəkili onunla bağlı məhkəmə prosesindən narazı qalıb.

Vəkil Cavad Cavadov Bizimyol.info-ya açıqlamasında bildirib ki, Əli Əliyevin 5 ay azadlıqdan məhrum edilməsi haqda yanvarın 13-də Yasamal rayon Məhkəməsində çıxarılan hökmdən apellyasiya şikayəti veriləcək: “Bütün hüquqi müdafiə vasitələrindən istifadə edəcəyik, başqa yol yoxdur”.

Cavad Cavadov Cavad Cavadov

Əli Əliyev sözügedən qəzadan sağ çıxan, Dövlət Sərhəd Xidmətinin Xüsusi Hava Əməliyyatları Qüvvələri qərargahının taktiki hazırlıq və hava atəşi üzrə baş zabiti, polkovnik-leytenant Emil Cəfərovun xüsusi ittiham qaydasında qaldırdığı iddia əsasında məhkəməyə cəlb olunub. Partiya sədri dekabrın 9-da internet televiziyalarından birində vertolyot qəzasını şərh edərkən hadisədən sağ çıxan hərbçi kimi efirdə müsahibə verən Emil Cəfərov və Ramin Ədilovun dediklərinə toxunub. Əli Əliyev konkret ad çəkməsə də, danışan şəxslərin hadisə vaxtı vertolyotda olduğuna inanmadığını bildirib.

Bundan sonra hər iki zabit Əli Əliyevə qarşı xüsusi ittiham qaydasında iddia qaldıraraq, partiya sədrinin Cinayət Məcəlləsinin 147.1 (böhtan) maddəsilə 6 ay azadlıqdan məhrum edilməsini istəyib. Yanvarın 13-də Emil Cəfərovun şikayəti üzrə hökm oxunub. Ramin Ədilovun şikayəti üzrə məhkəmə prosesi isə davam edir.

Yanvarın 13-də məhkəmə prosesinin gedişində Əli Əliyevin vəziyyəti pisləşib, təzyiqi yüksəlib, məhkəmə binasına təcili tibbi yardım çağırılıb.

Məhkəmədə partiya sədri bildirib ki, səhhətindəki problemlərlə əlaqədar çıxış edə bilməyəcək. Buna baxmayaraq, hakim prosesi davam etdirib.

Əli Əliyev çıxışında deyib ki, o, çıxışında şikayətçi olan şəxslərin heç birinin adını çəkməyib, onları heç tanımır. Sadəcə, fikir azadlığından istifadə edərək, qiymətləndirici mülahizə irəli sürüb: “Mən siyasətçiyəm, qəza ilə bağlı öz düşüncə və gümanlarımı bölüşmüşəm. Konstitusiya, qanunlar mənə ifadə azadlığı verir. Mən inanmıramsa, bu da mənim fikrimdir. Mən heç kimə böhtan atmamışam”.

Partiya sədri əlavə edib ki, nəyəsə inanmamasına görə cəzalandırılması istər ölkə Konstitusiyası və yerli qanunlarla, istərsə də Azərbaycanın qoşulduğu beynəlxalq konvensiyalarla təminat verilən söz və ifadə azadlığına ziddir.

Vəkil Cavad Cavadovdeyir ki, məhkəmə prosesi prosessual qanunvericiliyin normalarının pozulmasıyla keçirilib. Nə Əli Əliyevə, nə də vəkillərinə çıxışa hazırlaşmağa imkan verilib. Müdafiəçinin sözlərinə görə, hakim tələsik partiya sədri haqqında azadlıqdan məhrumetmə hökmünü elan etməklə işini bitirmək istəyirdi.

“Əli Əliyevin səhhəti pisləşdi. Təzyiqi 220/130 idi, buna baxmayaraq, hakim təkidlə prosesi davam etdirdi. Faktiki nə biz vəkillərə çıxış eləməyə imkan verdi, nə də Əli Əliyevi son sözünü deməyə qoydu. Prosesin gedişi də göstərirdi ki, belə hökm veriləcək. Hətta Əli Əliyevə nahar fasiləsində gedib çörək yeməyə də imkan vermədilər. Bircə o qalmışdı ki, məhkəmənin hakimi vəkilləri döysün...”, - vəkil bildirib.

Cavad Cavadovun sözlərinə görə, müdafiə tərəfi digər iddianın da eyni icraatda birləşdirilməsini və birlikdə baxılmasını istəmişdi. Qanun da, məntiq də bunu tələb edirdi. Lakin bu barədə vəsatət təmin olunmayıb. Müdafiəçinin fikrincə, ola bilsin, digər iddiaya baxılanda Əli Əliyevə verilən cəza daha da ağırlaşdırılar.

Sözügedən helikopter qəzası noyabrın 30-da Xızı rayonu ərazisində baş verib. Qəza nəticəsində ikisi polkovnik olmaqla, 14 nəfər müxtəlif rütbəli hərbçilər həlak olub.

Dekabrın 20-də Baş Prokurorluğun yaydığı açıqlamada bildirilib ki, pilotların eniş zamanı küləyin istiqamətini və sürətini nəzərə almaması, idarəetmədə yol verdikləri kobud səhvlər helikopterin qəzaya uğramasına səbəb olub.

Aytən, Bizimyol.info

Paylaş »
››› Rusiyada dollar satışını dayandırıblar
››› Rubl ağır günlərini yaşayır: Azərbaycana hansı təsirləri olacaq?
››› Almaniyada qalıb yaşamaq istəyənlər necə davranmalıdır
››› Dünya bazarında Azərbaycan nefti bahalaşır: Halımıza nə təsiri olacaq?
››› "Ölüm yolu": İnsanların həyatına qənim kəsilən yolda niyə tədbir görülmür...
››› "Mən bu şeiri sənin harana yazım" - Bakı Nəqliyyat Agentliyi milli fəlakətə çevrilib
››› Qardaş ölkədə “çörək imtahanı”
Son xəbərlər
Bütün xəbərlər »