Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Naxçıvanlılar kimlik vəsiqəsi almaq üçün niyə mütləq Naxçıvana getməlidirlər?..
Naxçıvanlılar kimlik vəsiqəsi almaq üçün niyə mütləq Naxçıvana getməlidirlər?..

Qapalı yerlərə giriş üçün artıq üçüncü doza vaksin sertifikatı tələb olunacaq. Buna baxmayaraq, hələ də vaksin vurdurmayan, ya da müəyyən sağlıq problemlərinə görə vaksinasiyadan keçməsi həkimlər tərəfindən məsləhət görülməyən vətəndaşlar da yetərincədir. “Əks- göstəriş sertifikatı”nın verildiyi şəxslərin hamilə və süd verən analar, allergiyası olan şəxslər olduğu bildirilsə də, bu yaxınlarda həmin siyahıya epilepsiya xəstələrinin də daxil olduğunu öyrəndim. Epilepsiya daşıyıcısı olan sakin hər hansısa klinikaya, tibb məntəqəsinə yanaşdıqda, ona vaksin vurulmur və “Əks-göstəriş sertifikatı” alması bildirilir.

Epilepsiya xəstələrinə koronavirus əleyhinə vaksinin vurulmaması barədə TƏBİB və Səhiyyə Nazirliyindən hər hansısa bir məlumata rast gəlinmir. Ancaq həmin şəxslərə də klinikalarda vaksin vurulmur. Onlar “əks-göstəriş sertifikatı”nın verilməli olduğu şəxslər kateqoriyasına aiddirlər.

Məsələ ilə bağlı Bizimyol.info saytına danışan Səhiyyə Nazirliyinin Mətbuat Xidməti rəhbəri Elvin Hacıyev bildirib ki, bununla bağlı tibb məntəqəsinə müvafiq sənədlər təqdim edilməlidir:

“Epilepsiya xəstələri “əks-göstəriş sertifikatı” üçün klinikaya müraciət etməli və tibb məntəqəsinə özü haqqında müəyyən sənədləri təqdim etməlidirlər. Bu, yaşadığı yer haqqında məlumatın qeyd olunduğu arayış, həmin xəstəliyi təyin edən analizlər və xəstəliyin təsdiqi ilə bağlı başqa sənədlər olmalıdır. Yaxud həmin klinika aidiyyatı sənədləri özündən istəyir və həmin sənədlər xəstəliyə rəy verən həkim komissiyasına yönləndirilir. Onların müvafiq qərarından sonra epilepsiya xəstəsi olan şəxsə “əsk-göstəriş sertifikatı” təqdim olunur. Həmin sertifikat isə, klinika tərəfindən verilə bilməz. Bunun üçün xüsusi komissiyaya xəstənin müraciət etdiyi klinika tərəfindən sənədlər təqdim edilməlidir. Bu proseslərdən sonra “əks-göstəriş sertifikatı” mümkün qədər tez bir zamanda verilir”

Paytaxt Bakıda yaşayıb, özü rayon qeydiyyatında olan bir çox sakinlərin üzləşdiyi problemlərdən biri də xəstəxanalarda qarşılaşdıqları “ünvan qeydiyyatı” məsələsidir. Naxçıvan qeydiyyatında olan sakin hər hansısa sənəd üçün xəstəxanaya, klinikaya yaxınlaşdıqda, ondan qeydiyyatda olduğu ünvan barədə arayış tələb olunur. Bu isə, vətəndaşın problemini iki qatına çıxarır.

Qeydiyyat məsələsi ilə bağlı problem təkcə Səhiyyə Nazirliyi və TƏBİB-in balansında olan xəstəxanalarda, tibb müəsisələrində yox, həmçinin digər qurumlarda da mövcuddur. Maraqlısı da budur ki, həmin problemlə qarşılaşanların çoxu Naxçıvan qeydiyyatı olan vətəndaşlardır və onlar öz kimlik vəsiqələrini almaq üçün mütləq Naxçıvana getməlidirlər. Bu isə, əlavə xərc tələb edir. “ASAN Xidmət” mərkəzləri Naxçıvan MR istisna olmaqla, digər bölgələrin sakini olan vətəndaşların kimlik, sənəd məsələlərini operativ qaydada həll edirlər. Ancaq Naxçıvan qeydiyyatında olan vətəndaşlardan yalnız Muxtar Respublikaya getmələri və kimlik vəsiqəsini ordan almaları tələb olunur. Muxtar Respublikada da sabit yox, səyyar “ASAN Xidmət” mərkəzləri mövcuddur. Fəaliyyəti operativləşdirilmiş və yeni sistemlərlə təmin olunmuş dövlət qurumlarının “kimlik vəsiqəsi” və “yaşayış yeri qeydiyyatı” barədə Naxçıvan sakinlərini get-gələ salması, anlaşılmaz məsələ olaraq qalır.

Mətin Şükürlü, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »