Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qeyri-neft sektorunun inkişafı həmişə diqqət mərkəzindədir
Qeyri-neft sektorunun inkişafı həmişə diqqət mərkəzindədir

Deputat Vahid Əhmədov: “Baş nazir Əli Əsədovdan qeyri-neft sektorunun inkişafına diqqətin artırılmasını xahiş etdim”

Azərbaycan prezidenti İlham Əliyev ölkə telekanallarına verdiyi müsahibəsində, 11 ayın yekunları ilə bağlı Azərbaycan xalqına məlumat verdiyini söyləyib: “Bu yaxınlarda ilin yekunları mənə təqdim edildi və nəticələr də gözlənilən kimidir. İqtisadi artım 5 faizdən çoxdur. Bu, çox gözəl göstəricidir, xüsusilə müharibədən çıxmış ölkə üçün. Ən sevindirici hal odur ki, qeyri-neft iqtisadiyyatımız 7,2 faiz artıb. Bu, onu göstərir ki, qeyri-neft sektorunun inkişafı ilə bağlı bizim bütün planlarımız həyatda öz əksini tapır. Sənaye istehsalına gəldikdə, həm ümumi sənaye istehsalımız 5 faizdən çox artıb, həm də qeyri-neft sənayemiz 20 faizə yaxın artıb. Hesab edirəm ki, bu, dünya miqyasında bəlkə də ən yüksək göstəricidir. Çünki biz neft amilini kənara qoysaq, real iqtisadi və sənaye artımı məhz bu rəqəmdə özünü əks etdirir” – deyə ölkə başçısı qeyd edib.

Prezident İlham Əliyevin bu sözlərinə münasibətini açıqlayan Milli Məclisin deputatı, iqtisadçı-ekspert Vahid Əhmədov Bizimyol.info saytına müsahibəsində, 2021-ci ildə ölkə iqtisadiyyatında mühim irəliləyişlərin olduğunu təsdiq etdi.

Vahid Əhmədov - Deputat Vahid Əhmədov

“Cənab prezidentin dediyi kimi, qeyri-neft sektorunda da ciddi artım baş verib. Bunun nəticəsində də ixracda da müəyyən irəliləyiş müşahidə edilib və ölkəyə kifayət qədər maliyyə vəsaiti daxil olub. Ölkədə sənaye parklarının tikintisi ilə bağlı İqtisadiyyat nazirliyinin apardığı siyasət müsbət nəticə verməkdədir. Bu gün həmin parklarda 10 mindən insan işləyir. Artıq Cəbrayıl və Ağdam rayonlarında yeni yeyinti sənaye parklarının tikintisi başlayıb. Hazırda da bu proses davam edir. Qeyri-neft sektorunun inkişafı həmişə diqqət mərkəzində olub. Bununla belə, bu sahənin daha da inkişaf etməsini istəyirik. Çünki, bu ölkə iqtisadiyyatının neftdən asılılığını azaldacaq”, - deyə Vahid Əhmədov qeyd etdi.

Ölkəmizdə bir neçə istiqamətli sənaye parklarının fəaliyyət göstərdiyini deyən deputatun sözlərinə görə, təkcə Sumqayıt sənaye parkındakı rezidentlərin sayı kifayət qədər çoxdur: “Burada vacib olan məhsullar istehsal olunur. Bu məhsullar həm ölkə daxilində istifadə olunur, həm də ixracı həyata keçirilir. Burada kimya, metallurgiya və s. sənaye sahələri mövcuddur. Neftçala rayonunda avtomobil zavodu fəaliyyət göstərir və burada istehsal olunan avtomobillərin ölkə daxilində satışı təşkil olunur”.

Yüngül sənaye sahələri ilə bağlı görülən işlərə gəlincə, müsahibimiz bildridi ki, əsasən emal sənayesinin inkişafına diqqət göstərilir: “Əsasən də toxuculuq sahəsi diqqətdə saxlanılır. Ümumiyyətlə, bütün sahələr nəzərə alınıb və bütün sahələrinin inkişaf etdirilməsi ilə bağlı bəzi işlər görülür. Qısa müddət ərzində sənaye parklarının yaradılması artıq öz səmərəsini verməkdədir. Bu prosesi davam etdirmək lazımdır ki, bütün rayonlarda da sənaye parkları yaradılsın”.

  • Prezident İlham Əliyevin dediyi kimi, qeyri-neft sektorunun inkişafı ilə bağlı bizim bütün planlarımız həyatda öz əksini tapır. Bu sahə tam inkişaf edərsə, neft sahəsindən asılılıq nə qədər nə qədər azalacaq?

Ölkəmizin neftdən asılılığının həddindən çox olduğunu söyləyən V.Əhmədov, parlamentdə dövlət büdcəsinin müzakirəsi zamanı bu məsələni daim gendəmdə saxladıqlarını qeyd etdi: “Dövlət Neft Fondundan 13,6 milyon manat dövlət büdcəsinə transfer olunub. Çünki, emal sənayesinin inkişafı üçün böyük vəsait tələb olunur. Təkcə Qarabağda gedən tikinti və quruculuq işləri ilə əlaqədar xeyli miqdarda vəsait ayrıldı. Hökumətin hesabatı zamanı baş nazir Əli Əsədova yaxınlaşaraq, Azərbaycanda qeyri-neft sektorunun inkişafı ilə bağlı ciddi problemlərin olduğunu söylədim və xahiş etdim ki, bu sektora diqqəti artırsınlar. Sektor inkişaf etməlidir ki, dövlət büdcəsinə daxil olan vəsaitin kiçik hissəsi neft sektorundan asılı olsun. Heç olmasa, cari xərclərimizin bu sahədən və ixracdan əldə edilən vəsait hesabına ödənilsin. Əgər diqqət göstərilməsə, neft sektorundan asılılıq bundan sonra da davam edəcək”.

Rövşən Ziya, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »