Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Belarusda güc strukturlarının əməkdaşlarını üzdən tanıyan sistem hazırlanıb
Belarusda güc strukturlarının əməkdaşlarını üzdən tanıyan sistem hazırlanıb

Belarusda 2020-ci ilin avqustundakı prezident seçkilərindən sonra etiraz aksiyaları amansızlıqla yatırılmışdı. Onda etirazçılar repressiyaya məruz qalmışdı. Belarus müxalifətinin üzdə olan nümayəndələri həbs edilmişdi.

Bizimyol.info xəbər verir ki, postosovet ölkəsində etirazçı kəsim repressiyalarda iştirak edən güc strukturlarının əməkdaşlarını cəzalandırmaq qərarına gəlib. Bunun üçün həmin şəxsləri üzdən tanıyan sistem hazırlanıb. “BYPOL” kiber-partizanların sayəsində ərsəyə gəlib. Onlar Belarus Daxili İşlər Nazirliyinin baza məlumatlarını ələ keçirib. Böyük arxiv yaradılıb.

“BYPOL” layihəsinin yaradıcıları indi foto və video materiallar toplayır. Görüntülərdə nəzərə çarpan güc strukturlarının əməkdaşlarının kimliyi baza məlumatlarının sayəsində dəqiqləşdirilir. Nümunə kimi Qazaxıstandakı aksiyalarda etirazçılara qarşı güc tətbiq edən polislərin necə müəyyənləşdirilməsi göstərilib.

“BYPOL”un nümayəndəsi Aleksandr Azarov alternativ mediaya müsahibəsində konkret nümunələrlə danışıb. Məsələn, kadrlardan birində güc strukturlarının əməkdaşları görünür. Azarov Sergey Şkuratın kimliyini necə müəyyənləşdirdiklərini göstərir. Başqa bir kadrda tankın üzərində əyləşmiş Dmitri Yatsık görünür. Yeqor Kişilo dəstələrdən birinin başında addımlayır. Dmitri Sobol əlində ratsiya tutub. Andrey Qançareviç uzaqda baş verənləri binoklla izləyir. Beləcə, güc strukturlarının xeyli əməkdaşının adı ortaya çıxarılıb.

Azarov danışır ki, əllərində çoxlu material toplanıb. İnsanlar hətta yaşayış binalarına soxulan polisləri də kameraya çəkib. Sıravi adamlar evlərinin qapısını döyən uniformalı şəxslərin fotolarını göndərir. Azarov deyir ki, gələcəkdə bu materillar həmin şəxslərə qarşı cinayət işi açmaqda kömək edəcək.

“Biz gələcəyi düşünürük. Amma təkcə bununla kifayətlənmirik. Araşdırmalarımız olacaq, kanalımızda yayımlayacağıq”.

Azarov bildirib ki, toplanan materialları Avropa İttifaqına da göndərəcəklər. Çünki alyans Belarus rəhbəri Aleksandr Lukaşenkonun cinayətlərinə aid sənədlərin yığılması ilə məşğuldur. Məsələ fevralda Avropa Parlamentində müzakirə olunacaq.

“BYPOL”un nümayəndəsi etirazçılara güc tətbiq edən hər kəsin məsuliyyətini dərk etməli olduğunu deyir. Onun fikrincə, cinayət tərkibli əmrlər yerinə yetirilməməlidir.

Azarov özü əvvəllər güc strukturlarında işləyib. Məhz cinayət tərkibli əmri yerinə yetirmək istəmədiyinə görə işindən ayrılıb. Azarov indi Varşavada yaşayır. “BYPOL” layihəsi üçün ayrılan ofis də Polşanın paytaxtında yerləşir.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »